Türk dünyasının
musiqiçiləri Bolu və Safranboluda bir araya gəliblər
“Avrasiyanın
səsləri” Avropada eşidiləcək
Xəbər
verdiyimiz kimi,
TÜRKSOY Gənclik Kamera Orkestri
Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan
və Türkmənistanın müstəqilliyinin 25 illiyi münasibətilə musiqi
turnesinə çıxıb. Orkestr Türkiyənin Bolu və Safranbolu şəhərlərində böyük məşqlərdən sonra İngiltərənin London
və Oksford, Şotlandiyanın Edinburq və Qlazqo,
İtaliyanın Forli və Pesaro şəhərlərində
“Avrasiyanın səsləri” adlı konsert
proqramları təqdim edəcək. İlk
konsert proqramı iyulun
25-də Oksfordda Şeldon
Teatrında gerçəkləşib.
Kollektiv
iyulun 18-də Boluda Abant İzzet Baysal Mədəniyyət Mərkəzində ilk məşqlərini edib.
İyulun
21-də Boluda orkestrin
dirijorları Anvar Akbarov
(Qazaxıstan) və Mustafa Mehmandarovun
(Azərbaycan) idarəsi ilə konsert proqramı
gerçəkləşdi.
Konsertin
izləyiciləri arasında TÜRKSOY-un baş katibi Düsen Kaseinov, Bolu Bələdiyyəsinin başqanı
Ələddin Yılmaz, əsərləri ifa
edilən türkdilli respublikaların bəstəkarları
və media nümayəndələri
vardı. Proqramda dünya
klassikləri ilə yanaşı türk
dünyası bəstəkarlarının
əsərləri də ifa edildi.
Konsertdən
sonra TÜRKSOY-un baş katibi Düsen Kaseinov, Bolu Bələdiyyəsinin başqanı
Ələddin Yılmaz türkdilli
respublikaların bəstəkarları və orkestrin
üzvləri ilə görüşdülər.
Ələddin
Yılmaz türk dünyasının
musiqiçilərinə xoş diləklərini
çatdırdı. “Musiqi dünyada tərcüməyə ehtiyacı olmayan dildir. Bundan sonrakı illərdə təkcə burda deyil, Bolunun
başqa yerlərində də
çalışmalarınızı təmin edəcəyik. Sizin adınızı gələcəkdə daha da yüksəklərdə
görmək istəyirik”, - deyə o bildirdi.
Düsen
Kaseinov da kollektivə
uğurlar arzuladı: “Ümid
edirəm ki, TÜRKSOY Gənclik Kamera Orkestrinin fəaliyyəti
bundan sonrakı illərdə də davam edəcək. Türkdilli
respublikalardan gələn bu
gəncləri görüncə, onların musiqisini
dinləyincə, qürur hissi
keçirirsən. Biz Avropanı türkdilli xalqların musiqisi
ilə tanış etməklə yanaşı, onların diqqətini
bizim musiqimizə yönəldəcəyik.
Məqsədimiz avropalı tamaşaçıları türk xalqlarının musiqi
incəsənəti ilə tanış etməkdir”.
Təəssüratlar,
düşüncələr...
Qazaxıstan
Bəstəkarlar İttifaqının sədri Balnur
Qidirbek:
-
Gənc istedadlardan təşkil olunan bu orkestr
çox möhtəşəmdir. Konsertdə
kollektiv mənim “Deşti-Qıpçaq”
(qıpçaq çölü - red.) əsərimi də ifa
etdi. “Deşti-Qıpçaq”
türk ulusunun
yaşadığı nəhəng coğrafiyada
qədim ümumtürk dövləti olub. Əgər nəzərə alsaq ki, bu
orkestr türk dövlətlərinin
gənclərindən ibarətdir, sanki bu gənclər də həmin ümumtürk
dövlətinin övladlarıdır. Mən belə bir kollektivin ərsəyə
gəlməsində TÜRKSOY-un baş katibi Düsen Kaseinova minnətdarlığımı
bildirirəm”.
Azərbaycan Bəstəkarlar
İttifaqının üzvü Rauf Əliyev:
-
Bu gün Türkiyənin
Bolu şəhərində türkdilli ölkələrin bəstəkarlarının
əsərlərindən ibarət konserti
dinlədik. Bu əsərlərin məhz TÜRKSOY-un təşəbbüsü ilə
qurulan Kamera Orkestrinin ifasında səslənməsi xüsusi bir hadisəyə
çevrildi. Bir bəstəkar
kimi bu gənc
musiqiçilərin belə peşəkar səviyyədə
ifalarından çox məmnun oldum. Müəllifi olduğum
“Coşqu” əsərimi, həqiqətən,
də böyük coşqu
ilə təqdim etmələri məni məmnun etdi. Ümumiyyətlə, TÜRKSOY-un
türk xalqlarının mədəniyyətini
dünyada tanıtması çox
önəmlidir. Orkestrə böyük uğurlar diləyirəm”.
Qırğızıstan Milli Musiqi
Akademiyasının prezidenti, bəstəkar
Muratbek Begaliyev:
-
Artıq bir neçə dəfədir ki, TÜRKSOY-un tədbirlərində
iştirak edirəm. TÜRKSOY
yaradıcı insanların özlərini tapdıqları
yüksək qurumdur. Düsen
Kaseinov isə xüsusilə musiqiçi olduğuna
görə çox yaradıcı və enerjili bir insandır.
TÜRKSOY Gənclik Kamera Orkestri
də çox gözəl layihədir. Çünki onun tərkibində
ən istedadlı gənclər birləşib”.
Bəstəkar Sukan Tuiliyev (Türkmənistan):
-
Türkdilli respublikaların gənclərindən
ibarət bu kollektivin
ifası çox qürurvericidir.
Onlar mənim də bəstəçisi olduğum bir əsəri ifa etdilər və çox
bəyəndim. Türk
dünyasını birləşdirən körpüləri həm
də mədəniyyətlə quracağıq”.
Almatı Konservatoriyasının
(Qazaxıstan) professoru, dirijor
Anvar Akbarov:
-
Türkdilli xalqların gənc
istedadlarından ibarət orkestr Avropa ölkələrində və Amerikada konsert
proqramları ilə çıxış edir
və türk gəncliyinin nəyə qadir olduğunu nümayiş etdirir. Türk musiqisi hər yerdə
çox isti qəbul edilib. Orkestrdə konservatoriyaların ən
istedadlı tələbələri yer
alıb. Ona görə də kollektivi idarə etmək çox
rahat və zövqvericidir”.
Vyana Konservatoriyasının tələbəsi,
«Xəzər virtuozları» kamera orkestrinin bədii rəhbəri və dirijoru Mustafa Mehmandarov:
- TÜRKSOY Gənclik Kamera Orkestrinin 2010-cu ildən üzvüyəm.
Bir sıra qastrol səfərlərimiz və
konsertlərimiz olub.
Bu kollektiv demək
olar ki, mənim ikinci ailəmdir. Son layihədə isə artıq məni orkestrin dirijoru kimi dəvət etdilər. Mənim dirijorluq fəaliyyətim
də bu kollektivlə başlayıb.
İlk dəfədir ki,
TÜRKSOY Gənclik Kamera
Orkestri olaraq türk respublikaları bəstəkarlarının yeni
əsərlərini ifa
edirik. Adətən birinci hissədə
klassik musiqi, ikinci hissədə isə türkdilli xalqların musiqisi olurdu. Bu dəfə
isə yeni əsərlərə də
yer verdik. Orkestrin Avropa turnesi başlayır. Bundan əvvəl
də belə konsertlər olub və inanıram ki, bu səfərimiz
də uğurla gerçəkləşəcək”.
Bəstəkarlar
Safranboluda yaşayıb-yaradacaq
İyulun 22-də isə türk dünyasının bəstəkarları
Türkiyənin qədim
və tarixi şəhəri Safranboluda
bir araya gəldilər. Şəhərin bələdiyyə başqanı Necdet Aksoy, TÜRKSOY-un baş katibi Düsen Kaseinov, türkdilli ölkələrin bəstəkarlarının
iştirakı ilə
mətbuat konfransı
keçirildi, layihə
ilə bağlı daha geniş məlumat verildi.
Necdet Aksoy bildirdi
ki, türk dünyasının müxtəlif
ölkələrindən gələn
bəstəkarlar Safranboluda
əsərlər bəstələyərək
onları xüsusi musiqi albomunda toplayacaqlar: “Bəstəkarlar
10 gün Safranboluda yaşayacaqlar. Onların TÜRKSOY Gənclik Kamera Orkestri üçün yazdıqları
əsərlər “Safranbolunun
səsi” adlı albomda toplanacaq və bütün türk dünyasına tanıdılacaq. Ümid edirəm
ki, bəstəkarların
Safranboluda bəstələdikləri
bu musiqilər onların ən gözəl bəstələri
olacaq”.
Layihənin rəhbəri Düsen Kaseinov bildirdi ki, “Safranbolunun
səsi” albomunu bütün türk dünyasına paylamaq istəyirlər: “Bu şəhərlə
daha öncə də birgə uğurlu layihələrimiz
olub. Türk dünyasının yaradıcı insanlarını
- fotoqrafları, rəssamları
Safranboluya dəvət
edib, onlarla birlikdə çalışmışıq.
Bu şəhərdə yenə olmağımızdan
məmnunuq”.
TÜRKSOY-un baş katibi bildirdi ki, bəstəkarlar
öz fəaliyyətlərini
bitirdikdən sonra onların işləri konsert şəklində təqdim olunacaq. Eyni zamanda TÜRKSOY-la birgə əməkdaşlıq
çərçivəsində 17-ci Beynəlxalq “Qızıl Safran” Sənədli Film Festivalı da düzənlənəcək.
Bəstəkarlar da öz növbələrində
onların yaradıcılığına
belə şərait yaratdıqları üçün
TÜRKSOY-a və Safranbolu
Bələdiyyəsinə minnətdarlıqlarını
bildirdilər.
Tədbirdən sonra bəstəkarlar
Safranbolunun bir sıra tarixi yerlərinə, Yörük
kəndinə, qədim
bazar və karvansaralara infotur etdilər, tarixi və mədəni məkanlarla tanış
oldular.
Mehparə
Sultanova
Mədəniyyət.-
2016.- 27 iyul.- S. 10.