Beşinci simfoniya”nın sirri

 

Dahi alman bəstəkarı Lüdviq van Bethovenin (1770-1827) “Beşinci simfoniya”sı dünya musiqi tarixinin incilərindəndir. Əsər maraqlı başlanğıcı ilə yadda qalmaqdadır. Mütəxəssislər bunutalenin qapını döyməsi” kimi izah edirlər. Musiqi dili ilə desək, simfoniya əsərin başlıca motivi olan dörd - 3 qısa, 1 uzun notun iki dəfə təkrarı ilə başlayır.

Bethoven Avropa klassik musiqisində klassisizmdən romantizmə keçid dönəminin başlıca siması, dünya musiqi tarixinin ən görkəmli bəstəkarlarından biridir. Onun yaratdığı əsərlər özündən sonra gələn bəstəkarlar nəslinin yetişməsində mühüm rol oynayıb.

Bəstəkar dünyaca məşhur “Beşinci simfoniya”sını 1804-1808-ci illərdə yazıb. Simfoniya dörd hissədən ibarətdir. Əsərin yazıldığı illərdə otuz yaşlarında olan gənc Bethoven karlıqdan əziyyət çəkirdi. Üstəlik, həmin vaxt Avstriyada siyasi durum çox gərgin idi, 1805-ci ildə Napoleon Vyananı işğal etmişdi.

Beşinci simfoniya”nın premyerası 22 dekabr 1808-ci ildə Vyanada, “Theater an der Wien”də Bethovenin öz rəhbərliyi ilə həyata keçirilib. Araşdırmaçılar yazır ki, təqdimatdan öncə yalnız bircə dəfə məşq edən orkestr konsertdə yaxşı ifa etməyib. Xor fantaziyasının ifası zamanı isə yanlışa yol verildiyindən Bethoven ifanı yarımçıq saxlayaraq əsəri başdan başladıb. Auditoriya konserti olduqca soyuq qarşılayıb və proqramın uzunluğu yorucu təsir bağışlayıb. Amma bəstəkarın il yarım sonrakı konserti çox uğurlu keçib.

Simfoniya tezliklə klassik musiqi konsertlərinin repertuarında özünə yer edə bilir. “Beşinci simfoniya” 7 dekabr 1842-ci ildə Nyu-York Filarmoniyasının və 2 noyabr 1931-ci ildə isə Milli Simfonik Orkestrin açılışlarında klassik musiqinin rəmzi kimi ifa edilib.

Adıçəkilən əsər Bethovenin simfoniya yaradıcılığının ən gözəl örnəyi kimi dəyərləndirilir. Dörd bölümlü simfoniyanın ifa müddəti otuz dəqiqədir. Birinci bölüm Bethovenə sələfi olan HaydnMotsart kimi klassiklərdən miras qalmış ənənəvi sonata şəklində yazılıb. Bu hissədə elə ilk misralardaca bəstəkar dinləyicini əsərin ideyası ilə tanış edərək simfoniyada tətbiq olunmuş bütün açarların istifadəsindən sonra yenidən açılış hissəsinə geri dönür. Hissə çox güclü iki notla başlayır və bunun ardınca gələn məşhur dörd notlu motiv dinləyicinin bütün diqqətini əsərə toplaya bilir. Beləliklə, əsər boyutalesözünü deyir, özünü göstərir.

Tədqiqatçılar qeyd edir ki, bu məşhur simfoniyanın bir-iki yerində başqa bəstəkarların əsərlərinə oxşarlıqlar var. Bu təsadüfdürmü? XIX əsr musiqişünası Qustav Nottbom əsərdə Motsartın “Qırxıncı simfoniya”sının final hissəsinin açılış mövzusu ilə bənzərliklərin olduğunu bildirir. Belə oxşarlıq bu günə qədər çox dartışmalara səbəb olub. Nottbom həmin bənzərliyi BethoveninBeşinci simfoniya”nı yazdığı zaman etdiyi qeydləri araşdırarkən ortaya çıxarıb. Belə ki, həmin qeydlərdə Motsartın final mövzusundan eyniylə köçürülmüş 29 ölçü var idi...

Eləcə də dördüncü bölümdə başqa bir bəstəkarın əsərinə oxşarlıq üzə çıxıb. Final məşhur Avstriya bəstəkarı Frans Yozef Haydnın 1772-ci ildə yazdığı “Qırx altıncı simfoniya”sının üçüncü hissəsinə bənzər musiqi ilə kəsilir. Bethovenin Haydnın həmin əsəri ilə tanış olub-olmadığı qaranlıq olaraq qalır.

BethoveninBeşinci simfoniya”sı haqqında çoxlu kitablar, elmi məqalələr və qeydlər yazılıb. Əsərin motivi isə hamının diqqət mərkəzində olan mövzudur. Doğrudanmı, “tale” bəstəkarın qapısını döyür, yoxsa motiv tamam başqadır? Bu haqda bəstəkarın konsertinin premyerasını təşkil etmiş tələbəsi Karl Tsezerni qeyd edir ki, Bethoven Vyanada Prater parkında gəzərkən sərçənin “nəğmə”sini eşidibbu haqda öz yazılarında qeyd edib, motiv onunla bağlıdır.

Bethovenin bu böyük əsərinin girişində “tale qapını döyür” mesajını vermək niyyətində olması fikri şübhəli olaraq qalmaqdadır. Əslində “tale” ilə bağlı yozumun həqiqi müəllifi Bethovenin başqa bir tələbəsi Ferdinand Raysdır və o, yanaşmasını dahi bəstəkara bildirəndə bu fikir onu qıcıqlandırıbmış.

Başqa bir müəllif Elizabet Şvarm Qlesner qeyd edir ki, Bethoven öz problemləri və şəxsi həyatı ilə bağlı məsələləri dilə gətirməyən adam olub. Ola bilsin ki, elə bu fakt simfoniyanın motivi ilə bağlı söylənən hər iki fikrin əsassız olduğunu söyləməyə imkan verir.

Beşinci simfoniya” haqqında bu yazını əsəri dinləyə-dinləyə yazdım.

 

S.Qaliboğlu

Mədəniyyət.- 2016.- 27 iyul.- S. 13.