Xalqa xidmətdə keçən ömür yolu
Görkəmli dövlət xadimi, akademik Vəli Axundovun 100 illik yubileyi qeyd olundu
İyunun 2-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında görkəmli dövlət xadimi, alim, akademik Vəli Axundovun 100 illik yubileyinə həsr olunmuş tədbir keçirildi. Tədbirdə dövlət və hökumət rəsmiləri, millət vəkilləri, elm, mədəniyyət və ictimaiyyət nümayəndələri iştirak edirdi.
Öncə Vəli Axundovun həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olundu.
Yubiley gecəsində çıxış edən Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar bildirdi ki, yubiley tədbiri Azərbaycan Respublikası Prezidentinin “Akademik V.Y.Axundovun 100 illik yubileyinin keçirilməsi haqqında” 15 yanvar 2016-cı il tarixli sərəncamına əsasən təşkil olunub.
Vəli Axundovun Azərbaycanın ictimai-siyasi həyatında və elm sahəsində xüsusi xidmətləri olduğunu qeyd edən natiq onun həyat və fəaliyyətindən geniş danışdı. Bildirdi ki, 1959-cu ildə Azərbaycan KP MK-nın birinci katibi seçilən Vəli Axundov çox çətin bir dövrdə respublikaya rəhbərlik edib: “Belə bir mürəkkəb şəraitdə görkəmli ictimai xadim Azərbaycanın mənəvi dəyərlərini, mədəniyyətini, milli mənsubiyyətini qorumağa çalışırdı. O, siyasi fəaliyyətində daim Azərbaycanın birliyinə nail olmaq üçün səy göstərirdi. Bu baxımdan milli ideologiyanın formalaşmasında Vəli Axundovun xidmətləri danılmazdır".
Qeyd edildi ki, Vəli Axundov uzun illər dövlət idarəçiliyi sahəsində ən məsul vəzifələrdə çalışarkən təqdirəlayiq fəaliyyət göstərib və tibb sahəsində tanınmış alim kimi respublikada səhiyyə işinin təşkilinə töhfələr verib.
Sonra Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə rejissor Yavər Rzayevin lentə aldığı "Vəli Axundov. XXI əsrdən baxış" sənədli filmi nümayiş olundu.
Yubiley gecəsi Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin ifasında konsert proqramı ilə davam etdi.
Qeyd edək ki ki, Vəli Axundov 1916-cı il mayın 14-də Bakının Saray kəndində anadan olub. Kənd məktəbində və Biləcəri stansiyasındakı fabrik-zavod məktəbində təhsil alıb. Sonra Bakı Sənaye Texnikumuna daxil olub, 1935-ci ildə texnikumu kimyaçı texnik ixtisası üzrə bitirib. 1937-ci ildə Azərbaycan Tibb İnstitutuna daxil olub. İnstitutda oxumaqla yanaşı, ATİ-nin ictimai elmlər kafedrasının laborantı, "Tibbi kadrlar uğrunda" qəzetinin redaktoru və komsomol komitəsinin katibi vəzifəsində çalışıb.
Ali təhsili başa vurduqdan sonra müxtəlif vəzifələrdə işləyib, 50-ci illərdə Azərbaycan SSR səhiyyə nazirinin müavini, Bakı səhiyyə şöbəsinin müdiri, respublikanın səhiyyə naziri olub, tibb elminin inkişafı yolunda fəaliyyət göstərib. Vəli Axundovun tibb elminə verdiyi ən böyük töhfə yoluxucu xəstəliklərin araşdırılması və aradan qaldırılması sahəsində tədqiqatları olub, bu sahədə görkəmli elm xadimi kimi tanınıb.
Vəli Axundov 1959-1969-cu illərdə Azərbaycan KP MK-nın birinci katibi kimi respublikaya rəhbərlik edib. Görkəmli alim sonrakı illərdə də respublikada səhiyyə işinin təşkilatçılarından biri olub.
Fariz
Mədəniyyət.- 2016.- 3 iyun.-
S.2.