Nazirliyin nümayəndə heyəti İtaliyada görüşlər keçirib

 

Tvinninq layihəsi çərçivəsində təlim səfəri Florensiya və Romanın mədəniyyət ocaqlarını əhatə edib

Xəbər verdiyimiz kimi, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin İtaliyanın Mədəni İrs, Fəaliyyətlər və Turizm Nazirliyi ilə birgə həyata keçirdiyi tvinninq layihəsi çərçivəsində nazirliyin nümayəndə heyəti iyulun 18-dən 23-dək İtaliyada təlim səfərində olub. “Mədəniyyət sektorunun idarə olunması sisteminin modernləşdirilməsində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə dəstək” adlı tvinninq layihəsinə 2016-cı ilin fevralında start verilib.

İtaliyaya gedən nümayəndə heyətinə nazirlik Aparatının rəhbəri, tvinninq layihəsinin komponent rəhbəri Rafiq Bayramov, Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri, tvinninq layihə rəhbəri Vasif Eyvazzadə və bir neçə şöbənin əməkdaşları daxildir.

Səfər çərçivəsində 19-21 iyul tarixində bir neçə nüfuzlu təşkilat və mədəniyyət müəssisələrində görüşlər keçirilib. 19 iyulda heyət Florensiyanın məşhur Uffiçi qalereyasının direktoru Anke ŞmidtToskana Muzeylər Şəbəkəsinin direktoru Stefano Kaşu ilə görüşüb. Görüş zamanı Toskana bölgəsində yerləşən muzeylərin fəaliyyəti, onların inkişafı haqqında müzakirələr aparılıb. A.Şmidt həm tvinninq layihəsi çərçivəsində, həm də birbaşa muzeylərlə əməkdaşlığın qurulmasına razılığını bildirib.

Daha sonra Uffiçi qalereyasında nazirliyin əməkdaşları üçün geniş ekskursiya təşkil olunub. Qeyd etmək lazımdır ki, Şah İsmayıl Xətainin məşhur portreti Uffiçi qalereyasında saxlanılır və sərgi sahəsində nümayiş olunur.

İyulun 20-də Florensiyanın "Oblate" kitabxanasında Kitabxanalar, arxivlər və tədbirlər xidmətinin rəhbəri Luana Nençoni ilə görüş keçirilib. Görüşdə kitabxanatarixi arxivlərin idarə edilməsində Florensiya bələdiyyəsinin rolundan bəhs edilib. Kitabxananın meneceri Graçia Asta tərəfindən “Oblate” kitabxanasının fəaliyyətinin təqdimatı və kitabxanaya ziyarət təşkil olunub.

İyulun 21-də Romaya gələn nümayəndə heyəti İtaliyanın Mədəni İrs, Fəaliyyətlər və Turizm Nazirliyində Muzeylər və mədəni irsin təbliği, planlaşdırılması və büdcəsi departamentinin müdiri Manuel Roberto Guido ilə görüşüb.

Söhbət zamanı İtaliyanın muzeylərinin fəaliyyəti barədə geniş müzakirələr aparılıb, əməkdaşlıq üçün yeni imkanlar araşdırılıb. İtaliyanın Mədəni İrs, Fəaliyyətlər və Turizm Nazirliyinin əməkdaşları 2017-ci ildə Bakıda keçiriləcək IV Dünya Mədəniyyətlərarası Dialoq Forumuna dəvət olunub.

Xatırladaq ki, Avropa Birliyinin dəstəyi ilə reallaşan “Mədəniyyət sektorunun idarə olunması sisteminin modernləşdirilməsində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə dəstək” tvinninq layihəsinin müddəti iki ildir.

İtaliyaya təlim səfəri layihənin müvafiq fəaliyyət mərhələsini təşkil edir.

 

Mədəniyyət.- 2016.- 27 iyul.- S. 5.