Mayningen teatrı

Dünyanın örnək səhnə ocaqları

Saksen-Mayningen hersoqluğunun (1871-ci ildə vahid Almaniyanın yaranmasınadək mövcud olmuş kiçik alman dövlətlərindən biri) saray teatrı - Mayningen teatrı Avropanın əksər ölkələrinə qastrolları nəticəsində dünya şöhrəti qazanmışdı. Maynıngen şəhərciyində saray teatrı hələ XVIII yüzillikdən mövcud idi. Şəhər əhlinin maddi köməyi ilə mövcudluğunu qoruyub saxlayan teatr 1831-ci ildə hersoqdan maliyyə yardımı alaraq yenidən qurulur.

Əvvəl burada opera və dram truppaları, 1871-ci ildən isə yalnız dram truppası fəaliyyət göstərir. Teatrın daha böyük şöhrət qazanması dövrü hersoq II Georgun və rejissor Ludviq Kronekin (1837-1891) işgüzarlığı, fəaliyyəti ilə bağlıdır. Ludviq Kronek Mayningen teatrına 1866-cı ildə gəlir. Hersoq əvvəl onu baş rejissor, sonra isə direktor təyin edir.

1866-cı ildən başlayaraq hersoq II Georg teatrla yaxından məşğul olur. Əksər tamaşaların tərtibatı və geyim eskizləri ona məxsus idi. O, rəngkar idi və səhnə sənətində döyüş və mənzərə kompozisiyaları ilə bağlı öz yaradıcılıq şövqünü həyata keçirmək üçün böyük imkanlar görürdü. 1867-ci ildə «Yuli Sezar» tamaşası üzərində iş başlayır. Bu, həmin o tamaşa idi ki, bir müddət sonra - 1874-cü il mayın 1-dən mayningençilər onunla Berlində Avropa qastrollarını açır. 1871-ci ildə II Georg, teatrla məşğul olmaqda əl-qolunu bağlayan hökmdarlıq səltənətindən məhrum olur, onun hersoqluğu Bismark tərəfindən Almaniya imperiyasına birləşdirilir.

Kponekin gəlişi ilə isə mayningençilərin truppasında teatr islahatları başlayır. Teatrın repertuarını əsasən klassik dramaturgiya təşkil edirdi. Çoxillik qastrolları zamanı mayningençilər ümumilikdə təxminən üç min dəfə tamaşa göstərdilər. Tamaşalar Şiller (9 pyes), Şekspir (6 pyes), Klaystd (3 pyes), Molyerdən (2 pyes), Bayron (3 pyes), Höte (1 pyes) və başqa müəlliflərin əsərləri əsasında hazırlanmışdı.

Teatrın daim marağında olduğu tarixi süjetlər mayningençilərə şöhrət gətirən çoxcəhətli milli, etnoqrafik, tarixi və arxeoloji məsələləri təfsilatı ilə canlandırmağa imkan verirdi. Onlar hətta müasir müəlliflərdən belə səhnədə möhtəşəm, cah-calallı tarixi mühit yaradan pyeslər (İbsenin “Taxt-tac uğrunda mübarizə”, Byörnsonun «Şotlandiyanın kraliçası Mariya Stüart» və s.) seçirdilər.

Mayningençilərin quruluş üzərində iş üslubu, tərzi öz zamanı üçün yeni idi. Əvvəlcə pyesin mətni diqqətlə öyrənilir, uzunmüddətli stolarxası məşqlər aparılır, iştirakçılar öz aralarında pyesin inkişaf xəttində danışıq dilinə və plastikaya diqqətlə yanaşırdılar. Mayningençilərin rejissorluq işi naqqaşlıq sənəti idi. Onlar tamaşanın bütün komponentlərini vahid bir məqsədə yönəldirdilər, daha doğrusu, onun köməkliyi ilə dram əsərlərinin mahiyyətini açan ansambl prinsipinə riayət edirdilər. Tamaşada rejissorun konsepsiyasını, əsas məqsədini məhz bu ansambl ifadə edirdi. Mayningençilərin başlıca tarixi xidmətləri də bunda idi. Hersoq Georg və rejissor Kponek hər şeydən əvvəl çalışırdılar ki, personajların yaşadığı dövrü gerçəkliyi ilə göstərsinlər. Kütləvi səhnələr xüsusi diqqətlə, incədən-incə qurulurdu. Teatrda xeyli sayda statist (kütləvi səhnələrdə oynayan) ştatı vardı. Onlar tamaşaların lazımi səhnələrində donuq sifətli adicə insan yığımı deyildilər, açıq-aydın cuşa gəlmiş xalq kütləsiydilər. Kütləvi səhnələrin iştirakçıları ilə iş tamaşanın hazırlanması prosesinin mühüm mərhələsi idi.

Öz milli səhnəsinin reformatoru olan fransız rejissoru Antuan kütləvi səhnələrin belə səssiz, dinməz iştirakçılarının oyunlarını yüksək dəyərləndirmişdi: «Onların statistləri bizdə olduğu kimi təsadüfi yığılmış, pinti geyinmiş, qədim və sıxıntı gətirən kostyumlarla rəftardan məhrum olmuş insanlardan ibarət deyil... Bizim teatrda donuqluq həmişə, demək olar ki, statistlərin sifətlərinə yazılıb, halbuki mayningençi statistlər ayrı-ayrı obrazların mimikalarını canlandırmağa və oynamağa borcludurlar... Ayrı-ayrı məqamlarda bu ölçüyəgəlməz dərəcədə güclü təsir bağışlayır».

Mayningen teatrının rejissorluq prinsipləri bu teatrın aktyoru Paul Lindau tərəfindən qələmə alınmışdır. Onun kütləvi və xalq səhnələri ilə bağlı dedikləri maraq doğurur: «Statistlər qruplara bölünür və onların hər biri ilə ayrıca məşq keçirilir. Hər belə qrupa rəhbərlik həmin kütləvi səhnələrdə birinci şəxs kimi iştirak edən ən təcrübəli aktyora həvalə olunur. O, öhdəsinə verilən statistlərin rejissorun bütün tapşırıqlarını dəqiqliklə yerinə yetirmələrinə görə məsuliyyət daşıyır. Hər statist qrupunun rəhbəri replikalardakı xəbərdarlıq da əlavə olunmaqla rolların surətlərini alırlar. Xəbərdarlıq replikaları (remarka - A.İ.) dramaturqun da göstərişi ilə ola bilər. Məsələn, «səs-küy», «həyəcan», «uğultu» və s. Mayningen teatrında istisnasız olaraq bütün artistlər bu cür statist işlərini görməyə borclu idilər».

Belə hal mayningençilər truppasının nail olduğu, mühüm əhəmiyyət daşıyan kütləvi səhnələrin necə canlı təsir bağışladığını dəyərləndirməyə imkan verir. Amma ən mühüm iş kütləvi səhnələrin quruluşunun tərtibatı idi. Həm də pozaların, ifadələrin duruşların yeknəsəqliyindən qaçmaq lazım gəlirdi. Kütləvi səhnə iştirakçılarının bir hissəsi müxtəlif hündürlükdə dayanırdı, bir hissəsi diz çökürdü, üçüncülər isə qatlanmış, beli bükülmüş görkəm alırdı. Statistlər çox vaxt əyri-üyrü yarımdairə şəklində düzülürdülər. Kütləvi səhnələrdə tamaşaçı salonunun baxış bucağı və eyni zamanda personajların rampanın xəttindən uzaqlığı nəzərə alınırdı. Duruşların, pozaların bir-birini təkrar etməməsi şərtilə, rəsm əsərlərində olduğu kimi dayanmaq mayningençilərin tapıntısı idi. Onlar belə bir səhnə effekti də yaradırdılar: səhnədə böyük xalq kütləsi illüziyasını, təəssüratını oyatmaq üçün statist qrupları elə düzülürdülər ki, pərdənin arxasına doğru getdikcə sanki görünmürdülər. Amma bu lövhə tamaşaçıda elə təəssürat oyadırdı ki, oraya - səhnənin arxasına da xalq kütlələri doluşub.

Mayningen teatrında hər statistin qarşısına müəyyən tapşırıq qoyulurdu, hər dinməz, sözsüz rol səhnədə canlı görünürdü. Bu canlı kütlə səhnədə səs təzahürü yaradır, hiss və əhval-ruhiyyənin dəyişikliyini canlandırırdı. Kütlənin danışığını təkmilləşdirməyə kifayət qədər əhəmiyyət verilirdi. Bir çox hallarda kütlə baş qəhrəmanları sıxışdıraraq ön plana çıxırdı. Məsələn, Şillerin «Orlean qızı» pyesinin təntənəli tacqoyma mərasimində belə hal yaşanırdı: tamaşaçının diqqəti kilsənin önündəki təntənəli mərasim prosesinə doğru uzanan dar küçəyə sıxlaşmış kütləyə yönəldilmişdi. Bu an «kilsənin bütün zəngləri çalınır, bütün bayraqlar yellənir, bir ağızdan çağırışlar səslənirdi». Beləliklə, teatr ilk andan tamaşaçının qulağına və baxışına hakim kəsilirdi.

Mayningen teatrında kütləvi səhnələrin qurulma üsulları rəngarəng idi. Şillerin “Vallenşteynin düşərgəsi” faciəsində düşərgə səhnəsi mayningençilərin xalq kütlələrini canlandıran çoxsaylı səhnələri içərisində ən valehedici idi. Belə səhnələr təkcə həyatilik hissi oyatmırdı, eyni zamanda səhnə cazibədarlığı, parlaqlığı yaradır, güclü estetik təəssüratlar oyadırdı.

Teatrın möhtəşəm qastrol səfərlərinin təşkili ideyası da Kronekə məxsusdur. Teatrın qastrol repertuarı 41 pyesdən ibarət idi və başlıca yeri Şillerin («Don Karlos», «Mariya Stüart», «Vilhelm Tell», «Messina gəlini», «Orlean qızı», «Qaçaqlar» və s.»), Şekspirin («Hamlet», «Şıltaq qızın yumşalması», «Yuli Sezar», «Maqbet», «Qış nağılı», «Romeo və Cülyetta», «Venesiya taciri», «On ikinci gecə») əsərləri tuturdu. Kronekin rəhbərliyi ilə teatr 1874-1890-cı illərdə Avropaya uzunmüddətli qastrola çıxdı. Bu müddətdə truppa həmçinin Misirdə, 1885 və 1890-cı illərdə Rusiyada tamaşalar göstərmişdi.

1885-ci ildə teatr ilk dəfə Rusiyada olarkən truppanın tamaşaları üslubunun oyatdığı təravəti ilə çox mənalara aydınlıq gətirdi. Teatr özünün bütün yenilikləri - tamaşalarda «artistlərin bərabərhüquqluluğu», səhnə ansamblına əhəmiyyət verilməsi, eləcə də möhtəşəm kütləvi səhnələr və səhnəyə qədim məişət nümunələrinin, etnoqrafiyanın və sənət tarixinin çıxarması ilə hamını valeh edirdi. K.S.Stanislavski mayningençilərin bir tamaşasını belə buraxmırdı və onun bu barədə maraqlı xatirələri qalmışdır. Stanislavski deyirdi: «Onların tamaşaları dövrün tarixi cəhətdən dəqiqliyi, xalq səhnələri, zahiri gözəlliyi, valehedici nizam-intizamı və bayram əhval-ruhiyyəsi, cazibəsi ilə seçilən quruluşlar idi. Bu truppada, həqiqətən, Şillerin və Şekspirin ruhu yaşayırdı... Mayningen hersoqu həddən ziyadə istedadlı artistlərin köməyi olmadan sırf quruluş və rejissor sənəti vasitələri ilə görkəmli şairlərin yaradıcılıq düşüncələrini bədii şəkildə canlandıra bilmişdir. Məsələn, «Orlean qızı»ndakı belə səhnəni heç vaxt unutmaq mümkün deyil: taqətsiz, üzgün, miskin görkəmli Kral boyundan yekə, nəhəng taxtda oturub. Onun cılız ayaqları havada var-gəl edir, altdakı yastığa çatmır. Taxt-tacın ətrafında son gücləri ilə Kralın nüfuzunu qorumağa çalışan saray əhli. Amma hakimiyyətin yıxılma anlarında tənzim etiketləri artıq görünür. Bu şəraitdə - Kralın nüfuzu əldən getdiyi anda hündürboylu, qamətli, qətiyyətli, cəsur və dəhşətli dərəcədə həyasız ingilis nümayəndələri görünür. Onların təhqirinə, təkəbbürlü ədasına soyuqqanlılıqla tab gətirmək çətindir. Zavallı Kral buyruqlara əməl edən saray əhlinə özünü əskildən əmrlər verib getmək istədiyi anda tənzim qaydalarını yerinə yetirməyə çalışır. Amma buna başlayan kimi o duruxur, ləngər vurur, əyilib-düzəlir və gözlərini aşağı dikib durur, göz yaşları onu boğur və hamının qarşısında ağlamasın deyə o, tənzim ayinini belə unudaraq qaçır. Onunla birlikdə bütün tamaşaçılar da ağlayır, mən də ağladım. Beləliklə, rejissorun tapıntısı özlüyündə böyük əhval-ruhiyyə yaradır və çox mətləbdən xəbər verir».

Çox keçmir ki, Stanislavski Moskva Bədaye Teatrını yaradır və onun ilk tamaşaları bir çox tənqidçilər tərəfindən «mayningençilərin təqlidi» kateqoriyasına aid edilir. Yox, bu təqlid deyildi, teatrın başında rejissorun durduğu andan səhnə sənəti üçün yeni imkanlar açan zamanın nəfəsi, ab-havası idi. Mayningençilərin tamaşalarına baxdığı vaxtdan böyük səhnə islahatçısı başa düşür ki, heç də hər şey rejissordan asılı deyil. Əgər aktyor onu başa düşmürsə, əgər o özü aktyorlara kömək edə bilmirsə, onda ən böyük rejissor niyyətləri belə tamaşada heç bir vəchlə baş tuta bilməz. Stanislavski deyir ki, mayningençilərdə tamaşanın dayaq nöqtəsi quruluşa (rejissor işinə) keçirilib. Sanki hamının əvəzinə rejissor yaradır, təəssüf ki, bu rejissor despotizmi təzahürü yaradır. Stanislavski Kronekin iş metodu ilə maraqlanır, bu teatrın təcrübəsini çox diqqətlə öyrənir.

O yazır: «Tamaşadan və məşqlərdən kənar vaxt ən sadə bir insan olan, hətta truppanın üçüncü dərəcəli aktyorları ilə də dostluq ünsiyyəti quran Kronek aktyorların qənimi idi. O, sanki bu sadəliyi ilə adi insanlara özünü bəyəndirməyə, onların rəğbətini qazanmağa çalışırdı. Ancaq məşqlər başlamazdan əvvəl, elə ki Kornek özünün rejissor kürsüsündə əyləşirdi, o, tamamilə başqa bir adama çevrilirdi. O, yerində sakit əyləşərək, saatın əqrəblərinin məşqin təyin olunmuş vaxtına gəlib çatmasını gözləyirdi. O, an yetişən kimi böyük zəngi əlinə götürərək məşum, amma sakit səsi ilə amansız tərzdə elan edirdi: «Anfangen». O dəqiqə hər şey sükuta qərq olurdu və aktyorlar da dəyişirdilər. Məşqlər dayanmadan gedirdi. O məşum zəngin yenidən səslənməsinə, sonra isə rejissorun amansız tərzdə öz qeydlərini dediyi ana qədər fasiləsiz davam edirdi. Budur, məşq qəfil dayanır, qarışıqlıq yaranır. Aktyorlar pıçıldaşır, rejissor köməkçisi səhnə boyu vurnuxur... Məlum olur ki, ifaçılardan biri gecikib və onun monoloqu buraxılmalıdır... Hamı yerində donub. Kronek sükuta qərq olur. Bu sükut uzun-uzadı çəkir. Kronek qərara gəlmək üçün düşünür. Hamı onun hökmünü gözləyir. Və nəhayət rejissor bəyan edir:

- Gecikmiş artist X-in rolunu bütün Moskva qastrolları ərəfəsində artist U. ifa edəcək. Artist X-ə isə arxada, sonuncu cərgədə xalq kütləsi səhnələrini oynayan statistlərin ifasını idarə etməyi tapşırıram.

Suçlu artisti dublyoru əvəz edir və məşq öz axarı ilə davam edir».

Moskva tamaşaçıları mayningençilərin gücünün nədə olduğunu ilk andan başa düşdülər. Əlbəttə ki, ən güclü təəssürat hər şeydən əvvəl tamaşaların zahiri cəhəti ilə bağlı idi. Tamaşaların birində onlar heyrət etmişdilər ki, «Pompeyin heykəli həqiqidir». Təəccüblənirdilər ki, senatın sütunları, kətan üzərinə çəkilməyib, gerçəkdən dairəvidir. Və «Sezar iki damla su kimi əslinə oxşayır». İkincisi, tamaşaçıları xalq səhnələrinin quruluşu heyran etmişdi. Doğrudanmı teatr özüylə 200 nəfər statist gətirmişdir? Yox, Rusiyaya qastrolları vaxtı mayningençilərin tamaşaçılarındakı statistlər rus əsgərləri idi. Kronek onların sənətkarlıq qabiliyyətindən vəcdə gəlmişdi. «Əgər sizdə əsgər belədirsə, gör onda aktyorlar hansı səviyyədədirlər».

Mayningençilər həqiqətən tamaşaların dekorasiyası cəhətindən xeyli yenilik etmişdilər. Adətən həmin dövrdə standart «pavilyondan» istifadə edilir, onun köməyi ilə evlərin, otaqların içərisi təsvir olunurdu. Mayningençilər səhnədə mühiti elə vasitələrlə yaratmağa çalışırdılar ki, o, qəhrəmanın xarakterini aça bilsin, səciyyələndirsin. Onların yaradıcılıq axtarışları rəngarəng idi, bu xüsusda bir çox meylləri qeyd etməmək olmaz. Bu meyl «həyat parçasını» dəqiq əks etdirmək üçün gerçəklik və natualizmlə bağlı idi. Digər tərəfdən, teatrın tamaşalarında romantik çalarlar da vardı, hər səhnədə xüsusi əhval-ruhiyyə oyadırdılar. Onu hasil etmək üçün dəqiq tarixi təfərrüatdan və işıq effektlərindən yararlanırdılar. Onlarda hər şey tamaşanın ümumi ideyasına tabe edilmişdi, hər şey rejissor despotizminə itaətkarlıqla bağlı idi. Amma elə o vaxtlar, onların təkamül dövründə hiss olundu ki, teatrın aktyorlarının oyunlarında fərdi yaradıcılıq sanki silinib gedir. Aktyorsuz isə heç bir mükəmməl rejissor niyyətini, planını sona kimi başa çatdırmaq mümkün deyil. Məhz aktyor sənəti cəhətindən mayningençilərin ən zəif yeri üzə çıxdı, müəyyən edildi. Teatrın Moskva qastrolları zamanı resenziya yazmış A.N.Ostrovskinin qənaətinə görə, səhnədə gerçək, təmtəraqlı tarixi mühit, tipə müvafiq həqiqi butaforlar tez-tez aktyorların qabağını kəsir, onları da «butafor əşyalarına» çevirirdi. Aktyorlar əvvəllər olduğu kimi, ənənəvi «alman pafosu» ilə oynayırdılar. Bütün bunlarla yanaşı teatr bütün Avropa səhnə sənətinə böyük müsbət təsir göstərdi. İlk dəfə olaraq tamaşanın ona daxil olan bütün komponentlərin vəhdətindən ibarət olması düşüncəsi öz təsdiqini tapdı, bu da öz növbəsində rejissorun əzmkarlığı və tamaşa ilə əlaqədar təsəvvürləri ilə bağlı idi. Mayningen teatrı O.Bram (Almaniya «Azad səhnə» teatrı) və A.Antuan (Fransa «Azad teatr»ı) kimi rejissorların formalaşmasına bilavasitə öz təsirini göstərdi. Rus rejissoru K.S.Stanislavskinin iş metoduna da mayningen truppasının şəksiz təsiri olmuşdur.

1891-ci ildə Kronek vəfat etdi və II Georgun onu başqa birisi ilə əvəz etməyə əli gəlmədi. O, teatrın qastrollarını saxladı, hesab etdi ki, mayningençilər vəzifələrini yerinə yetiriblər. Görünür, hersoq haqlı idi. Yaradıcılığı ilə dünyanın ən yaxşı rejissorlarının, dramaturqlarının və aktyorlarının, eləcə də Avropanın və Rusiyanın geniş tamaşaçı kütləsinin tanış olduğu teatr, şübhəsiz, öz missiyasını başa çatmış saya bilərdi. Təsəvvür etmək çətindir ki, Kroneki yetirən mayningen truppası bir başqasını yetirsin. Bu, artıq başqa bir teatr olacaqdı.

 

Atababa İsmayıloğlu

 

Mədəniyyət.- 2016.- 27 iyul.- S. 12.