Bütün uşaqların qayğıya
ehtiyacı var
Mayın 31-də Azərbaycana Birgə Yardım Təşkilatı (UAFA) Yasamal Rayon İcma Əsaslı Reabilitasiya Mərkəzinin təşkilatçılığı ilə Cəfər Cabbarlı adına Dövlət Teatr Muzeyində 1 iyun - Beynəlxalq Uşaqları Müdafiə Gününə həsr olunmuş tədbir keçirildi.
Tədbiri muzeyin bələdçisi Ləman Şərifova açaraq əlamətdar günün tarixindən danışdı. Qeyd etdi ki, bu gün 1949-cu ildə Beynəlxalq Demokratik Qadınlar Federasiyasının Parisdə keçirilən konqresində təsis olunub. Dünyanın əksər ölkələrində olduğu kimi, bu əlamətdar gün Azərbaycanda da qeyd olunur.
Yasamal Rayon İcma Əsaslı Reabilitasiya Mərkəzi valideynlər birliyinin rəhbəri, mərkəzin koordinatoru Zəhra Xələfova çıxış edərək bildirdi ki, uşaq hüquqları insan haqlarının ən mühüm və ayrılmaz hissələrindən biridir. Onların müdafiəsinə hamılıqla qoşulmaq borcumuzdur. Bütün uşaqlar kimi əqli və fiziki məhdudiyyətli uşaqların da qayğıya ehtiyacları var. Bildirildi ki, mərkəzin üzvlərinin təşkilatçılığı və muzeyin dəstəyi ilə bu gün əqli və fiziki məhdudiyyətli 14 uşağın əl işlərindən ibarət sərgi təşkil edilib.
Çıxışlardan sonra təşkilatın üzvlərindən Şamxal Xələfli, Nəsir Şamxalov, Turan Umarova, Samirə Zeynalova və başqalarının ifasında rəqs və musiqi nömrələri səsləndirildi. Nərgiz Məmmədova Məmməd Arazın “Azərbaycan - dünyam mənim”, Türkan Quluzadə Bəxtiyar Vahabzadənin “Vətəndaş” şeirlərini söylədi, Nurlan Əhmədov qarmonda “Arifi” rəqsini ifa etdi.
Sonda Dövlət Teatr Muzeyinin direktoru Sevinc Mikayılova tədbir iştirakçılarına təşəkkür etdi və hamını uşaqların əl işlərindən ibarət sərgiyə baxmağa dəvət etdi.
Savalan Fərəcov
Mədəniyyət .- 2016.- 1 iyun.-
S.2