Qəbələdə
beynəlxalq konfrans keçirilib
İyulun
20-də Qəbələ şəhərində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi,
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi,
Müəllif Hüquqları Agentliyi və
Azərbaycan Respublikasının Alban-Udi Xristian Dini
İcmasının birgə təşkilatçılığı
ilə “Alban Apostol
kilsəsinin keçmişi və bu günü” mövzusunda beynəlxalq konfrans
keçirilib.
“Multikulturalizm ili”nin tədbirlər planına əsasən
keçirilən konfransda Norveç,
Türkiyə və Rusiyadan albanşünas mütəxəssislər,
tarixçilər, Qəbələdə keçirilən “Multikulturalizm yay məktəbi”nin
16 ölkədən dinləyiciləri və 20 iyul - “Beynəlxalq Udi mədəniyyəti
günü”
münasibətilə müxtəlif ölkələrdən tarixi vətənləri olan
Azərbaycana toplaşan udilər iştirak ediblər.
Açılış
mərasimində Azərbaycan Respublikasının millətlərarası,
multikulturalizm və dini
məsələlər üzrə dövlət müşaviri Kamal Abdulla, Dini Qurumlarla
İş üzrə Dövlət Komitəsinin
sədri Mübariz Qurbanlı, AMEA-nın vitse-prezidenti, Milli Məclisin
Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli, Müəllif
Hüquqları Agentliyinin sədri Kamran İmanov, Suriya avtokefal kilsəsi Deir-al-Zafaran monastırının mitropoliti Salib Özmen, Alban-Udi Xristian Dini
İcmasının sədri Robert Mobili çıxış edib.
Çıxışlarda
“Multikulturalizm ili”ndə görülən
işlərdən, Azərbaycanda yaşayan
azsaylı xalqlara, müxtəlif dinlərə
etiqad edənlərə yaradılan şəraitdən
danışılıb. Qeyd olunub ki, ölkəmizdə
millətlərarası münasibətlər yüksək səviyyədə
qurulub, dinlərarası ünsiyyət təmin
edilib, Azərbaycan tolerant
ölkə kimi dünyada
nümunəyə çevrilib. Bildirilib ki, multikulturalizm çoxmədənilik, fərqli
mədəniyyətlərin birgə yaşaması,
ayrı-ayrı insanların bir-birinin mədəniyyətinə
və dünyagörüşünə hörmətlə
yanaşmasıdır. Azərbaycanda 2016-cı ilin
“Multikulturalizm ili” elan edilməsi bütövlükdə
xalqımızın tarixi mədəniyyətinin
bir daha parlaq şəkildə nümayişidir.
Çıxışlarda
vurğulanıb ki, 1836-cı ildə çar Rusiyasının Müqəddəs Sinodunun razılığı ilə Alban kilsəsinin ləğv olunaraq
erməni Qriqorian kilsəsinə birləşdirilməsi
nəticəsində albanlara, o cümlədən udilərə qarşı
böyük ədalətsizlik edilib. Hazırda udilərin
hüquqlarının və ədalətinin bərpası
istiqamətində işlər görülür.
Azərbaycan hökuməti bu məqsədlə
Alban-Udi İcmasına lazımi dəstək
verir, icmanın fəaliyyəti üçün şərait yaradır.
Konfransda
Azərbaycan Müəllif Hüquqları Agentliyinin
sədri Kamran İmanov
“Qafqaz Albaniyası və tarixi-coğrafi
aspektdə genetik təhlil”, Norveçin Oslo Dövlət
Universitetinin professoru,
tarix elmləri doktoru Byorn Veqqe “Yerusəlimdən
Kişə”, Alban-Udi Xristian
Dini İcmasının sədri, Bakı
Dövlət Universitetinin baş
elmi işçisi Robert Mobili “Alban apostol
avtokefal kilsəsinin varisi
kimi Azərbaycanın Alban-Udi
Xristian İcması” mövzusunda
məruzə edib.
Sonra konfrans işini plenar iclaslarla davam etdirib. Yerli və xarici
albanşünas mütəxəssislər,
tarixçilər mövzu
üzrə məruzələr
edib, müzakirələr
aparıblar.
Tədbirdə Qəbələ əhalisinin
zəngin etnik tərkibindən söz açılıb. Qeyd olunub ki, rayonda azərbaycanlı əhali ilə yanaşı, ləzgilər,
udilər, digər millətlərin nümayəndələri
mehriban şəraitdə,
vahid ailə kimi yaşayır. Ümumtəhsil məktəblərinin ibtidai siniflərində ləzgilər və udilər üçün
ana dillərində dərslər tədris olunur. Qəbələ şəhərinin 2, Nic qəsəbəsinin 3 məktəbində
tədris rus dilində aparılır.
Rayonda olan 22 müsəlman (43 məscid)
və 1 xristian icması (Alban kilsəsi) fəaliyyət göstərir,
hər kəsə dini inancını və ayinləri icra etmək üçün lazımi
şərait yaradılıb.
Bu gün udilərin
kompakt şəkildə
yaşadığı yeganə
məkan, onların tarixi vətəni olan Qəbələ rayonunun Nic qəsəbəsidir.
Burada udilərin tarixi qorunub saxlanılır və araşdırılır.
Onların dil, din, özünəməxsus
mədəniyyət və
adət-ənənələri inkişaf etdirilir, udi xalqının qədim məbəd və kilsələri, tarixi abidələri bərpa olunur, qorunur.
Konfrans
iştirakçıları Nic qəsəbəsinə
səfər edərək, Müqəddəs Yelisey
Alban kilsəsi ilə tanış olublar, həmçinin “Beynəlxalq Udi mədəniyyət günü”nə həsr
olunmuş tədbirlərə
qatılıblar.
Mədəniyyət.-
2016.- 22 iyul.- S. 7.