Bizim GÜNümüz!
Tək
elə dünyamızı ümummilli Göz və Sözlə tarixə
köçürən jurnalistlərin yox,
hamımızın mənəvi-irfani Güzgü-Günü...
Əvvəlcə
ərz edim ki, biz jurnalistlər də, bir
az dolayısilə, “Ay
bərəkallah, nə gözəl canlar”danıq. Məsələn,
heç bir sahə mənsubu
öz “gün”ünü qutlamağa belə
bir minorluqla başlamaz: “Xaricdə qəzet bağlansa,
camaat neyləyər? Biri
deyər “vay, kor oldum!”, biri deyər “vay, kar oldum!”,
biri deyər “vay, lal oldum!”... Bəs bizdə
bağlansa? Heç zad, bir məşədi
digərinə deyər: “Vaay, Məşədi,
bəs şorumuzu nəyə büküb satacağıq?!.”
Bu,
o dövrün milli qəm Qələmkeşlərindən birinin (Üzeyir Bəyin) ulu “Əkinçi”mizin doğurduğu
onlarca qəzetlərdən birində düz otuz il
sonra çap etdirdiyi milli-mənəvi “şəkil”lərimizdən
biri...
Bax,
bütün canlı-cansız mübtəda,
təyin, tamamlıq və zərfliklərimizin XƏBƏR
ATASI Həsən Bəy(!)in müqayisəsiz bir
rəiyyət əzabkeşliyilə düz
141 il bundan irəli qəzet
nəşrinə başlaması həm də (və əsasən!)
bu sayaq geriliklərimizdən
yana...
Barələrində
hər ay, hər həftə, bəzən
hər gün bəhs edilən şou əhlindən fərqli olaraq,
ildə bir kərə yad
etdiyimiz o tutiya Qəzet, sonraların sovet
leksikonuyca desək, o dövrkü “məzlum xalq”ın ilk milli bəyan “Ərizə”si,
o bəyandar Zat
isə -
İlk milli Mətbu-Mirzəsi...
Bu
çağlar - o vaxtdan yüz qırx
neçə il keçəndən sonra belə, hər hansı bir
şəxsi mənafe təyinatlı “proje”yə ərinildiyi halda, o möhtərəm
Vətəndaş o boyda
müşkül bir ictimai işə qol qoyur...
İndilər
- “saçların burda isladılıb Amerikada qırxılma” mümkünlüyü
çağlarında belə xariclərə (hətta
keyfi-istirahət, nəfi-ticarət üçün)
getməyin kimlərəsə çətin gəldiyi halda, ucqar Zərdabdan
çıxmış bu maarif-mədəniyyət
Koroğlusu şrift və
digər çap avadanlığı üçün “dərə-təpə
düz” formatı ilə İstanbul
səfəri etmişdir...
1970-lərdə
ADU (BDU) auditoriyasında başdan-başa milli mahiyyətli ədəbiyyatşünas-alimimiz
Abbas Zamanovun dilindən
“...bu qanda bir Kişinin sümükləri,
bu qədirli bir
Zatın qəbri üç dəfə dəyişdirilib”
məlumatını eşidəndə sarsılsam da, onun dəfn mərasimindən
danışarkən iftixarla
dediyi “Üzeyir bəyin
dəfninəcən Azərbaycan bu sayda, bu sayğıda və
bu ağrıda hüzn
mərasimi görməmişdi” ifadələrindən xeyli dirçəldim. Sonra sözünün
evini demək istəyirmiş kimi görünən hörmətli professor auditoriyaya cari dövrün məzaqına
uyğun bir
qıyğacı göz gəzdirib,
mühazirəsindən çıxdığı bu “solaxay” haşiyəni bu kəlmələrlə qapadı: “Belə-belə
işlər...”
...Sonralar baş vurduğumuz dünya mətbuatı
məlumatlarından öyrəndiklərimizə görə, bu fani dünyada
“belə-belə işlər” çox az olub...
Belə
işlər isə çox;
Məsələn,
bizim bu mübarək Söz, Fikir, Təfəkkür
əkinçimizin o dövr
əkin-biçin, zəhmət-ziraətçi
xalqımızın milli
oyanışında əvəzsiz rolu olub. O qədər çox ki, çar Rusiyasının siyasi
oyaqları onu bu
xalqı əkinçilikdən zəka-zəkiçiliyə,
proletarlıqdan elitarlığa yüksəltmə təhlükəsi
sayıb, iki yol qapatmağa cəhd etmiş,
iki il sonra
- 1877-ci ilin sentyabrında (guya
Rusiya-Türkiyə müharibəsi səbəbi ilə) isə
buna nail olmuşlar.
Ayda
iki dəfə, cəmisi üç-dörd
yüz tirajla və vur-tut ikicə il nəşr
edilsə də, o qəzet böyük
işlər gördü, derjava
-imperiyanın canına vəlvəleyi-həşir saldı və
bağlandı...
Lakin
o fanilər bu Bani ziya
ağacımızın atacağı qol-budaqların
qarşısını ala bilmədilər.
Möhtəşəm “Əkinçi” əsrimizin
sonlarına doğru “Ziya”,
“Kəşkül”, “Kaspi” qəzetləri
nəşrə başladı. O əsrin aşırında
Mirzə Cəlil, Məhəmmədağa Şahtaxtinski,
Seyid Hüseyn, Ömər
Faiq Nemanzadə, Üzeyir
Hacıbəyov və başqalarının yeni
demokratik mətbuat uğrunda
mübarizələri “Şərqi-rus”, “Həyat”,
“Açıq söz”, “Azərbaycan” kimi milli qayəli qəzetlər,
Azərbaycan mətbuatında siyasi
satiranın əsasını qoyan “Molla Nəsrəddin” fütuhatlı, bütün əməkdaşları - əcnəbi
mətbuatda “feodal-patriarxal”, “kilkəli-çadralı”
damğaları ilə təqdim edilən
qadınlarımızdan ibarət olan
“İşıq” ad-timsallı jurnallar
yarandı.
Çar
Rusiyasının süqutu ilə Azərbaycanda
Şərqin ilk Demokratik
Cümhuriyyəti quruldu, daha
demokratik, daha dünyəvi,
daha elit spektrli mətbuat nümunələrimiz
yarandı. Lakin “biri getdi, biri gəldi”
dilemması; sovetlər Rusiyası gəldi. Xalq şairi
Rəsul Rzanın “Qayğı” sözü,
qayğı özü” paradiqmasından yanaşsaq, həqiqətdə həqiqəti yazmayan “Pravda” qəzetinin ilk nömrəsinin çapdan
çıxdığı günü - 5
mayı Mətbuat Günü kimi qeyd etməyi bizə də
“imza”latdılar. İndi isə biz, hamıya bəlli olduğu
kimi, ilk milli mətbuat orqanımız olan “Əkinçi” qəzetinin işıq üzü gördüyü
günü - iyulun
22-sini “Milli Mətbuat və Jurnalistika Günü” kimi qeyd edirik.
Hələ
bundan irəliki dövr
mətbuatının “atgetməz” yolları! Yeni
nəsillərə məlumat üçün
deyim ki, dəmir senzuralı,
qırmızı-qızartdaq obrazlı o
qəzet və jurnallar yalnız bolşevik rejimi və kommunist ideyalarının təbliğilə məşğul
olurdu. Hələ “dad”ları bir yana, onların
adları! Paytaxtımızın elit-elitarları,
uzaq-ucqarlarımızın ağzıdualıları bu ad-ladlarla xəbər-ətərlənirdilər:
“Kommunist”, “Kirovabad kommunisti”, “Sovet
Naxçıvanı”, “Sovetski Karabax”, “Sosialist
Sumqayıtı”, “Lenin yolu”,
“Kommunizm yolu”, “Lenin bayrağı”, “Kolxozçu”,
“Qırmızı bayraq”,
“Pambıqçı”, “Qalibiyyət bayrağı”, “Leninçi”, “Qızıl bayraq”,
“Oktyabr bayrağı”, “Kommunist
əməyi”...
Milli
azadlıq, müstəqillik arzuları daim
ayaqda olan, ötən
əsrin sonlarında sabiq SSRİ daxilində
başlayan “yenidənqurma” ab-havasına daha ayıqlıqla
yanaşıb-yararlanmağa başlayan Azərbaycan
xalqı ictimai oyanış və qalxımın
bu əvəzsiz vasitəsinə - mətbuata
da xüsusi önəm
verdi. Milli tariximizə misilsiz dirçəliş, kütləvi
azadlıq hərəkatı dövrü kimi düşən 1988-1991-ci illərdə özgürlük çağrılı “Azərbaycan”,
yeni müstəqil mətbuatımızın
qaranquşu hesab edilən
digər qəzetlər nəşr olunmağa
başladı. Müstəqillik illərimizdə qəzetlərimizin
sayı artdı. 1998-ci il avqustun
6-da Prezident Heydər Əliyevin sərəncamı
ilə senzura ləğv edildi,
1999-cu ildə KİV haqqında qanun və
bu sahədə digər hüquqi-normativ
aktlar qəbul olundu. Prezident İlham Əliyevin 31 iyul
2008-ci il tarixli sərəncamı
ilə təsdiq etdiyi “Azərbaycan
Respublikasında Kütləvi İnformasiya
Vasitələrinin İnkişafına Dövlət Dəstəyi
Konsepsiyası”na uyğun olaraq
2009-cu ildə Kütləvi İnformasiya
Vasitələrinin İnkişafına Dövlət Dəstəyi
Fondu yaradıldı.
Bir
sözlə, 141 il bundan
əvvəl dünya mətbuatı şəbəkəsinə
300-400 tirajlıq bir qəzetlə başlayan bu xalqın informativ-elitar xidmətində bu
gün minlərlə informasiya
vasitəsi - qəzet, jurnal, agentlik, sayt, televiziya, radio vardır...
Tahir Abbaslı
Mədəniyyət.-
2016.- 22 iyul.- S. 13.