Peşə bayramında kino ekranındakı həmkarlar haqqında

 

Bu gün bizim peşə bayramımızdır. Bayram, istirahət bilmədən çalışan, heç vaxt işi bitməyən jurnalistlərin bayramıdır. 141 il əvvəl təməli "Əkinçi" ilə qoyulan Azərbaycan milli jurnalistikasının tarixi qədim olmasa da, ictimai həyatda hər zaman mühüm rol oynayıb. Ədiblərimiz, dramaturq və ssenaristlərimiz bizləri də ara-bir yada salıblar. Bu yazıda da Azərbaycan kinosu ekranından tanıdığımız həmkarlar, bədii filmlərdəki jurnalist obrazları barədə söz açmaq istədik.

 

"Qəzetlər padşahı" Rza bəy

 

1956-cı ildə ekrana çıxan və bu günədək sevilərək izlənilən “O olmasın, bu olsun" filmindəki Rza bəydən başlayaq. Əslində dahi Üzeyir bəy öz operettasının librettosunda elə səlist məqamları tutmuşdu, elə dolğun tipajlar yaratmışdı ki, əsərin kino versiyasının uğur qazanmaması mümkün deyildi. Üstəlik rejissor Hüseyn Seyidzadə bu ekran işində görkəmli aktyorların möhtəşəm ansamblını yaratmışdı.

SSRİ Xalq artisti, xarakterik obrazlar qalereyası ilə adını Azərbaycan aktyorluq sənəti tarixinə qızıl hərflərlə yazmış İsmayıl Osmanlının yaratdığı qəzetçi Rza bəyi bu gün də gerçək qəzetçiliyə üzqarası olan bəlli kəsimin sələfi hesab etmək olar. Rza bəyin redaksiyada "Molla Nəsrəddin" jurnalının onu tənqid etməsindən qeyzləndiyi epizodda özünü "qəzetlər padşahı" adlandırması, Mirzə Cəlili öz qəzetəsində yıxıb sürüyəcəyini bəyan etməsi səhnəsini yada salaq. Rüstəm bəy onu qonaqlığa çağırır, Rza bəy də onu “yarınkı qəzetəsində” göylərə qaldıracağını deyir. Amma gün gəlir ki, həmən bu Rza bəy pul müqabilində Rüstəm bəyi "qəzetdə biabır etməyə, lap atasını yandırmağa" da hazırdır.

Xatırladaq ki, Üzeyir Hacıbəyli "O olmasın, bu olsun"u qələmə aldığı dövrdə qəzetçiliklə məşğul olurdu və Həsən bəy Zərdabinin təməlini qoyduğu maarifçilik ənənələrini davam etdirən gənc milli jurnalistikaya can-başla xidmət edirdi. Operettada Mirzə Cəlil, yaradıcılığı "Molla Nəsrəddin" jurnalında parlamış Mirzə Ələkbər Sabir və Əzim Əzimzadə obrazları yoxdu, filmdə isə biz onları görürük. "Molla Nəsrəddin" jurnalının redaksiyasında çəkilən epizod, gənc tələbə Sərvərin Gülnaza qovuşmaq planını məhz Mirzə Cəlilə etibar etməsi ssenari əlavəsidir.

Hətta film ekranlara çıxanda quruluşçu rejissor Hüseyn Seyidzadə ilə ssenari müəllifi Sabit Rəhmanı tarixi faktın təhrif edilməsində, yəni "Molla Nəsrəddin" jurnalının redaksiyasını Tiflisdən Bakıya köçürməkdə qınayanlar da olmuşdu. Amma sırf jurnalistika təəssübkeşliyi nəzərindən "O olmasın, bu olsun"a baxanda fərqinə varırsan ki, əgər filmdəki “molla nəsrəddin”çilər olmasaydı, elə görünərdi ki, sanki Rza bəy kimiləri dövrün milli jurnalistikasının ümumiləşdirilmiş simasıdır.

 

"Məqalə nə məqalə!"

 

Maraqlıdır ki, "O olmasın, bu olsun" filminin ssenari müəllifi, Azərbaycanın böyük komedioqrafı Sabit Rəhman ilə Süleyman Ələsgərovun "Ulduz" operettasında da Müxbir obrazı var. 1964-cü ildə ekranlara çıxmış filmin quruluşçu rejissoru Ağarza Quliyev, ssenari müəllifləri isə rejissorla yanaşı, Hüseyn NəcəfovYuli Fogelmandır. Filmdə Bakıdan gəlmiş təcrübəçi tələbələrin kolxozda nə işlə məşğul olduğu barədə yazı hazırlayan rayon qəzetinin müxbirini epizodik rollar ustası Fazil Salayev oynayır. Maraqlıdır ki, Müxbir filmdə, demək olar ki, danışmır. Sadəcə, kollektiv şəkil çəkmə məqamında bir-iki söz deyir. Lakin Fazil Salayevin ustalığı ondadır ki, bir kəlmə danışmadan iri göy gözlərinin mənalı baxışları, üzünün işlək mimikası və hətta Gülümsərovun onu tələbələrlə birlikdə gördüyü an "yoldaş müxbir, deyəsən, sizin press-konferansınız var?" sualına da adicə istehzalı təbəssüm və boş bir şeyin baş verdiyinə işarə kimi əlini yelləməsi çox söz deyir. Müxbirin dinməzliyi Gülümsərova şübhəli görünüro, Möhsünə qonağı layiqincə "yola salmağı" tapşırır.

Filmin əsas qayəsinin açıldığı və xoş sonluqdan xəbər verən kolxozun ümumi iclasının atmosferini də həmin dinməz müxbirin yazdığı məqalə müəyyən edir. Qəzetdə yazılan məqalədən biabır olan Gülümsərov Müxbiri qınayanda Möhsün ona istehzalı cavab verir: "Müxbir mandarinləri almadı. Dedi ki, gözləyəcəyəm limandra yetişsin".

 

Cənub şəhərinin qəhrəmanlarından nə yazmaq olar?

 

İnsan kimi vicdanlı-vicdansız, qərəzli-qərəzsiz olmağından asılı olmayaraq, jurnalist bir peşəkar kimi dövrün klişelərinə uyğun, ona yaradılan şərait və verilən azadlıq çərçivəsində yazmağa məhkumdur. "Bir cənub şəhərində" (1969, quruluşçu rejissor Eldar Quliyev) filmində də öz qəhrəmanını anlamağa çalışan jurnalist obrazı var.

Çox böyük olayların baş verəcəyinin gözlənildiyi məhəlləyə buranın hələlik yeganə ali təhsilli cavanı, dünyagörüşü tində dayanan uşaqlıq dostlarından xeyli fərqlənən Cahangirin (Hacımurad Yegizarov) iki rəfiqəsi ilə günün günorta çağı evə gəlişi ilə başlayır. Bir qədər sonra biləcəyik ki, küçədəki “namus davası”nın şahidi olan bu qızlardan biri - Rəna (Natella Adıgözəlova) jurnalistdir və belə bir olayı izləmək həvəsi onun sırf peşə marağı ilə bağlıdır.

Bir neçə gün sonra Neft Daşlarına ezamiyyətə gedən Rəna həmin küçənin sakini - Murad (Həsən Məmmədov) barədə oçerk yazmaq istəyir. Muradı anlamağa çalışan Rəna onun xarakterini açmaq üçün qonşuluqda baş vermiş qətl hadisəsinə seyrçi münasibətini öyrənmək, cəsur və bacarıqlı neftçi oğlanın xislətindəki ikiləşməni qabartmaq üçün onunla bir neçə dəfə görüşür. Olsun ki, Rəna Murad kimi saf bir oğlana rəğbət bəsləyir, lakin Murad indiyədək özünə qarşı heç bir qızdan maraq görmədiyindən ona aşiq olur. Anası (Süsən Məcidova) biləndə ki, oğlu məhəllə qanunları ilə yaşamayan Cahangirlə dostluq edən, onların evinə gəlib-gedən jurnalist qıza aşiqdir, aləmi bir-birinə qatır. Filmdə Murad-Rəna xətti əsas götürülməsə də, hətta bu xətt yarımçıq kəsilsə də, müəlliflər filmin əsas qayəsi ilə yanaşı bir fikri çatdırırlar: öz qanunları ilə yaşayan məhəllədə böyüyən, hətta qəlbən çox humanist olan, üstəlik, daxilindəki sapıntı və çəkişmələrlə çarpışan əmək qəhrəmanı olsa belə, onu bu dövrdə oçerk qəhrəmanı etmək olmaz!

 

Özünə verdiyin cavabsız sual...

 

Radio jurnalistlərinə həsr olunmuş "Ən vacib müsahibə" filmi 1971-ci ildə ekrana çıxıb. İstedadlı və uğurlu karyera qurmuş Zaur (Hacımurad Yegizarov) radio jurnalistidir. O, işiöz düşüncələri ilə özünə bir aləm yaradıb və həmin aləmdə də yaşayır. Onu qəlbən sevən Səidəni itirir və qızı yenidən qaytarmağa cəhd göstərir. Ölüm ayağında olan, xərçəngə tutulduğunu bilən qohumu Cəbrayıl dayı (Rza Təhmasib) ilə görüşü Zaurun düşüncəsində çevriliş edir. Bu günədək qüsursuz işləmiş, vicdanının, mənəviyyatının saflığını qorumuş Zaur ən vacib "Həyatın mənası nədir və mən insanlar üçün nə edə bilmişəm?" sualının cavabını tapmaqda çətinlik çəkir.

Filmdə ara-sıra jurnalistikada rast gəlinən bir məqam da yer alıb. Tapşırılmış Bacıoğlunu radio jurnalisti etmək lazımdır. Amma necə? Yazı yazmağı bacarmayan, bu sahəyə yalnız prestij naminə üz tutan özündənrazı Bacıoğlu (Fuad Poladov) kimilərini jurnalistikadan uzaqlaşdırmaq elə əsl peşəkar insanların edə bildiyi yaxşılıqlardan olmalıdır.

 

Aramızdakı şeytan niyyətliləri ifşa et!

 

"Şeytan göz qabağında" filmi (1987) bir cinayət işinin izi ilə gedib balıq mafiyası ilə qarşılaşan, həyatını riskə ataraq həqiqəti üzə çıxaran jurnalistin başına gələnlərdən bəhs edir. Asim Cəlilovun ssenarisi əsasında quruluşçu rejissor Oqtay Mirqasımovun çəkdiyi filmdə iki mətin jurnalist obrazı var: Bakıdan ezam olunan Teymur (Fəxrəddin Manafov) yerli mafiya ilə mübarizədə əsəbləri tab gətirməyən bölgə müxbiri Sabir (Həsən Məmmədov). Bu film janrına görə jurnalist qəhrəmanı olan digər filmlərimizdən fərqlənir. Çəkilişin mükəmməlliyi, hadisələrin dinamik inkişafı, aktyorların məharəti müasir dövrdə jurnalist əməyinin qədər çətin vacib olduğunu tamaşaçıya göstərir.

Filmin sonuna yaxın belə bir epizod var. Teymurun Sabir ilə birlikdə hazırladığı materialın yerləşdirildiyi qəzet çap prosesindədir. Redaktor qəzetin səhifələrini oxuyur Sabir Salayev imzasını qara haşiyəyə alır. Dövlətə, təbiətə zərbə vuranlara qarşı mübarizədə üzləşdiyi şantaj hədələrə jurnalist qəlbi tab gətirmir.

 

* * *

Digər Azərbaycan filmlərində mətbuatla bağlı müəyyən epizodlar, taleyi müəyyən qədər mətbuatla bağlı qəhrəmanlar var. Biz yalnız mühüm bildiklərimizin üzərində dayandıq.

Sonda isə həmkarlarımıza heç vaxt Rza bəy kimi olmamağı, Müxbir kimi az danışıb çox düz yazmağı, Rəna kimi öz qəhrəmanına fərqli yanaşmağı, Zaur kimi ən vacib müsahibədə susmamağı, Teymur kimi sonadək prinsipial qalmağı yuxarıda qeyd etmədiyimiz "Bəyin oğurlanması"ndakı Jurnalist qız kimi müsahibinin əvəzinə lazım bildiyi cavabı yazmaq səlahiyyətini öz üzərinə götürməməyi arzulayırıq. Bayramımız mübarək!

 

Gülcahan Mirməmməd

 

Mədəniyyət.- 2016.- 22 iyul.- S. 12.