Misir telekanalında
Azərbaycan haqqında
veriliş
Misirin “Nil Mədəniyyət” kanalında
“Mənim gecəm” adlı proqramda Azərbaycan haqqında veriliş yayımlanıb.
Canlı yayımda iki saatdan çox
davam edən verilişdə Azərbaycanın
Misirdəki səfirliyinin
əməkdaşı Emil Rəhimov,
Ayn-Şəms Universitetinin
ədəbiyyat fakültəsində
Azərbaycan dilini tədris edən Usama Əbdürrəhim, fakültənin Azərbaycan
dilində təhsil almış məzunları
iştirak ediblər.
Səfirliyin əməkdaşı
Emil Rəhimov Azərbaycan
tarixi, zəngin mədəniyyəti, Misir-Azərbaycan
münasibətləri, Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ
münaqişəsi, Azərbaycanda
islam dininin yayılması tarixi, multikulturalizm dəyərləri,
ölkənin turizm imkanları haqqında geniş məlumat verib.
Misirdə müvəqqəti yaşayan
gənc alim Seymur Nəsirov Azərbaycanla Misir arasındakı tarixi əlaqələrə toxunub,
ərəb dilində
yazdığı kitabda
Misirdə mühüm
rol oynamış, əslən azərbaycanlı
olan tarixi şəxsiyyətlər barədə
söz açıb.
U.Əbdürrəhim Azərbaycan təbiətinin
rəngarəngliyi barədə
danışaraq, onun Azərbaycan incəsənətinə,
folkloruna müxtəlif
çalarlar qatdığını
deyib, ölkəmizin memarlıq tarixinə toxunub. Ölkəmizdə sənətkarlıq
və xalçaçılıq
sənətinin qədim
tarixi olduğunu qeyd edən alim UNESCO-nun qeyri-maddi mədəni irs
siyahısına salınmış
Azərbaycan muğamı,
xalça, kəlağayı,
tar ifaçılığı və aşıq sənəti haqqında da tamaşaçılara məlumat verib.
Ayn-Şəms
Universitetinin məzunları səfirliyin tələbələr
üçün təşkil etdiyi “Mən Azərbaycan haqqında nə
bilirəm” inşa müsabiqələrindən
söz açıblar, milli
mətbəximiz və adət-ənənələrimiz barədə
məlumat veriblər.
Mədəniyyət.- 2016.- 29 iyul.- S.13.