Dənizkənarı bulvarda açıq rəqs dərsləri keçirildi

 

Milli rəqslərimiz və müxtəlif xalqların rəqs nümunələri paytaxt sakinləri və qonaqlar tərəfindən maraqla qarşılanır

Mədəniyyət və Turizm Nazirliyinin layihəsi əsasında Bakı bulvarı ərazisində açıq havada rəqs məkanı təşkil edilib. Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin də dəstək verdiyi layihə üzrə həftənin bazar günləri axşamüstü burada keçirilən rəqs saatlarında müxtəlif xalqların rəqsləri nümayiş olunur. Ölkəmizdə elan olunanMultikulturalizm ili” ilə əlaqədar həyata keçirilən layihə paytaxt sakinləri və qonaqlar tərəfindən maraqla qarşılanır.

İyulun 24-də bulvar ərazisində müxtəlif rəqs növləri üzrə açıq dərslər keçirildi. Dərsləri Azərbaycan Rəqs Assosiasiyası və Azərbaycan Gənclər İttifaqının dəstəyi ilə “Jam SS” rəqs studiyasının peşəkar müəllimləri - rəqs üzrə Azərbaycan çempionları, Avropadünya mükafatçıları keçir.

Azərbaycan Rəqs Assosiasiyasının rəhbəri Əziz Əzizov bildirdi ki, açıq dərslərin keçirilməsində əsas məqsədimiz gəncləri rəqslərə və sağlam həyata cəlb etməkdir. Gənclərin asudə vaxtlarının layiqli həyata keçirilməsini bir məqsəd kimi qarşımıza qoymuşuq. Kim istəyirsə, açıq dərslərdə iştirak edə bilər. Açıq dərslərdə milli rəqslərimiz, ləzgi-avar rəqsləri, hip-hop, zumba, Latın Amerikası rəqsləri, oriyental, hind və digər rəqslər nümayiş olunur.

Açıq havada rəqs dərslərində Bakı sakinləri və şəhərimizin qonaqları, xarici turistlər də maraqla iştirak edirdilər.

Qeyd edək ki, Bakı bulvarında rəqs meydanı yay mövsümü başa çatanadək hər həftəsonu fəaliyyət göstərəcək.

 

Rəsul Şirinov

Mədəniyyət.- 2016.- 27 iyul.- S. 9.