Qısa ömrün mənalı
illəri
Görkəmli publisist, alim və ictimai xadim İsasultan Şahtaxtinski XIX əsrin ikinci yarısında Qafqaz Canişinliyinin mərkəzi Tiflisdə, Osmanlı imperatorluğunda dövlət qulluğunda fəaliyyət göstərib. O dövrün rusdilli mətbuat orqanlarında aktual mövzulu məqalələrlə çıxış edən qələm sahibi eyni zamanda poliqlot kimi də tanınıb.
İsasultan Nəcəfqulu oğlu Şahtaxtinski 5 iyul 1851-ci ildə İrəvan şəhərində dünyaya göz açıb. İbtidai təhsilini xüsusi müəllimdən alıb, sonra Naxçıvan şəhər ikisinifli rus məktəbdə oxuyub. 1865-ci ildə Tiflisdə tanınmış gürcü maarifçisi David Kipianinin pansionunda iki il hazırlıq keçir, yeni açılmış gimnaziyaya daxil olur.
O, 1871-ci ildə gimnaziya təhsilini uğurla başa vuraraq Sankt-Peterburq Əkinçilik İnstitutuna qəbul olunur. 1874-cü ildə institutu vaxtından əvvəl bitirir, diplomunu aldıqdan sonra vətənə dönür. Avropa ölkələrinə səyahətə çıxan İsasultan Parisin və Londonun məşhur elmi mərkəzlərində olur. Siyasi, iqtisadi elmlərə dair mühazirələr dinləyir. Sonra iki ilə yaxın İsveçrənin Sürix şəhərində yaşayır.
1876-cı ildə Tiflisə qayıdır, burada liberal istiqamətli “Tiflisski vestnik” qəzetində işə düzəlir. Qəzetin səhifələrində siyasi məsələlərlə bağlı analitik yazılarla çıxış edir. Onun “Naxçıvan və Kulpi duz mədənləri”, “Quba xanlığında əkinçilik” kimi yazıları oxucuların diqqətini çəkir. Birinci məqalədə 1876-cı ilin oktyabr ayında Naxçıvan duz mədənlərində uçqun nəticəsində insan tələfatından bəhs olunur və bədbəxt hadisənin hökumət dairələrində heç bir əks-səda vermədiyi diqqətə çatdırılır.
“Quba xanlığında torpaq sahibkarlığı” məqaləsində isə kənd təsərrüfatı, aqrar məsələlər üzrə mütəxəssis kimi fikirlərini bölüşür, Quba xanlığının tarixindən bəhs edir. Xanlıq dövrünün hadisələri, torpaq sahibkarlığı ilə bağlı faktları, xanlığın tənəzzülə uğrayaraq çar Rusiyasına birləşdirilməsindən söz açır.
İ.Şahtaxtinskinin geniş dünyagörüşünü, ərəb, fars, rus, alman, fransız dillərini mükəmməl bilməsini, ictimai fəallığını qısqanan bəzi dairələr onun əleyhinə “Kafkaz” qəzetində “Əyalətdə siyasət” adlı məqalə dərc etdirirlər. Məqalə müəllifi İ.Şahtaxtinskini “əyalət siyasətçisi” adlandırır, onu qonşu Osmanlı imperatorluğunda baş verən hadisələrin əsl mahiyyətini dərk etməməkdə günahlandırır. Müəllifin bu yersiz ironiyası, əslində onun özünün yox, bütünlükdə Qafqaz administrasiyasının İsasultana münasibəti haqqında təsəvvür yaradır...
İ.Şahtaxtinski 1885-ci ildə istefada olan kapitan Allahyar Ağalarovun qızı Səkinə xanımla ailə qurur. Onu da qeyd edək ki, Səkinə xanım ali təhsilli olub, rus dilini yaxşı bilib. Tiflisin zadəgan mühitində Sofya xanım Şahtaxtinskaya adı ilə tanınıb. Azərbaycan icmasının, xüsusilə də azərbaycanlı qadınların mədəni həyatda fəallığının artırılmasında yaxından iştirak edib.
Filologiya elmləri doktoru, professor Vilayət Quliyev araşdırmasında yazır ki, İ.Şahtaxtinski Tiflis, ümumən Qafqaz mühitində hamı üçün maraqlı olan bir mətbu orqanı nəşr etmək istəyir. O, yalnız ilk kitabını çapdan buraxdığı “Kavkazski almanax”la öz istəyinə müəyyən dərəcədə nail ola bilir.
O, 1879-cu ilin yanvarından Qars hərbi qubernatorunun (1877-78-ci illər Rusiya-Osmanlı müharibəsindən sonra Qars rusların əlinə keçmişdi - red.) dəftərxanasında xüsusi tapşırıqlar üzrə baş məmur vəzifəsinə təyin olunur. Həmin ilin mart ayında qubernator dəftərxanasındakı işində saxlanılmaqla Qafqaz ordusu və Qafqaz Hərbi Dairəsində baş məmur vəzifəsinə təyin edilir. 1880-1882-ci illərdə Qars Hərbi Qubernatorluğunun mülki işlər üzrə dəftərxanasının rəisi vəzifəsində çalışır.
1883-cü ildən ömrünün sonuna kimi dəftərxana rəisi vəzifəsində işləyir. O, Qarsda dövlət məmuru kimi deyil, həm də bir maarifçi, tədqiqatçı-alim və jurnalist kimi də fəaliyyət göstərib.
İ.Şahtaxtinski qəflətən xəstələnir, Qarsın sərt iqlimi onun müalicəsini çətinləşdirir. 1894-cü ilin avqustunda, ölümündən təxminən iki ay əvvəl Qarsın hərbi qubernatoruna ərizə ilə müraciət edir və yerli həkimlərin təkidi ilə təcili Tiflisə gəlir. Burada həkimlər onun ürək genişlənməsi xəstəliyinə tutulduğunu bildirirlər. Ona verilən tibbi arayışda belə qeyd olunmuşdu: “İsasultanın xəstəliyi o qədərdə qorxulu deyil. Mülayim iqlimi olan yerdə qocalana qədər yaşaya və xidmət göstərə bilər”.
Ancaq qocalana qədər yaşamaq ona nəsib olmur. Tanınmış publisist, alim və ictimai xadim İsasultan Şahtaxtinski 1894-cü il oktyabrın 17-də, 41 yaşında Tiflisdə vəfat edir, şəhərin “Botanika bağı” kimi məşhurlaşan müsəlman qəbiristanlığında dəfn olunur.
Savalan Fərəcov
Mədəniyyət.-2016.- 20 iyul.- S.15.