Aşıqlarımız Xorvatiyada beynəlxalq festivalda iştirak ediblər

 

Şirvan aşıq mühitinin yetirmələri olan bir qrup aşıq Xorvatiyanın Zaqreb şəhərində keçirilən ənənəvi beynəlxalq folklor musiqisi festivalında iştirak ediblər.

Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı bildirib ki, aşıqlarımız Azərbaycan mədəniyyətini, qədim tarixə malik olan aşıq sənətimizi layiqincə təmsil edərək Vətənə dönüblər.

Qurumun beynəlxalq məsələlər üzrə katibi, Əməkdar incəsənət xadimi Sənubər Bağırovanın rəhbərlik etdiyi qrupa Şirvan aşıqlarından Ağamurad İsrafilov, Vüqar Mahmudoğlu və Əli Tapdıqoğlu daxil olub. Onları Qənimət Qədirov, Baxış Binyətov (balaban), Şöhrət Əliyev (nağara) və Şəmsi Fətəliyev müşayiət edib.

Zaqreb şəhərində 50-ci dəfə keçirilən festivalda aşıqlarımızın çıxışı yerli tamaşaçıların böyük rəğbətini qazanıb. Xorvatiyalılar qarşısında üç dəfə müxtəlif proqramlarla çıxış edən nümayəndə heyətinin üzvləri fəxri diploma layiq görülüblər.

 

Mədəniyyət.- 2016.- 27 iyul.- S. 16.