Milli mətbuatımız bütün dövrlərdə qabaqcıl ideyaların carçısı olub

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Botanika İnstitutunda 22 iyul - Milli Mətbuat Günü münasibətilə tədbir keçirilib.

Əvvəlcə mərasim iştirakçıları Həsən bəy Zərdabinin institutun həyətindəki büstü önünə əklil və gül dəstələri qoyublar.

Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov əlamətdar gün münasibətilə jurnalistləri təbrik edib, 141 il şərəfli yol keçmiş mətbuatımızın tarixindən danışıb.

Qeyd edilib ki, Azərbaycanda söz, fikir və mətbuat azadlığının təmin edilməsində ümummilli lider Heydər Əliyevin tarixi xidmətləri olub. Ulu öndərin siyasətini davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə mətbuatın inkişafı, onun problemlərinin həlli, jurnalistlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində mühüm işlər görülüb.

Hazırda Azərbaycanda təxminən 200 qəzet, 100-dək jurnal, 50-dən çox televiziyaradio kanalı, 300-dən artıq fəal internet informasiya resursu, onlarla mətbuat yayımı şirkəti var. Gün ərzində bu informasiya vasitələrinə çıxış imkanı olan insanlar ümumi əhalinin təxminən 80 faizini təşkil edirlər.

Çıxış edənlər mətbuatın ölkəmizdə müasir cəmiyyət quruculuğu, milli həmrəyliyin və tolerantlığın möhkəmləndirilməsi, siyasi mədəniyyətin inkişaf etdirilməsi, mənəvi-əxlaqi dəyərlərin qorunub saxlanması və təbliği istiqamətində üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəldiyini qeyd ediblər.

 

Mədəniyyət.- 2016.- 22 iyul.- S. 2.