Oksford və
Londonda “Avrasiya səsləri”
TÜRKSOY Gənclik Kamera Orkestri britaniyalıları heyrətləndirib
Türkdilli ölkələrin gənc
musiqiçiləri öz
ifaları ilə ən tələbkar auditoriyanın belə qəlbini fəth etməyi bacarırlar. İyulun 25-də Oksfordda TÜRKSOY-un gənclərdən ibarət
kamera orkestrinin ifasını dinləməyə
gələn klassik musiqi həvəskarları
da bu faktın
şahidi olublar.
Türk dünyasının fərqli
ölkələrindən seçilmiş
istedadlı ifaçılardan
ibarət TÜRKSOY Gənclik
Kamera Orkestri builki Avropa turuna
Böyük Britaniyadan
başlayıb. “Avrasiyanın səsləri” adlı konsertlər silsiləsi postsovet məkanın beş türk
respublikasının - Azərbaycan,
Qazaxıstan, Qırğızıstan,
Özbəkistan və
Türkmənistanın müstəqilliyinin
25 illiyinə həsr olunub.
Kollektiv ilk konsertini Oksford Universitetinin Şeldon Teatrında təqdim edib.
Musiqi axşamına 500-ə yaxın
sənətsevər qatılıb.
Orkestr dirijorlar Ənvər Əkbərov (Qazaxıstan)
və Mustafa Mehmandarovun
(Azərbaycan) idarəsi
ilə dünya klassikləri ilə yanaşı türk dünyası bəstəkarlarının
əsərlərini də
ifa edib.
350 il
öncə görkəmli
ingilis memar Kristofer Ren tərəfindən
inşa edilmiş Şeldon Teatrında hər il dünyaca
ünlü Oksford Universitetini bitirən tələbələrin məzun
törəni keçirilir.
Orkestrin üzvləri
Britaniyadakı çıxışlarına
Oksforddan başlamalarını
da sevinclə qarşılayıblar: “Oksfordun
birinci olması çox yaxşı oldu! Əgər bu konsertə epiqraf seçilsəydi, çox güman ki, belə səslənərdi:
türk dünyasının
konservatoriya tələbələri
məşhur universitet
şəhərciyində!”
Orkestrin çıxışını müşayiət edən
alqışlar tələbə
musiqiçilərin mötəbər
səhnədə sənət
imtahanından uğurla
çıxdıqlarını göstərib.
İyulun 26-da isə TÜRKSOY Gənclik
Kamera Orkestrinin növbəti konsert məkanı London olub.
Tarixi Ceyms Kafedralında gerçəkləşən bu
konserti də 500-dək
tamaşaçı, o cümlədən
Londonda fəaliyyət
göstərən diplomatik
missiyaların təmsilçiləri
də izləyib.
Növbəti çıxış ünvanı
Şotlandiyanın Edinburq
şəhəridir. Türk dünyasının gəncləri həmçinin
Qlazqo şəhərində
İSME (Beynəlxalq Musiqi
Təhsil Birliyi) dünya konfransında müxtəlif ölkələrdən
gələn musiqişünasların
qarşısında xüsusi
konsert proqramı ilə çıxış
edəcəklər.
Kamera orkestri Azərbaycan, Qazaxıstan, Qırğızıstan,
Özbəkistan, Türkmənistan,
Başqırdıstan, Tatarıstan
və Xakasiyadan olan gənc musiqiçilərdən ibarətdir.
Orkestrin repertuarına Edvard Qriq, Antonio Vivaldi, Pyotr Çaykovski, Alfred Şnitke, Qara Qarayev, Muratbek Berqaliyev, Suxan Tuqliyev, Mansur Saqatov və Almas Serkebayevin
əsərləri daxildir.
Xatırladaq ki, orkestr TÜRKSOY-un baş katibi Düsen Kaseinovun təşəbbüsü ilə
2010-cu ildə yaradılıb. Məqsəd türk musiqisinin
özünəməxsusluğunu həm də klassik janrlarda təbliğ etməkdən
ibarətdir.
Orkestrin ilk konserti maestro Fuad Mənsurovun xatirəsinə
həsr olunub və 2010-cu ildə Ankarada baş tutub.
O vaxtdan etibarən orkestrin üzvləri 9 dəfə bir araya gəliblər və dünyanın müxtəlif ölkələrində
40 konsert veriblər.
Budəfəki səfər turu Britaniyadan sonra İtaliyanın Forli və
Pesaro şəhərlərində davam edəcək. “Avrasiyanın səsləri”
konsert proqramları avqustun
3-də başa çatacaq.
Mehparə
Sultanova
Mədəniyyət.- 2016.- 29 iyul.- S.8.