“Kənddə
hamı məni müxbir kimi
qəbul edirdi”
Yaqub Əlioğlu: “60 illik yubileyim ərəfəsində
tək istəyim torpağımın azad
edilməsidir”
İllər
keçir, insanın yaşının
üstünə yaş gəlir. Bir də görürsən ki,
neçə on illər arxada
qalıb və ömrün bir göz
qırpımında keçib. İstər-istəməz
ötən yola nəzər salır, fəaliyyətini
gözdən keçirirsən. Düşünürsən ki, bu aylara,
illərə nə qədər hadisələr, neçə
saysız-hesabsız acılı-şirinli xatirələr
sığıb...
Tanınmış
qələm sahibi, çoxsaylı sənədli
filmlərin müəllifi Yaqub
Əlioğlunun da 60 illik
ömrü sənət adına bar-bəhərlidir.
Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı,
Jurnalistlər Birliyi və Teatr
Xadimləri İttifaqının üzvü
olan Yaqub müəllim
Tanrının yazdığı tale yolunda zəhmətlə, inamla
uğura doğru gedib.
Yubileyi
ərəfəsində Yaqub
Əlioğlu ilə görüşümüz
zamanı bunun bir daha şahidi oldum. Həmsöhbətim ilk
dəqiqələrdən vurğuladı ki,
bu gün onun müəyyən mövqeyə
çatmasında yaşadığı mühitin
böyük rolu olub.
Ömrün illəri
Yaqub
Əlioğlu (Məmmədov) 1956-cı il
avqustun 26-da Cəbrayıl rayonunun
Soltanlı kəndində anadan olub. 1986-cı ildə indiki
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət
Universitetinin teatrşünaslıq
fakültəsini fərqlənmə diplomu
ilə bitirib. Orta məktəb
dövründən mütəmadi olaraq mətbuatda
yazıları çap olunub.
Yüzlərlə publisistik məqalənin
və 8 kitabın müəllifidir. “Azərbaycantelefilm”
Yaradıcılıq Birliyində istehsal olunan 100-dən çox sənədli
televiziya filminin redaktoru olan Yaqub müəllim “Qızıl qələm”,
“Qızıl dərviş” və “Nailiyyət”
mükafatlarının laureatıdır. 10 ildən
artıqdır Azərbaycan Televiziya və
Radio Verilişləri QSC-nin
“Azərbaycantelefilm” Yaradıcılıq Birliyində baş redaktor vəzifəsində
çalışır. Onun rəhbərliyi
ilə ərsəyə gələn 50-dən artıq film televiziyanın “Qızıl fond”una daxil
edilib. Bu filmlər əsasən
görkəmli elm, mədəniyyət
xadimlərinə və tarixi şəxsiyyətlərin
həyat və yaradıcılığına, yurdumuzun
dilbər guşələrinə həsr olunub.
İlk felyetonun
gətirdiyi şöhrət
Qələm
sahibinin yaradıcılıq
dünyasına birgə nəzər salırıq. Həmsöhbətim
publisistikaya gəlişinin tarixçəsini
danışır.
-
Soltanlı kənd orta məktəbi Cəbrayıl
qəzasında açılan ilk təhsil
ocaqlarındandır, 2012-ci ildə 100 yaşı tamam oldu. Məktəbimizdə
yaradıcı mühit var
idi, mən də yazı-pozuya maraq göstərirdim. Həmin vaxtlar
kəndin işıqları tez-tez sönürdü. Bu mövzuda “Üç
gündən bir, beş
gündən bir” adlı felyeton
yazdım və yeniyetmə təxəyyülümün məhsulu
olan bu yazını rayonun “Kolxozçu” qəzetinə
göndərdim. Felyeton çap
olundu və bu
yazıdan sonra həmin qəzetlə əməkdaşlığa
başladım. Kənddə hamı məni müxbir
kimi qəbul edirdi. Bu da məndə yazmağa həvəsi artırırdı. Təbii
ki, o zaman
bizim kəndin yetirmələri olan jurnalistlərdən Hüseyn
Mehrəliyev, Sərdar Əliyevin yazılarını diqqətlə
izləyirdim. Onu da deyim ki, məktəbli
vaxtlarımdan “Ədəbiyyat və incəsənət” qəzetinə
abunə idim.
“Jurnalistika
idealım idi”
Mənə
elə gəlir ki, insanların xarakteri, yaşam tərzi
onların böyüyüb boya-başa çatdığı ərazinin,
bölgənin torpağına, bir sözlə,
görünən və görünməyən bütün tərəfləri ilə özəl
təbiətinə bənzəyir.
Yaqub müəllim də insanın dünyagörüşünün
formalaşmasında mühitin rolunu xüsusi qeyd edir:
-
Ədəbiyyat müəllimlərimi hörmətlə
xatırlayıram. Müəllimlərimdən bugünlərdə
90 yaşını qeyd edən Abbas Abbasov sinədəftər
insan idi. Klubda teatr dərnəyi
yaratmışdı, mən də həmin dərnəyə üzv olmuşdum. Kəndimizdə
böyük kitabxana, yay və qış klubu fəaliyyət
göstərirdi. 1974-cü ildə məktəbi bitirəndə
“Kolxozçu” qəzetinin baş
redaktoru Sirac Rüstəmov
mənə jurnalistika fakültəsinə
daxil olmaq üçün göndəriş verdi. O vaxtkı qaydaya
görə jurnalistikaya qəbul olunmaq üçün gərək
mətbuatda yazın çap olunaydı. Mənim
həm rayon qəzetində, həm də
“Azərbaycan gəncləri” qəzetində yazılarım dərc
edilmişdi. Ona
görə də sənədlərimi qəbul etdilər. Ancaq xarici dildən zəif
nəticə göstərdiyim üçün
jurnalistika fakültəsinə daxil ola bilmədim. Hərbi
xidməti başa vurub,
zavodda işə düzəldim, Mədəni
Maarif Texnikumunu bitirdim. Sonra indiki Mədəniyyət və İncəsənət
Universitetinə qəbul olundum. Bu illər ərzində “Bakı” qəzetində,
“Qobustan” jurnalında yazılarım dərc
olunurdu.
Həyatın
qəribə təsadüfləri də olur.
Elə bu təsadüflər də
insanın ömür yolunda
yeni izlər açmaq
imkanı yaradır. Dövri mətbuatı
daim diqqətdə saxlayan
Yaqub Əlioğlu teatrşünas
İlham Rəhimlinin imzasına tez-tez rast gəlir.
Ətrafındakı insanlar da çox zaman
ona deyirmişlər ki,
jurnalistika fakültəsini bitirmək əsas
deyil. Əsas odur ki, sənin yazmaq qabiliyyətin
var.
Nəhayət,
İlham Rəhimlinin yazılarına
heyranlıq həmsöhbətimi teatrşünaslıq
fakültəsinə gətirib çıxarır. Tələbəlik illərində də teatr aləmindən yazmağa
başlayır və beləliklə də onun
incəsənət aləmi ilə bağlılığı
yaranmış olur. “Ədəbiyyat və
incəsənət” qəzetində teatrla
bağlı yazıları dərc olunduğu
zaman nəşrin baş
redaktorları Cabir Novruz,
daha sonra Nəriman
Həsənzadə ilə tanışlıq onu
bu sahəyə qəlbən yaxınlaşdırır.
Bir tamaşanın
yaratdığı bağlılıq
Yaqub
Əlioğlunun 1974-cü ildə ilk dəfə
Akademik Dram
Teatrının səhnəsində İlyas
Əfəndiyevin “Unuda bilmirəm”
tamaşasını izləməyi onun teatr aləminə sevgisində mühüm
rol oynayır. Ali təhsilini
başa vurduqdan sonra, 1986-1997-ci illərdə Teatr
Xadimləri İttifaqında çalışır. Bu iş ona
incəsənət dünyasının insanlarını daha yaxından tanımaq imkanı yaradır. Həmçinin
tanınmış incəsənət xadimlərinin təcrübəsindən
yararlanır. Deyir, həmin illərdə
qazandığım təcrübə bu gün də iş
prosesində köməyimə çatır. Müsahibim
“Monotamaşalar”, “Pantomim”,
“Klassik əsərlər”
festivallarının təşkilində əməyinin
olmasından məmnunluq hissi duyur. “Səhnə rampasının sehri” kitabında ömrünü
teatr sənətinə həsr edən aktyorlardan bəhs olunur.
Televiziya ilə təmas
1986-cı
ildə Yaqub müəllimin Azərbaycan
Televiziyasının ədəbi dram
verilişləri redaksiyası ilə yaradıcı əlaqələri
başlanır. Televiziya onun
həyatının bir hissəsinə çevrilir. 1999-cu ildən redaktor,
baş redaktorun müavini vəzifələrində işləyib.
10 ildir ki, “Azərbaycantelefilm”
Yaradıcılıq Birliyinin baş redaktorudur.
-
Bu illər ərzində televiziya
mənə çox şey
öyrətdi. Ən əsası da vətənim
Azərbaycanı tanıtdı. Vətəni sevmək üçün onu
qarış-qarış gəzib tanımalısan. Bölgələrimizi
gəzdikcə insanlarımızı, təbiətimizi daha çox sevdim. Bu gün “Azərbaycantelefilm”in fondunda
1500 saatlıq sənədli
televiziya filmi var. Bunlar hamısı Azərbaycanın tarixidir. Ərsəyə gətirdiyimiz filmlərə
nəzər salsanız,
görəcəksiniz ki,
nə qədər sənət adamının
həyatına işıq
salmışıq. Onların hər
biri eyni zamanda sənətimizin tarixidir. AMEA-nın Tarix İnstitutu ilə də birgə layihələrimiz olub.
“Qarabağ xanlığı”
kitabının əsasında
rejissor Namiq Ağayevlə birgə
film ərsəyə gətirdik.
“Əziz Əliyev
olduğu kimi”, ulu öndərə həsr edilən “Xalqım mənim”, “Qayıdış xalçası”
və digər filmlər Azərbaycanın
canlı vizual salnaməsidir. “Azərbaycantelefilm”lə bağlı
kitab da hazırlamışam, çap
olunacaq.
Yaqub Əlioğlu qələm
sahibi olaraq öz yoluyla getdiyi üçün qürur duyur. Hətta müasir texnoloji vasitələrə rəğmən
yazılarını çox
vaxt qələmlə
yazır:
“Düşüncələrimi kağıza
daha səmimi köçürə bilirəm. Mənim dünyam kağızla
təmasda daha mükəmməldir”.
2014-cü ildə kitablarının sırasına daha biri əlavə olunur. Milli balet sənətinin əfsanəvi
klassiki, SSRİ Xalq artisti Leyla Vəkilovaya
həsr etdiyi “Qu quşunun nəğməsi” kitabı
Mədəniyyət və
Turizm Nazirliyinin dəstəyi ilə çap edilir. Bu kitabı Leyla
xanımın Azərbaycan
baletinin inkişafına
verdiyi mühüm xidmətlər qarşısında
özünə borc bilərək qələmə
alıb. Çünki vaxtilə görkəmli rəqqasəyə həsr
etdiyi veriliş nəticəsində Leyla xanımın həyatı
tamamilə dəyişmişdi
və hələ sağlığında haqqında
kitab yazmağı da balet ulduzu
özü ondan xahiş etmişdi.
Yurd həsrəti
Cəbrayıl rayonu 20 ildən çoxdur mənfur düşmənin işğalı
altındadır. Ana yurdunun yağı tapdağında
olması Yaqub müəllimin qəlbinə
dağ çəkir:
“Cəbrayılın işğalı
mənim qəlbimdə
sağalmaz yaradır.
60 illik yubileyim
ərəfəsində tək
istəyim torpağımın
azad edilməsidir.
Bu ilin aprelində
cəbhədə ordumuzun
düşmənə layiqli
zərbə vurması
ümidlərimi artırıb.
Son hadisələr zamanı xalqımızda sarsılmaz güvən və birliyin şahidi oldum”.
Həmsöhbətim gələcəyə böyük
ümidlərlə baxır. Biz də
Yaqub müəllimə
cansağlığı, uzun
ömür və yeni yaradıcılıq uğurları arzulayırıq.
Ulu Tanrı
xalqımızın yurd nisgilinə son qoysun!
Lalə
Azəri
Mədəniyyət.-
2016.- 27 iyul.- S. 11.