Zəhmət
və səbirlə yaşadılan el sənəti
Keçəçilikdə
ən ağır iş bükülmüş
keçənin döyülməsidir, yun
günlərlə, aylarla döyülür,
sonda keçə halına düşür
Rəssam
Rauf Əbdülhüseynoğlu uzun illərdir ki, milli keçəçilik sənəti ilə
məşğul olur.
Çağımızda keçəçilik sənətinin
ölkəmizdə yaşadılması və bədii səviyyədə
təqdim edilməsi onun adı ilə
bağlıdır.
Onunla
Əhmədlidəki “Rəssamlar evi”ndə, 13 kvadratmetr
sahəsi olan kiçik
emalatxanasında görüşdüm. Təbii
ki, buranı keçəçilik kimi ağır sənətlə məşğul
olan rəssam üçün
emalatxana adlandırmaq çətindir. Ancaq rəssam buna da şükür edir ki, heç
olmasa hər gün evindən
çıxıb sevdiyi sənətlə
məşğul olmaq üçün
üz tutduğu bu ünvan var.
Bu balaca otağı ona 15 il öncə Rəssamlar
İttifaqı verib. Qəribəsi odur ki, rəssam bu darısqal yerdə özü
üçün keçələrdən
kiçik alaçıq, dəyə də
düzəldib ki, yorulanda
dincəlsin.
1957-ci
ildə Mingəçevirdə anadan olan həmsöhbətim deyir
ki, 3 yaşından rəsm çəkməyə
başlayıb. Sənət təhsilini ilk
olaraq o vaxtkı
Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq
Məktəbində, sonra isə indiki Mədəniyyət və İncəsənət
Universitetinin xalçaçılıq
fakültəsində alıb. Keçə sənətini isə
təkbaşına öyrənib, 1979-cu ildə bu sənətdə ilk əl
işini ərsəyə gətirib.
Özü
bu haqda belə
danışır: “İlk dəfə
keçəni uşaqlıqda babamgilin Zərdabdakı
evində görmüşdüm.
İşə başlayanda çex və yapon
qaynaqlarını araşdırdım. Türkmənlərdə
də keçə sənəti var,
alaçıqları örtürlər. Onlarda
yunu qamışa büküb
sıxırlar. Bizdə isə keçə yalnız döymə
yoluyla əmələ gəlir. Beləliklə,
günlərin birində keçə düzəltmək qərarına
gəldim”.
Bunun
üçün rəssam yun
alıb, boyayıb və didib. İlk işi “Qoy həmişə günəş olsun!” əsəri olub.
Əsəri düz bir
ilə başa çatdırıb. Bir adam tapmayıb ki, bu sənətin
texnologiyasını ona başa
salsın.
“Çox təcrübəsiz idim.
Adətən keçənin
qalınlığı 1 sm olur. İlk əsərimin
qalınlığı 10 sm-ə çatırdı. Ölçüsü böyük
idi. Ümumiyyətlə, keçə əsərlərin
ölçüsü böyük
olur. Öncə yerdən bez
sərdim, sonra eskizə əsasən yunu onun üzərindən
yığdım. Bunun da üzərindən isti su əlavə elədim. Çox
döyəcləsəm də, yun bir-birinə
yapışmırdı. Həmin keçənin çəkisi
7 kiloqram idi.
1980-ci
ildə Rəssamlar İttifaqı payız sərgisi keçirirdi, həmin əl işini
götürüb sərgiyə verdim. Dedilər ki, biz belə şeyləri qəbul etmirik. Bundan sonra keçəçiliklə məşğul
olmağım sual altında
qalırdı. Bir müddət sonra Novqorodda gənc rəssamların
sərgisi keçirilirdi, həmin əsərimi
poçtla ora göndərdim.
Gözləmədiyim nəticə ilə
qarşılaşdım: birinci yer tutmağımla bağlı təbrik məktubu
aldım. Bu uğur mənə
dedi ki, keçəçiliyi
davam etdirməliyəm”.
Rəssamın
keçədən hazırladığı ikinci
işi “Karvan” olub, 8 aya ərsəyə
gətirib. Yenə də sərgiyə təqdim edib və bu dəfə
komissiyanın sədri, Xalq rəssamı Kamil Əliyev çox bəyənib
və onun istəyi ilə əsər
dövlət tərəfindən alınıb.
“Həmin
işə görə 800 rubl pul aldım. Ehtiyacım olsa
da, pulsuz
alınmasına da razı olardım, təki
qəbul olunum. Beləcə keçə əsərlərimi
yavaş-yavaş qəbul etməyə
başladılar. 1994-cü ildə Bakıya BMT-nin
baş katibi Butros Butros Qali
gəlmişdi. “Qarabağ təranələri”
əsərimi ona təqdim etdilər”.
Müsahibim
keçənin qoyun və dəvə yunundan hazırlandığını söyləyir.
Onların hər biri yaxşıdır, ancaq ikisinin
qarışığından düzəldilən keçə
lap keyfiyyətli olur.
İnsanlığa məlum olan ilk keçə Altay
dağlarındakı Tuket kurqanından
tapılan, eramızdan 2 min il öncəyə aid
nümunədir. Bu, başlıca olaraq qədim türklərlə bağlı bir sənətdir. Bir çağlar Azərbaycanın müxtəlif
bölgələrində, özəlliklə qoyunçuluğun
inkişaf etdiyi yerlərdə
çox yayılıbmış. Ölkəmizdə
keçənin tarixən bir neçə
növü olub: qundaq, qapı, yapıncı, namazlıq
keçələri. Adlar keçənin
nəyə yaradığını aydın göstərir.
Körpə uşaqların bələmək üçün
qundaq keçədən, evin,
alaçığın girişini
örtmək üçün qapı
keçədən istifadə edərdilər. Eləcə də
islanmamaq üçün
çobanların yapıncıları bundan
düzəldilərdi. Namaz qılmaq üçün ayrıca keçələr
də hazırlanıb.
Rəssam
bildirir ki, keçə
düzəltmək üçün qoyunun yaz yunu
daha əlverişlidir, ona
görə ki, belə yun
yumşaq olur. Bir də yun yalnız qoyunun belindən qırxılmalıdır, çünki bu hissədəki
yun uzun olur, döyəndə isə yaxşı
yapışır. Yun təbii olaraq qara, ağ,
qəhvəyi rənglərdədir. Bunlar
olduğu kimi keçədə
istifadə edilir. Başqa
rəngləri isə rəssam bitkilərdən alır. Məsələn,
yunu qırmızı boyamaq
üçün kal
böyürtkəndən, göy boyamaq üçün əncir
yarpağından yararlanır. Süni boyalardan istifadə etmir, ona görə ki, yun qaynamadan sonra qırılır. Boyanmış yun qurudulur və didilir. Eskizə əsasən boyalı yun bezin üzərinə düzülür və üzərinə sabunlu isti su
səpilir. Düzülən yunun hündürlüyü 50 sm-ə qədər
olur. Bu isə rəssamın
əsərə yuxarıdan aşağı baxmaq,
onu bütövlükdə görə
bilmək imkanını daraldır. İsti
suyun səpilməsindən sonra yun xeyli
yatır, sabun isə onun
birikməsini asanlaşdırır. Sonra yunun üstündən yenə parça
sərilir və ardınca bükülmə prosesi
gəlir.
Keçəçilikdə
ən ağır iş bükülmüş
keçənin döyülməsidir. Buna
da güclü qol gərəkdir. Rauf bəy
yunu döymək üçün
ayrıca alət də düzəldib. Beləcə yun günlərlə, aylarla
döyülür, sonda
keçə halına düşür.
Gündə keçəni üst-üstə 10 saat döymək tələb olunur.
Bəs
rəssam əsərlərini harada
yaradır? “Keçə düzəldəndə həyətə
düşür, yun boyamaq üçün
qazanlarımı qaynadıram. Ya həyətdə,
ya blokdakı pilləkənlərin
meydançasında bez parçanı sərib
yunu düzürəm. Ona
görə əsərlərimin çoxunun
ölçüsü pilləkənin
meydançası boydadır”.
Müsahibim
ildə 10-a yaxın keçə əsəri
yaratdığını bildirir. İndiyəcən
ümumilikdə 150-dək əl işi ərsəyə
gətirib. Rəssamın Bakıda 4 sərgisi, eləcə də
ABŞ, Moldova, Finlandiyada
fərdi sərgiləri keçirilib.
R.Əbdülhüseynoğlunun
bu ağır sənətin özündən
başqa bir
davamçısı da var.
O da rəssamın oğlu
Əbdülhüseyndir. Deyir ki, gənclər arasında bu
sənəti öyrənmək istəyənlər olsa da, sonradan
geri çəkiliblər. Çünki
bu, çox əziyyətli
işdir. Yunu boyayanda ondan pis qoxu gəlir, buna da dözmək
lazımdır.
Onu
da qeyd edək ki, Mədəniyyət və Turizm
Nazirliyi bu qədim xalq sənətimizi gələcək nəsillərə
çatdırmaq üçün hər il rəssamın bir
neçə əsərini alaraq muzey sərvəti kimi qoruyur.
S.Qaliboğlu
Mədəniyyət.- 2016.- 29 iyul.- S.12.