Metro keçidindən boylanan kinokadrlar
Milli kino tariximizi əks etdirən fotosərgi maraqla qarşılanır
Xəbər
verdiyimiz kimi, iyulun 15-də metronun “Gənclik”
stansiyasının keçidlərində “Bakı Metropoliteni” QSC-nin təşkilatçılığı,
Mədəniyyət və Turizm Nazirliyi və Dövlət Film
Fondunun dəstəyi ilə “Metro Gallery” layihəsi
çərçivəsində “Azərbaycan kinosu”
adlı sərgi açılıb.
“Lenovo” şirkətinin sponsorluğu
ilə keçirilən sərgi 2 avqust -
Azərbaycan Kinosu Gününə həsr
olunub. Sərgidə 78 filmdən 92 kadr və kadrarxası maraqlı fotolar nümayiş olunur. Layihə 6 ay paytaxt sakinləri və şəhərimizin
qonaqlarının ixtiyarında olacaq.
Biz
də sərgi ilə tanış olub reportaj hazırlamaq istədik. Metroya
daxil olan və metrodan çıxan sərnişinlər - kimi ötəri, kimi də
ayaq saxlayaraq - fotosərgiyə
baxırlar. Bu arada metro keçidindəki polislər əlimizdə
fotoaparatı görüb metropolitendə
çəkilişə icazə verilmədiyini diqqətə
çatdırırlar. Lakin biz təkcə sərgini çəkəcəyimizi
bildirir və onların
razılığını alırıq...
Gənc,
yaşlı, tələbə, müəllim,
iqtisadçı, xoreoqraf - müxtəlif
təbəqədən insanların sərgiyə münasibəti
də fərqlidir. Ayaq saxlayıb kinolardan kadrlara diqqətlə
baxan sərnişinlərə
yaxınlaşıb fikirlərini öyrənirik.
İlk
olaraq sərgini maraqla
seyr edən ailəyə
yaxınlaşıram. Nuriyevlər ailəsinin
başçısı Elnur bəy ixtisasca iqtisadçı olduğunu
deyir və Azərbaycan filmlərindən
kadrların geniş ictimaiyyətə təqdim
edilməsini razılıqla qarşılayır. Bildirir ki, maraqlı layihə
nəticəsində çoxdandır unutduğu
filmləri xatırlayır və boş
vaxtında həmin filmləri izləməyi düşünür.
Xoreoqraf
Tamilla xanım ilk dəfədir
belə bir sərgi ilə
rastlaşdığını bildirir. Deyir ki, dünən buradan
keçərkən sərgini gördüm
və evə qayıdıb oğlumu da gətirdim ki, o da baxıb filmlərimizlə
maraqlansın. Çünki fotolarda məlumatlar da yer alıb və insanların filmlər
haqqında ətraflı öyrənmək imkanları var. Həmsöhbətim
bizdən sərginin təşkilatçıları barədə
məlumat aldıqdan sonra layihəni
gerçəkləşdirən insanlara qəzetimiz
vasitəsilə təşəkkürünü bildirməyi
də unutmadı. Qeyd etdi
ki, bu cür
sərgilər təkcə metroda deyil, şəhərin müxtəlif istirahət
parklarında və guşələrində yaradılsa,
gənc nəsil daha çox
maariflənər.
Almaniyada
yaşayan həmvətənimiz Ayxan Əsədov da
Bakı metrosunda belə bir
layihəni müsbət qarşıladığını deyir. Vaxtilə incəsənət
sahəsində fəaliyyət göstərdiyini, Almaniyaya gedəndən sonra
biznes sahəsində
çalışdığını deyir,
kinomuzun bu şəkildə
təbliğindən məmnunluğunu ifadə edir: “Ötən illərin filmlərinin fotolardan boylanan kadrları
insanda nostalji hisslər
yaradır. Bu fotolarda
korifey sənətkarlarımız
yaşayır. Bu layihə həm də
onları tanıdır, xatırladır, yaşadır”.
Daha bir müsahibimiz Elnur ADA Universitetinin tələbəsidir. O, sərgiyə ən çox vaxt ayıranlardan biri idi. Hər fotoya
diqqətlə baxırdı.
Söhbətimiz zamanı
milli filmlərimizi çox sevdiyini, fotoları da maraqla qarşıladığını
vurğuladı: “Sərgi
həm də milli kinomuzun təbliğidir. Son illərdə lentə alınan filmlərdən də kadrları görmək istəyərdim.
Bununla da gənclərdə kinoya marağı artırmaq mümkündür”.
Bir saata yaxın müddətdə sərgi
ərazisində olduq və insanların sərgiyə böyük
maraq göstərdiyini
gördük.
Xatırladaq ki, “Gənclik” stansiyasındakı bu sərgi ilk təşəbbüs
deyil. Ötən ilin iyulunda da burada fotoəsərlərdən
ibarət sərgi paytaxt sakinlərinin ixtiyarına verilmişdi.
Həmin
layihə çərçivəsində
Mədəniyyət və
Turizm Nazirliyinin dəstəyi ilə keçirilən ənənəvi
“İlin fotoqrafı” müsabiqəsində qalib
olan fotolar sərgilənmişdi.
Lalə Azəri
Mədəniyyət.-
2016.- 22 iyul.- S. 11.