Moskva və Milan
təəssüratları, bir də Prokofyevin marşı
İyulun
20-də Azərbaycan Musiqi Mədəniyyəti
Dövlət Muzeyində “Muzey-musiqi-multikulturalizm”
adlı tədbir keçirildi.
"Multikulturizm ili"nə həsr olunmuş tədbirlər silsiləsindən olan görüşə muzeyin
"Klassik musiqi həvəskarları"
klubunun üzvləri, muzey
işçiləri, mətbuat nümayəndələri
toplaşmışdı. Muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova son aylarda
iştirakçısı olduqları tədbirlər - mayın
13-dən 16-dək Moskvada keçirilmiş
“İntermuzey-2016” beynəlxalq festivalında, 3-9 iyul tarixində İtaliyanın Milan şəhərində Beynəlxalq Muzeylər
Şurasının (İCOM) Baş
Assambleyasının “Muzey və mədəni
landşaft” mövzusunda
24-cü Baş konfransı barədə məlumat
verdi.
Direktor
ölkəmizdəki multikulturalizm ənənələrindən
bəhs edərək muzeyin fondunda təkcə milli
musiqimizə və azərbaycanlı musiqi
xadimlərinə dair materialların deyil, digər xalqların musiqi
irsinə dair materialların, müxtəlif
xalqların milli musiqi
alətlərinin də saxlandığını söylədi.
Bildirdi
ki, müxtəlif ölkələrdən
315 muzeyin qatıldığı
"İntermuzey-2016" festivalında ölkəmizdə
musiqiyə göstərilən qayğı və bizim digər xalqların musiqi
xadimləri ilə dost və
yaradıcılıq münasibətlərindən bəhs edən
“Sizdən danışırıq" ekspozisiyası təqdim
edilib. Muzeyin nəzdindəki Qədim
Musiqi Alətləri Dövlət
Ansamblının solisti Davud
Abdullayev isə bu il 125 illiyi qeyd
edilən böyük rus
bəstəkarı Sergey Prokofyevin
"Üç portağala
məhəbbət" operasından marşı tar üçün
işlənmiş variantda ifa
edib.
Daha
sonra tədbirdə muzeyin
şöbə müdiri Xanım Abdinova görkəmli rus bəstəkarı
D.Şostakoviçin anadan
olmasının 110-cu illiyi münasibətilə
“Dmitri Şostakoviç
və Azərbaycan musiqi mədəniyyəti”
mövzusunda çıxış etdi. XX əsrdə dünya
musiqisinin inkişafında böyük
rol oynamış dahi musiqiçinin Azərbaycan bəstəkarları
ilə şəxsi dostluğu, Qara Qarayev və Cövdət
Hacıyevin sənət müəllimi olması barədə
maraqlı faktlar diqqətə
çatdırıldı.
Çıxışlar
mövzuya uyğun slayd-şou ilə, həmçinin musiqi nömrələri ilə müşayiət
olundu. Davud Abdullayev Moskva
festivalında çaldığı marşı, Bakı Musiqi Akademiyasının tələbəsi,
beynəlxalq müsabiqələr laureatı Fuad
Əlizadə isə D.Şostakoviçin
fortepiano üçün
prelüdlərini ifa etdilər.
G.Mirməmməd
Mədəniyyət.-
2016.- 22 iyul.- S. 5.