Mədəniyyət və turizm naziri Moskvada mükafata layiq görülüb

 

 

Xəbər verdiyimiz kimi, 26-31 may tarixində Moskva şəhərində “Ənənə və müasirlik” X Beynəlxalq İncəsənət Festivalı keçirilib. Tədbirin yekununda festivalın 19 ixtisas və 3 xüsusi nominasiya üzrə “İnam” (“Vera”) mükafatları təqdim olunub.

Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayev yubiley festivalında ölkəmizin nümayəndə heyətinin fəal iştirak etməsinə və Rusiya ilə Azərbaycan arasında mədəni əlaqələrin inkişafına töhfələrinə görə təltif olunub.

Qeyd edək ki, festivalın əsası 2007-ci ildə Moskvada “Mədəniyyətin dəstəklənməsi və incəsənətin inkişafı Fondu” tərəfindən (fondun rəhbəri - Vera Kiselyova) qoyulub. Festivalın təşkilat komitəsinə və münsiflər heyətinə Rusiyanın və Azərbaycanın Xalq rəssamı Tahir Salahov, Rusiyanın Xalq rəssamı Zurab Sereteli kimi görkəmli sənətkarlar daxildir.

Azərbaycan ilk illərdən festivalda uğurla təmsil olunur. Mədəniyyət Turizm Nazirliyinin dəstəyi ilə əməkdar rəssamlar Fərman Qulamov, Rəşad Mehdiyev, Sakit Məmmədov, rəssam Namiq Məmmədov gənc rəssam Məryəm Ələkbərli festivalın müxtəlif nominasiyalar üzrə mükafatına layiq görülüblər.

Budəfəki festivalda Azərbaycan Respublikası digər ölkələrlə müqayisədə həm rəssam və pavilyon sayı, həm də əsərlərin yüksək bədii əhəmiyyəti baxımından ən geniş miqyasda təmsil olunub. Festivalda Azərbaycanı Tahir Salahov (ayrıca pavilyon), Sakit Məmmədov (ayrıca pavilyon) və onun tələbələrinin cəmləşdiyi “Aynur” studiyası, “Turan” studiyası, UkraynaRusiyada yaşayan həmyerlimiz, rəssam, heykəltəraş Katib Məmmədov (ayrıca pavilyon), Məryəm Ələkbərli, Rəşad Mehdiyev, Rufina Abbasova və digərləri təmsil ediblər.

 

Mədəniyyət.- 2016.- 3 iyun.- S.8.