Mədəniyyət və turizm
nazirinin müavini
Parisdə Toğrul Nərimanbəyovun məzarını
ziyarət edib
Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva Fransaya işgüzar səfəri çərçivəsində milli təsviri sənətimizin görkəmli nümayəndəsi, Xalq rəssamı Toğrul Nərimanbəyovun qəbrini ziyarət edib. Toğrul Nərimanbəyov 2 iyun 2013-cü ildə Parisdə vəfat edib, şəhərdəki Passi qəbiristanlığında dəfn olunub.
Boyakar, monumentalçı və teatr rəssamı, SSRİ və Azərbaycanın Xalq rəssamı, SSRİ və Azərbaycan Dövlət mükafatları laureatı Toğrul Fərman oğlu Nərimanbəyov 1930-cu ildə Bakıda anadan olub. 1950-ci ildə Ə.Əzimzadə adına Rəssamlıq Məktəbini, 1955-ci ildə Litva Dövlət İncəsənət İnstitutunu bitirib.
50-ci illərdən etibarən yaradıcılığa başlayıb. Mənzərə, portret, monumental boyakarlıq, illüstrasiya və teatr rəssamlığı kimi müxtəlif sahələrdə yaratdığı əsərlər mövzu və janr rəngarəngliyi, estetik kamilliyi və özünəməxsus üslubu ilə səciyyələnib. Fərdi üslubunu müəyyən edən başlıca xüsusiyyətlər dekorativ Azərbaycan incəsənətinə xas rəng harmoniyası və müasir dünya incəsənətinin yeni istiqamətləri ilə sıx bağlı olub. Monumental boyakarlıq və divar rəssamlığı janrında işlənmiş tabloları xəlqilik ruhu ilə seçilərək böyük estetik təsir qüvvəsinə malikdir.
Toğrul Nərimanbəyovun əsərləri Azərbaycan rəssamlığının qiymətli nümunələri olaraq dünyanın mötəbər sərgi salonlarında, rəsm qalereyalarında və incəsənət muzeylərində nümayiş etdirilir, şəxsi kolleksiyalarda saxlanılır.
Mədəniyyət.-
2016.- 3 iyun.- S.4.