Azərbaycan müxtəlif dini icmaların birgəyaşayış məkanıdır

 

Londonda “Har Hazeitim” Komitəsinin təqdimat mərasimində ölkəmizdəki tolerantlıq mühitindən söz açılıb

Böyük Britaniya parlamentinin İcmalar Palatasında “Har Hazeitim” adlı tarixi qəbiristanlıq və məkanın qorunması üzrə komitənin təqdimat mərasimi keçirilib.

Şərqi Qüdsdə yerləşən ən qədim yəhudi qəbiristanlığı hesab olunanHar Hazeitimin Mühafizəsi üzrə Beynəlxalq Komitənin tərkibində təsis edilən qurumun təqdimat mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edib.

Azərbaycanın Böyük Britaniyadakı səfiri Tahir Tağızadə, Britaniya parlamentinin üzvü Metyu Offord, Qüds şəhəri merinin birinci müavini Ravvi Yosef Doyç, yəhudi icmasının rəhbərləri, qeyri-hökumət təşkilatlarının və dini tolerantlıq sahəsində fəaliyyət göstərən qurumların nümayəndələri də tədbirə qatılıblar.

Tədbirdə Azərbaycanın dini tolerantlıq və dözümlülük sahəsində əldə etdiyi nailiyyətlər yüksək qiymətləndirilib, xüsusilə ölkəmizdə yəhudi icmasına göstərilən diqqət və qayğı vurğulanıb.

Səfir T.Tağızadə Azərbaycanda mədəni müxtəlifliyin tarixi, fərqli dinietnik icmaların ahəngdar birgəyaşayışı haqqında məlumat verib. O, Azərbaycanda yəhudi icmasının əsrlərdən bəri sülh və əmin-amanlıq şəraitində yaşadığını diqqətə çatdırıb. Azərbaycanın antisemitizmin heç bir təzahürünə rast gəlinməyən nadir ölkələrdən olduğunu qeyd edən səfir multikultural yaşayış tərzinin dövlət tərəfindən dəstəkləndiyini, Prezident İlham Əliyevin 2016-cı iliMultikulturalizm ilielan etdiyini vurğulayıb.

Diplomat Heydər Əliyev Fondunun ölkə daxilində və xaricdə həyata keçirdiyi layihələrdən bəhs edib. Səfir, həmçinin Heydər Əliyev Fondunun multikulturalizm, mədəni irsin mühafizəsi və dini dözümlülük sahəsində reallaşdırdığı layihələr barədə məlumat verib.

 

Mədəniyyət.- 2016.- 22 iyul.- S. 2.