Sərt
üslub arxasındakı palitranın sehri
Xalq rəssamı Vidadi Nərimanbəyovun sərgisi başa çatdı
İyulun
20-də Azərbaycan Milli İncəsənət
Muzeyində Xalq rəssamı Vidadi Nərimanbəyovun (1926-2001) 90 illiyinə
həsr olunmuş sərgi başa
çatdı. Görkəmli fırça ustalarının
belə sərgiləri sənətsevərlər üçün böyük
mənəvi qənimətdir. Sərginin sonuncu günü mən də
rəssamın yaradıcılığı ilə daha yaxından tanış olmaq
imkanı əldə etdim.
Muzeyin
beş zalında rəssamın 32 əsəri
yer almışdı. Sərgilənən
əsərlərin mövzu
baxımından çoxu müəllifin
iştirakçısı olduğu İkinci Dünya
müharibəsinə həsr etdiyi tablolar idi.
Müəllifin
bu mövzuda əsərləri
həcminə görə o birilərdən
böyükdür. Rəssam həmin əsərlərində
sovet əsgərlərinin
döyüşkən, qorxmaz
obrazlarını yaratmağa
çalışıb. Sözügedən tablolar
həm də sərt üslubda işlənməsinə
görə seçilir. Obrazların
üzlərində, əllərində, hətta geyimlərin
qırışlarında dərin bir sərtlik
görünür. Rəssam
bəlkə də savaşın ağrı-acısını
daha qabarıq vermək üçün
sərt üsluba müraciət edib. “1941-ci il”,
“Bakılıların xatirəsinə”, “Yolda”,
“Müharibə yollarında”, “1945-ci ilin
baharı”, “Müharibə uşaqları”, “Adsız yüksəkliklərdə”,
“Yolasalma”, “Xatirə”, “Bayraq”
əsərlərində insanda müharibəyə
qarşı dərin nifrət, döyüşə
çağıran məqamlar daha
qabarıqdır. Bu əsərlərdə
qara və qırmızı rənglərin
üstünlüyü aydınca sezilir. Bu rəsmlər həm
də onu göstərir ki,
V.Nərimanbəyov sovet dönəminin bir çox yaradıcı
insanları kimi ideologiyanın yalan təbliğatına ürəkdən inanaraq onun yolunda
öz istedadını sərf edib.
Rəssamın
Azərbaycanın müstəqilliyini tərənnüm edən
əsəri də diqqətçəkəndir. Bu baxımdan onun
1996-2000-ci illərdə yaratdığı “Vətən
bayrağı altında” əsəri maraq
doğurur. İrihəcmli əsərdə
üçrəngli bayrağımızın altında
döyüşkən Azərbaycan əsgərləri təsvir
olunub.
V.Nərimanbəyovun
əsərləri içərisində portretlər ayrıca
yer tutur. Belə ki, “İnteryerdə
qız”, “Qaçaq Nəbi”, “A.Semyonovun portreti”, “Briqadir S.Məmmədovun portreti”,
“Ana portreti”, “Tutqun üz” əsərləri
yüksək ustalıqla işlənib. Özəlliklə “Tələbə
qız”, “Nəzifənin portreti” əsərləri
məni öz qarşılarında daha çox dayanmağa, həm obrazın ovqat və daxili
dünyasını duymağa məcbur edir. Bu işlərə
baxarkən rəssamın ustalığına heyran
olmaya bilmirsən.
Xalq
rəssamları Vidadi Nərimanbəyovla Toğrul Nərimanbəyov qardaş
olublar. Birincinin
adı çəkiləndə insanın ağlına ilk olaraq sərt üslubun tanınmış nümayəndəsi
gəlir. İkincini isə daha çox
nağılvarı əsərləriylə
xatırlayırlar. Hər iki
qardaşın yaradıcılıqları arasında fərq
aydınca gözə dəyir.
Sərgidə
Vidadi Nərimanbəyovun qardaşı kimi nağıllaşdırma istəyilə
yaratdığı əsərləri də yer
almışdı. Bu baxımdan “Leyla və yolunu azmış
göyərçin”, “Yay”, “Zəncirotu” əsərlərində
rəssam qardaşının üslubuna
yaxınlaşır.
Beləliklə,
Vidadi Nərimanbəyovun başa
çatan bu sərgisi
ona tamaşa edən hər
kəsdə təkrarolunmaz duyğular
yaratdı.
S.Qaliboğlu
Mədəniyyət.-
2016.- 22 iyul.- S. 5.