Mədəniyyət
və turizm naziri Milli Mətbuat Günü
münasibətilə jurnalistləri təbrik edib
Mədəniyyət
və turizm naziri
Əbülfəs Qarayev Milli
Mətbuat və Jurnalistika Günü
münasibətilə ölkəmizin jurnalist
ictimaiyyətini təbrik edib.
Təbrikdə
bildirilir ki, mətbuat
cəmiyyət həyatının, tarixi
proseslərin aynası, milli
düşüncənin, mənəvi dünyamızın
inikasıdır. 1875-ci ilin 22 iyulunda görkəmli maarifçi,
alim və publisist Həsən
bəy Zərdabinin nəşr etdirdiyi
“Əkinçi” qəzeti ilə xalqımızın milli oyanışında,
mədəni mühitimizdə yeni
üfüqlər açılmışdır. 141
yaşlı Azərbaycan milli mətbuatının
zəngin tarixi vardır.
“Əkinçi”nin idealları xalqımızın azadlıq və
inkişaf ideallarına çevrilərək
ölkəmizin gələcəyinə mühüm
töhfələr vermişdir. Həsən bəy Zərdabinin
açdığı cığırla inam
və sədaqətlə irəliləyərək milli mətbuatımızı irəli aparan fədakar ziyalılarımızı, qələm
sahiblərini minnətdarlıqla yada
salır, tarixi xidmətlərini unutmuruq.
Nazirin
təbrikində daha sonra
deyilir: “Milli mətbuatımız
müstəqillik illərində böyük
inkişaf yolu keçmişdir. Vətəndaş cəmiyyətinin
formalaşdırılmasında, milli birlik və tolerantlıq dəyərlərinin
möhkəmləndirilməsində Azərbaycan mətbuatı
böyük bir missiya yerinə yetirmişdir.
Dövlətimiz də kütləvi informasiya
vasitələrinin bu mühüm
rolunu həmişə dəstəkləmiş,
mətbuatın inkişafına, plüralizmin
təmin olunmasına şərait yaratmışdır”.
Təbrikdə
mədəniyyət və turizm mövzusunda yazan jurnalistlərin
fəaliyyəti, media mənsublarının
bu sahələrdə görülən
işlərin, eləcə də mövcud
problemlərin işıqlandırılmasında rolu xüsusi qeyd edilir: “Mədəniyyət
və Turizm Nazirliyi olaraq, mətbuat qurumları ilə əməkdaşlığa
hər zaman önəm verir,
mədəni irsimizin, incəsənətimizin,
ölkəmizin turizm imkanlarının təbliğində,
dünyaya tanıdılmasında kütləvi
informasiya vasitələrinin rolunu yüksək qiymətləndiririk”.
Əbülfəs
Qarayev sonda bir daha bütün
jurnalistləri Milli Mətbuat və Jurnalistika Günü
münasibətilə Mədəniyyət və Turizm Nazirliyinin kollektivi adından təbrik edib,
onlara cansağlığı, məsuliyyətli
və şərəfli işlərində yeni-yeni
uğurlar arzulayıb.
Mədəniyyət.-
2016.- 22 iyul.- S. 2.