Moskvada azərbaycanlı rəssamın yubiley sərgisi

 

 

İyunun 1-də Moskva Dövlət Şərq Muzeyində tanınmış azərbaycanlı rəssam, Azərbaycan Rəssamlar İttifaqının üzvü, Rusiya Rəssamlıq Akademiyasının fəxri akademiki Abbas Kazımovun 60 illik yubileyi münasibətilə “Rənglərin qafiyəsi” sərgisi açılıb.

Açılış mərasimində Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin humanitar proqramlar şöbəsinin rəhbəri Tamilla Əhmədova, Azərbaycanın Rusiyadakı səfirliyinin humanitar məsələlər üzrə müşaviri Vüqar İmaməliyev, Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov Abbas Kazımovun yaradıcılığından söz açıblar. Vurğulanıb ki, rəssam uzun illər Vətəndən kənarda yaşamağına baxmayaraq, Azərbaycanla yaradıcılıq əlaqələrini saxlayıb, onun əsərlərində Azərbaycan ruhu, Abşeron məktəbi üslubu daim qırmızı xətlə keçir.

Abbas Kazımov sərginin təşkilinə görə Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinə və şəxsən Leyla Əliyevaya təşəkkürünü bildirib, ömür və yaradıcılıq yolunu birgə keçdiyi sənət dostları Mircavad Mircavadov, Kamal Əhmədov, Qorxmaz Əfəndiyev və başqalarını ehtiramla yad edib.

Sonra iştirakçılar sərgi ilə tanış olublar. Rəssamın “xalça üslubuminiatür, xalçaçılıq, tikmə və metal üzərində döymə sənətinin sintezindən ibarətdir. 100-dək əsərin nümayiş olunduğu sərgi iyunun 19-dək davam edəcək.

 

Mədəniyyət.- 2016.- 3 iyun.- S.4.