“Azərbaycan
- orijinal turizm istiqaməti”
Fransanın “Tourmag” portalında “Azərbaycan
- orijinal turizm istiqaməti” adlı məqalə
yayılıb. Fransa
Turizm Agentlikləri Milli
Sindikatının (SNAV) Bakıda keçirilən ənənəvi
illik konfransından sonra
bu ölkənin turizm
sahəsində ixtisaslaşmış agentlikləri ölkəmizin
turizm imkanlarını təbliğ edir.
Məqalədə
İl-de Frans regionunda fəaliyyət göstərən Turizm Müəssisələri Birliyinin
prezidenti xanım Mişel
Laje-Erbonun toplantı üçün
Bakını seçməsinin təsadüfi
olmadığı qeyd edilir.
Mişel Laje-Erbonun əsas
məqsədi turizm, konqreslər və işgüzar sahələr üçün
əsl imkan və yeni
istiqamət olan Bakını kəşf
etmək olub. Yazıda Bakının
möhtəşəm şəhər olduğu
diqqətə çatdırılır. Xüsusilə,
paytaxtımızın XIX əsrin sonu, XX əsrin
əvvəllərinə aid memarlıq üslubunun turizm agentliklərinin
nümayəndələrini heyran etdiyi bildirilir.
Müəllif
Bakının bu gün
tam təhlükəsiz yeni
turist istiqaməti olduğunu
vurğulayır, müalicə turizmi ilə
məşhur olan Naftalan
şəhərindən, tarixi və mədəni
abidələrimizdən, Qobustandan söz açır. Azərbaycan mətbəxinin
yüksək qiymətləndirildiyi məqalədə Gəncədə
keçirilən “Şərab festivalı”ndan da
bəhs edilir.
Məqalənin
müəllifi Azərbaycanın Fransadakı səfirliyindən
ölkə haqqında, onun tolerantlıq, multikulturalizm nümunəsi olması barədə
daha geniş məlumat
aldıqlarını bildirir.
Yazıda
turistlərə Bakını heç bir şəhərlə müqayisə etməmək,
gəlib onun özünəməxsus
xüsusiyyətləri ilə tanış olmaq
məsləhət görülür.
Xatırladaq
ki, 70 fransalı turizm
mütəxəssisinin iştirak etdiyi Bakı toplantısı çərçivəsində
Fransada Azərbaycanın yeni
turizm istiqaməti kimi
təbliği məqsədilə Mədəniyyət və Turizm Nazirliyi ilə Fransa Turizm Agentliklərinin
Milli Sindikatı arasında memorandum imzalanıb.
Mədəniyyət.-
2016.- 22 iyul.- S. 4.