Dənizkənarı bulvarda açıq rəqs dərsləri davam edir

 

Xəbər verdiyimiz kimi, Mədəniyyət və Turizm Nazirliyinin layihəsi əsasında Bakı bulvarı ərazisində açıq havada rəqs məkanı təşkil edilib. Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin də dəstək verdiyi layihə üzrə Azərbaycan Dövlət Kukla Teatrının arxasındakı açıq meydançada həftənin bazar günləri müxtəlif xalqların rəqsləri nümayiş olunur.Multikulturalizm ili” ilə əlaqədar həyata keçirilən layihə paytaxt sakinləri və qonaqlar tərəfindən maraqla qarşılanır.

Burada müxtəlif rəqs növləri üzrə açıq dərslər də keçilir. Dərsləri Azərbaycan Rəqs Assosiasiyası və Azərbaycan Gənclər İttifaqının dəstəyi ilə “Jam SS” rəqs studiyasının peşəkar müəllimləri aparır. Dərslərdə milli rəqslərimiz, ləzgi-avar rəqsləri, hip-hop, zumba, Latın Amerikası rəqsləri, oriyental, hind və digər rəqslər nümayiş olunur.

Rəqs dərslərində Bakı sakinləri və şəhərimizin qonaqları, xarici turistlər də maraqla iştirak edirlər. Rəqs dərslərinə qatılmaq istəyənlər bazar günü saat 18:00-dan 21:00-dək Dövlət Kukla Teatrının arxasındakı açıq meydançaya gələ bilər.

 

Mədəniyyət.- 2016.- 29 iyul.- S.3.