Lahıcda “Həmrəylik düşərgəsi”
zəngin təəssüratla yadda qalacaq
Xəbər verdiyimiz kimi, “ASAN
Könüllüləri” təşkilatının təşəbbüsü,
Mədəniyyət və Turizm Nazirliyi, Dövlət Sərhəd
Xidməti, “Regional İnkişaf” İctimai Birliyi, Azərbaycan
Avtomobil Federasiyası, BMT-nin Əhali Fondunun dəstəyi ilə
İsmayıllı rayonunda, Lahıc Dövlət Tarix-Mədəniyyət
Qoruğu ərazisində “Həmrəylik düşərgəsi”
təşkil olunub. Düşərgənin
açılışı iyulun 20-də keçirilib.
Layihə üzrə 60
könüllü bir həftə ərzində hərbi
çadırlarda qalıblar. Layihə müddətində bir
sıra təlimlər, sosial aksiyalar və tədbirlər təşkil
olunub. Bu tədbirlərdən biri də Niyaldağa
yürüş olub. İştirakçılar Azərbaycanın
qədim, gözoxşayan tarixi ərazi və abidələri
ilə yaxından tanış olublar. Vertikal qrupun dəstəyi
ilə həyata keçirilən bu turda gənclərə təbiətlə
davranış qaydaları da aşılanıb. Turda əsas məqsəd
gənclərin fiziki hazırlığının təmin
edilməsinin təşviq olunması və onların fiziki
sağlamlığını yüksəltmək, ölkəmizin
tarixi barədə gənclərdə praktiki təsəvvürlər
formalaşdırmaqdır.
Sonra düşərgəyə
qayıdan könüllülər Azərbaycan
Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı
ilə 15 ölkədən Lahıca gəlmiş əcnəbilərlə
görüşüblər. Düşərgə
iştirakçıları və əcnəbi qonaqlar birlikdə
multikulturalizm dəyərləri əsasında fikir mübadiləsi
aparıblar.
Könüllülər daha sonra Gəncə
“ASAN xidmət” mərkəzinin teatr truppasının
hazırladığı “Məhəbbətin qənimi”
tamaşasını izləyiblər. Açıq havada
baş tutan tamaşanı qəsəbə sakinləri də
maraqla izləyiblər.
Düşərgədə Vətəndaşlara
Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət
Agentliyinin sədri İnam Kərimov iştirakçılarla
görüşüb. O, ASAN könüllülərinin
sayının 8 minə çatdığını və
onların qısa müddətdə bir çox uğurlu layihələr
həyata keçirdiyini vurğulayıb. Agentliyin sədri,
eyni zamanda, “ASAN Könüllüləri” təşkilatının
layihələrinin və tədbirlərin sosial əhəmiyyətindən
danışıb.
Daha sonra görüşdə
“Könüllü fəaliyyətini necə təkmilləşdirməli”
mövzusunda müzakirələr aparılıb.
Lahıcda “Həmrəylik düşərgəsi”
layihəsi iyulun 26-da başa çatıb. Layihənin ölkəmizin
digər gəzməli-görməli məkanlarında davam
etdirilməsi gözlənilir.
Mədəniyyət.-
2016.- 27 iyul.- S. 9.