Çimərlik
turizmi: dünya təcrübəsi
və standartları
Çimərliklər
dünya turizm sənayesində
ən gəlirli sahələrdən biridir.
Əksər insanlar ilin
isti günlərini dəniz sahilində
istirahət mərkəzlərində keçirməyə üstünlük verirlər. Hər il minlərlə xarici turist bu məqsədlə
səyahətə çıxır. Dəniz sahilində yerləşən
ölkələr də təbiətin onlara
bəxş etdiyi bu sərvətdən
məqsədli istifadə edərək bu turizm növündən böyük
mənfəət götürürlər.
Azərbaycanın
Xəzər sahili bölgələrində
çimərlik turizminin inkişaf
etdirilməsi üçün də əlverişli
imkanlar var.
Araşdırmalara görə, bu, şimaldan cənuba 850 km-lik
sahilyanı zolaq boyunca
ərazilərin 60-70 faizində çimərlik turizmini inkişaf etdirmək
mümkündür. Hazırda sahilyanı
ərazilərimizdə 90-dan çox
çimərlik var, yenilərinin
salınması davam edir.
Hər il çimərlik mövsümü
başlamazdan öncə dəniz suyunun monitorinqi
aparılır, çirkli suyu
olan ərazilərdən istifadəyə qadağa qoyulur, çimərliyə
yararlı ərazilər isə elan olunur. Amma ölkəmizin bu sahədə olan
potensialını nəzərə alsaq
görərik ki, Xəzər dənizindən
çimərlik məqsədilə istifadə yetərincə
deyil. Sözügedən ərazilərdə
çimərliklərin, istirahət mərkəzlərinin
yaradılması, kottec, sanatoriya
kimi məkanların istifadəyə verilməsi,
ölkəmizə xarici turistlərin
axınına şərait yarada bilər.
Çimərlik
turizmi zonalarının yaradılması üçün qoyulan
başlıca tələblər suyun təmizliyi,
müvafiq infrastruktur
və turizm xidmətlərinin səviyyəsi
ilə bağlıdır. Çimərlik turizmi
sahəsində xüsusi yeri
olan İspaniya,
Türkiyə, Yunanıstan, Fransa və
digər ölkələrin bu sahədə
böyük təcrübəsindən yararlanmaq olar.
“Mavi bayraq” nədir?
Müasir
dövrdə çimərlik turizmində başlıca məqsəd
daha yüksək xidmətlər təklif
etməklə, daha çox
turist cəlb etməkdir. Bunun
üçün çimərliklər
müxtəlif fərqləndirici əlamətlərlə
özlərini tanıtmaqdadırlar.
Ən
yüksək səviyyəli xidmətlər göstərən
çimərliklərə verilən “mavi
bayraqlar” nədir və onun
verilməsi üçün hansı tələblər
qoyulur?
“Mavi bayraq” kampaniyası
1987-ci ildən Avropa Ətraf Mühit Təhsili Təşkilatı tərəfindən
həyata keçirilir. Əvvəlcə
11 Avropa Birliyi ölkəsində,
daha sonra 22 digər
ölkədə müvəffəqiyyətlə tətbiq olunub. 2001-ci ildən isə Avropa
xaricindəki ölkələrin tələblərindən
dolayı kampaniyanın əhatəsi
genişləndirilib və Avropa Ətraf Mühit Təhsili Təşkilatı dünya miqyasında Beynəlxalq Ətraf Mühit Təhsili Təşkilatı (FEE)
adlandırılıb.
“Mavi bayraq” ən yüksək
meyarlara cavab verən
çimərliklərə Avropa Birliyi “Çimərlik suyu
direktivi”nə uyğun olaraq
FEE tərəfindən verilən nümunəvi xidmət
göstəricisidir. “Mavi bayraq” sertifikatı 4 meyar
üzrə müəyyənləşir - suyun
təmizliyi, ekologiyanın qorunması, təhlükəsizlik
və istirahət edənlərin məlumatlandırılması.
Burada lazımi sayda zibil qutusunun yerləşdirilməsi,
tullantıların vaxtlı-vaxtında daşınması, ev heyvanlarının çimərliyə girişinin beynəlxalq qanunlara
görə müəyyən edilməsi, nəqliyyat
vasitələrinin hərəkətinin məhdudlaşdırılması,
yetərli sayda xilasedicilərin mövcudluğu, ətrafı çirkləndirə
biləcək qəza risklərinə qarşı tədbirlərin
vaxtında həyata keçirilməsi kimi
vacib məsələlər də əsas
götürülür.
Bayraqla
təltif edilmə üçün
çimərliklər müəyyən edilmiş
meyarlara uyğun olaraq mütəxəssislər tərəfindən
qiymətləndirilir. “Mavi bayraq”
çimərliyin diqqətçəkən hissəsinə
sancılır və bu, çimərliyin
yüksək imic qazanmasına xidmət edir. Ancaq proses
bununla da
yekunlaşmır. Bayraqla təltif edilən çimərliklərdə
müntəzəm olaraq yoxlamalar
təkrarlanır. Əgər çimərlikdə suyun təmizliyi, göstərilən xidmətlərin
səviyyəsi, xilasedicilərin sayı, dəniz kənarının
təmizlik səviyyəsi, kölgəlik, duş,
sürüşkənlər, hətta sanitar
qovşaq kabinələrinin vəziyyəti
standartlara cavab verməzsə,
bayraq geri
alınır və ondan istifadəyə qadağa qoyulur.
Qeyd
edək ki, “mavi bayraq” statusu bölgənin
turizm potensialının inkişafına
müsbət təsir edir. 2016-cı ildə
İspaniya növbəti dəfə ən
təmiz və təhlükəsiz çimərliklərə
sahib ölkə seçilib.
Bu il İspaniya
“ən yaxşı çimərliklər” nominasiyasında öz rekordunu yeniləyib.
Ekoloji və İstehlakçılar
Maariflənməsi Assosiasiyasının (ADEAC) məlumatına
əsasən, İspaniyada bu
il 586 “mavi bayraq” sertifikatına sahib
çimərlik qeydə alınıb. Bu
ölkədə ən yaxşı yay
istirahəti üçün regionlar sırasında Valensiyanın adı
çəkilir - burada 125 “mavi
bayraq” işarəli çimərlik var. Siyahıda növbəti yerləri Qalisiya (123), Kataloniya (98),
Əndəlüs (76) və s. tutur.
Reytinq
cədvəlində ikinci yerdə 444 “mavi bayraqla” Türkiyə,
daha sonra isə
Yunanıstan (430), Fransa (400) və Portuqaliya (315) gəlir.
Türkiyədə
2000-ci ildə 97 “mavi bayraq”lı çimərlik
var idisə, bu gün onarın sayı 444-ə
çatıb. Türkiyədə “mavi
bayraq”lı çimərliklər sırasında birinci yerdə Antalya, digər
yerlərdə isə Muğla, İzmir, Aydın bölgələridir.
Beynəlxalq
səviyyəli bu mükafatı almaq isə hər çimərliyin öz işini yüksək
səviyyədə həyata keçirməsinin göstəricisi
olaraq turistlərin diqqətini cəlb etməkdədir.
Azərbaycanda olan çimərliklərdən
hələ heç biri
“mavi bayraq” almayıb.
Ümid edək ki,
yaxın vaxtlarda ölkəmiz çimərlik
turizminin yaradılmasında mövcud olan
potensialından daha səmərəli
istifadə edəcək. Çimərliklərimiz də dünya standartlarında xidmətlər təklif
edərək bayrağa layiq görüləcək.
Fariz Hüseynov
Mədəniyyət.-
2016.- 22 iyul.- S. 9.