“Üç gün və bir ömür”
Yeni bədii film
çəkilir
Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə “Azərbaycanfilm” kinostudiyasında “Üç gün və bir ömür” adlı tammetrajlı bədii filmin çəkilişlərinə başlanılıb. Filmin rejissoru Babək Şirinsifətlə görüşüb ekran əsəri və çəkilişlər barədə məlumat aldıq.
Rejissor bildirdi ki, film Yusif Şeyxovun ssenarisi əsasında çəkilir: “Ssenari mənə təqdim ediləndə maraqlı iş olduğunu gördüm. Hazırda çəkilişlərin müəyyən bir hissəsi reallaşıb. Azərbaycanın ən yaxşı kino mütəxəssisləri çəkilişlərə cəlb edilib, kinostudiyanın direktoru Müşfiq Hətəmov peşəkar komandanın yığılmasına nail olub. Buna görə də həm yaradıcı, həm də texniki heyətdən razıyam. Bizim məqsədimiz heyətin əsas tərkibinin Azərbaycandan olması idi. Azərbaycanda texniki imkanlar və mütəxəssislər var. Bunları bir araya gətirmək vacibdir. Komandada yalnız səs rejissorumuz iranlıdır. O, 200-dən artıq filmdə işləyib və işinin əsl peşəkarıdır”.
Bu gün üçün tanış bir süjet
Rejissor filmin süjeti haqqında qısa məlumat verdi.
Kəlbəcər rayonundan olan
bir şəxs Qarabağ hadisələri
ərəfəsində müəyyən
səbəblərə görə
həbsxanaya düşür.
O həbsxanada ikən
doğma yurdu işğal olunur. Azadlığa çıxdıqdan sonra valideynlərinin düşmən tapdağı
altında qalmış
məzarını ziyarət
etməyin yollarını
axtarır.
Psixoloji
dram janrında çəkilən
filmin quruluşçu
operatoru Rafiq Quliyev, quruluşçu rəssamı Rafiq Nəsirov, icraçı prodüseri Arif Səfərov, prodüseri
Müşfiq Hətəmovdur.
Filmdə rolları Hikmət Rəhimov, Rasim Cəfər, Kamran Ağabalayev, Nicat Əli, Mehriban Zəki, Zarina Qurbanova, Ayşad Məmmədov, Vidadi Həsənov, Məmməd Səfa və digərləri canlandırırlar.
- Çəkilişlər harada
reallaşır?
- Belə ekran işlərinə “yol filmləri” də deyilir. Yəni qəhrəmanın yolçuluğu zamanı
baş verən hadisələri əks etdirir. Məqsədimiz erməni işğalında
olan Qarabağ haqqında həqiqətləri
ekrana gətirməkdir.
Çəkilişlər Bakı,
Gəncə, Şəki,
İsmayıllı, Lahıc
və digər rayonlarda gerçəkləşəcək.
İsmayıllının ən ucqar kəndlərindən birində
də çəkilişlər
edəcəyik. Həbsxana çəkilişlərinin
bir hissəsi real məkanda, digər hissəsi isə pavilyonda aparılacaq.
- Aktyor seçimində iştirak etmisinizmi?
- Filmdə rol alan aktyorlar
fərqli təcrübələrə
malikdirlər. Ona görə
də kastinq zamanı gördüm ki, biz nəticəni o vaxt ala bilərik ki, standart kino
üslubu ilə işləyək. Ona
görə də dünyada 30-cu illərdən
bu yana
işlədilən “metod
akting” ilə işləməyi nəzərə
aldıq. Dünyanın ən tanınmış
aktyorları bu sistemlə işləyirlər.
Məşhur aktyorlar Al Paçino,
Dastin Hofman, Robert de Niro, Marlin Brando və digərləri bu sistemdən keçərək
uğur əldə etmişlər. Buna görə də biz aktyor seçimindən sonra məşğələlərə
başladıq. Aktyor heyətimiz
teatr və kino aktyoru olaraq
təcrübəli olsalar
da, onlar fərqli metodlarla işləyirlər. Onlar məşğələlərə
razılıq verdilər.
Buna görə aktyorlara ayrılıqda təşəkkür edirəm.
Çəkilişlərdən əvvəl 3-4 ay məşğələlər oldu. Buna təcrübə
bölüşməsi də
demək olar.
- Ekran əsərini nə vaxt təhvil
vermək fikrindəsiniz?
- Filmi bu ilin
sonuna təhvil verməyi planlaşdırırıq.
Çöllük, dağ, meşə
çəkilişləri çox
olduğu üçün
tez bitirmək istəyirik. Azərbaycan
kino sənətində
belə bir məşhur deyim var: “Kino həm vacib, həm də qəliz məsələdir”. Kinonun vacib
olma məqsədi odur ki, bəzi
ideyalar çox gec təsir edir, amma bu
təsir uzunmüddətli
olur. Kinonun təbliğat, əhatə
dairəsi genişdir.
Burada öyrənilən təcrübə
nəsildən-nəslə ötürülür. Sonda belə
bir imkanın yaradılması üçün
Mədəniyyət və
Turizm Nazirliyinə və “Azərbaycanfilm” kinostudiyasına təşəkkürümü
bildirirəm”.
“Kino vasitəsilə Qarabağ
həqiqətlərini dünyaya
çatdırmalıyıq”
Azərbaycanda artıq beşinci filmini ekranlaşdıran iranlı rejissor milli kinomuzun bugünü ilə bağlı da fikirlərini bölüşdü. Bildirdi ki, bu gün
həm dövlət sifarişi, həm də kommersiya filmlərinin çəkilməsi
ölkə üçün
əhəmiyyətlidir: “Azərbaycan
kinosu yenidən öz inkişaf dövrünə qayıdıb.
Bildiyimiz
kimi, milli kinomuz 70-ci illərə qədər dünyada məşhur idi. Mənim yadımdadır ki, “O olmasın, bu olsun”, “Qayınana” və digər filmlər İranda necə populyarlıq qazanmışdı. Hətta təkcə
sovet məkanında deyil, digər ölkələrdə də
Azərbaycan kinosu sevilirdi.
Keçid dövründə yaranan problemlər artıq aradan qaldırılır və sistem yenidən öz işinə başlayır. Bu, çox xoş hadisədir. Dövlətin də kinoya böyük dəstəyi
var. Bu səbəbdən də
fərqli janrlarda filmlər çəkilir,
premyeralar baş tutur. Ekran əsərləri xalqın da marağına səbəb
olur. Təbii ki, kinoda hər zaman udmaq olmur. Bu dünya təcrübəsində
də belədir.
Daha çox filmin çəkilməsinin müsbət
tərəfləri var. Məsələn,
bir tərəfdən
sırf festivallar üçün nəzərdə
tutulan “Nabat”, digər tərəfdən
isə “Dolu” filmi. Bu filmlərin
hər ikisinin ayrılıqda öz rolu var. Hər iki film insanları maarifləndirir. Azərbaycan müharibə
şəraitindədir və
hamımızın məqsədi
həqiqətləri əks
etdirməkdir”.
Babək
Şirinsifət deyir ki, “Sıfır saatın qatarı”
sənədli filmini çəkməyə başlayandan
sonra Qarabağ münaqişəsi ilə
bağlı daha çox informasiya alıb: “Film bir çox festivallarda göstərildi. Filmin nəticəsi bilirsinizmi nə vaxt olur?
Bu il aprelin
əvvəlində cəbhədəki
baş verən hadisələr zamanı Təbriz sakinləri küçələrə axışaraq
öz dəstəklərini
nümayiş etdirdilər.
Yəni
biz gərək kino vasitəsilə Qarabağ
həqiqətlərini dünyaya
çatdıra bilək.
Ermənilərin təbliğatı tarix boyu bizdən
güclü olub.
Keyfiyyətli filmlər, dünya
səviyyəli ekran əsərləri bu yolda öz nəticəsini
verməlidir. Bunun üçün
də peşəkar texniki heyət lazımdır. Texniki heyətin
yetişməsi üçün
kommersiya filmləri də mütləqdir”.
L.Azəri
Mədəniyyət .- 2016.- 1 iyun.-
S.6