Bakı Xoreoqrafiya Akademiyasının yeni beynəlxalq uğuru

 

Tədris ocağı Avropa İncəsənət İnstitutları Liqasına üzv qəbul olunub

Bakı Xoreoqrafiya Akademiyası beynəlxalq əlaqələrin genişlənməsinə xüsusi önəm verir, dünyanın məşhur balet ustaları ustad dərsləri keçmək üçün dəvət olunurlar.

2015-2016-cı tədris ili ərzində Almaniyanın Höte İnstitutunun müasir rəqs üzrə xoreoqrafı Sussane Graun, amerikalı xoreoqraf Mark Morris, Rusiyanın Xalq artisti, xalq-səhnə rəqsi üzrə peşəkar müəllim Dikalu Muzakayev, Sankt-Peterburq Dövlət Teatr Sənəti Akademiyasının müəllimi və Belarus Akademik Böyük OperaBalet Teatrının quruluşçu baletmeysteri Aleksandra Tixomirova, Litva Milli İncəsənət Məktəbinin klassik rəqs üzrə müəllimi Petras Skirmantas, Niderlandın Haaqa Kral Konservatoriyasında rəqs departamentinin direktor müavini çalışmış, folklorxalq səhnə rəqsləri üzrə peşəkar xoreoqraf Tom Bosma Bakı Xoreoqrafiya Akademiyasında ustad dərsləri keçiblər.

Moskva Dövlət Xoreoqrafiya Akademiyası, Sankt-Peterburqdakı Vaqanova adına Rus Baleti Akademiyası, Moskva Dövlət Mədəniyyət İnstitutu, Litvanın Çurlyonis adına İncəsənət Məktəbi ilə də əməkdaşlıq müqavilələri imzalanıb.

Bakı Xoreoqrafiya Akademiyasının beynəlxalq sahədə uğurlarından biriiyul ayında Avropa İncəsənət İnstitutları Liqasına (ELİA - European League of Institutes of the Arts) tamhüquqlu üzv qəbul olunmasıdır.

47 ölkədən 300-dən artıq ali təhsil müəssisəsini birləşdirən ELİA incəsənət sahəsində qabaqcıl təcrübə mübadiləsinin asanlaşdırılması və Avropa miqyasında incəsənətin təbliği ilə məşğuldur, bu sahədə 25 illik təcrübəyə malikdir.

Bakı Xoreoqrafiya Akademiyası ELİA-nın tamhüquqlu üzvü olaraq liqanın layihə və tədbirlərində iştirak etmək, informasiya və yenilikləri bölüşmək, incəsənət sahəsində fəaliyyət göstərən ali təhsil müəssisələri ilə sıx əməkdaşlıq qurmaq imkanları qazanır.

 

Mədəniyyət.- 2016.- 27 iyul.- S. 5.