Torpaqdan yaradan rəssam
Görkəmli qrafik, rəngkar və keramikaçı Mirteymur Məmmədov 1947-ci ildə Bakıda anadan olub. Ə.Əzimzadə adına Dövlət Rəssamlıq Məktəbini, V.Muxina adına Sankt-Peterburq Rəssamlıq Məktəbini və Leninqrad Dövlət İnstitutunun teatr, musiqi, kino rəssamı fakültəsini bitirib. 1970-ci illərdən dövri mətbuatda karikaturaçı-rəssam kimi fəaliyyət göstərir. Respublikada və xaricdə keçirilən beynəlxalq sərgilərin iştirakçısı və mükafatçısıdır. "Humay" milli mükafatına (2004) layiq görülüb. O həm də yazardır, çoxsaylı elmi və publisistik məqalənin müəllifidir.
M.Məmmədovun İçərişəhərdəki evini həm də emalatxana-muzey adlandırmaq olar. Üçqatlı binanın içində və çölündə ayrıca bir cazibə var. Binanın hər tərəfi müxtəlif rəngli keramik damğa və naxışlarla bəzədilib. Buranın hər gün öz qonaq-qarası olur. Əsasən də gənclər sənətkarın yanına gələrək ondan sənətin incəliklərini öyrənirlər.
Rəssamın yaşadığı üçqatlı evdə məişətə aid sanki heç nə yoxdur. Onun məişəti bu zəngin yaradıcılıq içərisində görünməz olub. İlk olaraq diqqətimi hündür kitab saxlanclarındakı cild-cild kitablar çəkir. Həmsöhbətim deyir ki, bu kitablar Nərgiz nənəmdən qalıb. Nənəsi Fransada tibb təhsili alıbmış. Bundan başqa, otaqda incəsənətə aid kitablar da çoxdur. Bir sözlə, Mirteymur müəllim oxuyub-öyrənməyi, araşdırmağı sevən adamdır.
Rəssam öz məkanını “emalatxana-muzey” yox, “yuva” adlandırır. Burada tələbələrinə həftədə bir neçə dəfə dərs verir. Üçüncü qatda gillə işləmək üçün ayrıca otaq ayrılıb. Rəssamın bütün keramik əsərləri burada yaranır. Keramika sənətinin ən böyük avadanlıqlarından biri sobadır. Düzəldilən fiqurlar həmin sobada yüksək istilikdə yandırılaraq bərk hala salınır.
Rəssam məşğul olduğu sahənin özəlliyini belə anladır: “Gildə çox güclü enerji var, insanı özünə çəkir. Azərbaycan gillərin növünə görə dünyada birinci yeri tutur. Dünyada 128 gil növü var. Onların 98-i ölkəmizdədir. Mənim bu yuvamda 98 gildən istifadə edilməklə düzəldilən əsərlər var. Bu gillərdən ötrü Azərbaycanı başdan-başa gəzmişəm. Gillərin çox qəribə özəllikləri var. Mədədə yara olanda duru gil içilir. Xalq arasında, müxtəlif bölgələrdə gillər “gilabı” adıyla tanınırlar. Qabaqlar gilabıdan bədən, paltar, yun yumaq üçün istifadə olunurmuş. Çirkli qoyun yunundan nəcis iyi gəlməmək üçün nənələrimiz bir çala qazıb oranı gilli su ilə doldurur, çirkli yunu torbaya qoyub ora atardılar. Bir gün orada qalandan sonra həmin torbanı dağ çayına qoyardılar ki, suda təmizlənsin. Köhnə evlərdə evin içərisini bəzəmək üçün gildən istifadə edilirdi. Lap qədimlərdə başqa ölkələrdən gəlib ölkəmizdən gillər aparır, ondan dərman kimi istifadə edirdilər”.
Rəssamın qrafik işləri adamda tamam başqa duyğular yaradır. Kiçik ölçülərdəki bu sayaq əsərlər öz işlənmə texnikasına görə çox cazibəli görünür. Sənətkarın dediyinə görə, hər bir iş 20 laydan ibarətdir. Əsərlər müxtəlif texnikalarla yaranır. Hər texnika ilə iş bitəndən sonra üstündən lak çəkilir, quruyandan sonra başqa bir texnika ilə iş davam edir. Beləliklə, əsər çox parlaqlaşır, tamaşaçıya gözəl təsir bağışlayır.
Mirteymur müəllim ölkəmizdə keramika sənətinin aşağı səviyyədə öyrədildiyini bildirir. Ona görə rəssam tələbələr bu sənətin sirlərini onun yanında daha dərindən öyrənirlər. Keramika üçün gərək olan bəzi ləvazimatlar bahadır. Avadanlıq, şirə, rəng və piqmentlər baha olduğu üçün hamı bu sənətlə məşğul ola bilmir.
Keramika sənətində
məhsulun 30 faiz zay olmasına normal baxılır. Di gəl
ki, müsahibim vur-tut 5-6 faiz məhsulun zay olmasına yol verir.
M.Məmmədov bildirir ki, keramika ilə məşğul olanların
hamısı bu sahənin fanatlarıdır:
“Zərgər üzük
düzəldəndə bilir
ki, satılacaq. Keramikanı alanlar isə azdır. Elə gözəl işlər
yaranır ki, satmağa heyfim gəlir. Bu işdə
mənim bir ortağım da var - o, sobadır. İşə son biçimi soba verir. Əsər sobadan çıxandan
sonra həqiqi biçimə və rəngə düşür”.
Rəssam qeyd edir ki,
keramika həyatımızın
bütün sahələrində
geniş şəkildə
istifadə edilir. Kosmosa buraxılan
raketlərin burun hissəsi istiyə dözmək üçün
keramikadan düzəldilir.
M.Məmmədov ölkəmizdəki palçıq vulkanlarını
bir-bir gəzib, onların materiallarından
istifadə edib: “Vulkanlardan gətirilən gil bir neçə mərhələdən
keçməklə təmizlənir,
istifadə üçün
yararlı hala salınır. Keramikaçı
fizikanı, kimyanı
yaxşı bilməlidir,
çünki gil çətin sahədir. Dünyada ilk keramik məmulat 18 min il öncəyə
aiddir. Bizdə də belə
nümunələr çoxdur.
Çuxur Qəbələdə
2 min il öncəyə
aid keramika sobaları tapılıb. Koreyalılar orada arxeoloji
qazanılar aparırlar.
Mən qazıntılar aparılan
yerlərə gedir, oradakı mütəxəssislərə
deyirəm ki, keramika bişirən sobaya rast gələndə,
əl vurmayın.
Bu sahənin adamlarını,
fizikləri çağırın
gəlsinlər. Keramika tək
materialdır ki, yarandığı dövrün
maqnit qurşağını
özündə saxlayır.
Bu, elm üçün çox önəmlidir.
Bizdə
belə sobalar çox tapılıb, ancaq arxeoloqlar yaxşı davranmadıqları
üçün sındırıblar”.
Mirteymur müəllimin əsərləri
sırasında çoxfiqurlu
kompozisiyalar, mücərrəd
işlər də ayrıca yer tutur. Rəssam yaradıcılığı
üçün düşüncəni
əsas sayır: “Bir yerdə dayanmaq olmaz. Özünü yamsılamaq yolverilməzdir
(Bu arada tələbəsi
Cəfər Əliquliyev
gəlir və onun haqqında danışır). Cəfər
elə iş işləyib ki, Azərbaycanda onun kimi eləyən yoxdur. Ona deyirəm
ki, sən bunu bacardın, ona görə qoy qırağa və daha qabağa
get. Sənətkar axtarışda olan
və əsərləriylə
insanları silkəliyən,
ovsunlayandır. Məktəblərdə mənəviyyat öyrədilməlidir.
Yaxşı görümü, əl qabiliyyəti olan hələ yaxşı rəssam deyil”.
M.Məmmədovun ən böyük işlərindən biri xalqımıza məxsus qədim damğaları araşdıraraq onları
yenidən bərpa etməyidir. Bu damğalar
qədim qəbirlərin
sinə və baş daşlarında qorunur. Damğaların ən diqqət
çəkənlərindən biri günəşlə bağlı olanlardır.
Mütəxəssis deyir
ki, bunlar qadın və kişi günəş
damğaları olmaqla
iki cürdür. Qadın günəşində hərəkət
saat əqrəbinin əksinə təsvir edilir. Ən qədim damğalarımız
qədim türklərdən
gəlir. Orxon-Yenisey abidələrində
də damğalar çoxdur. Damğalar məişət və sakral olmaqla iki yerə
bölünür.
Sənətkarın arzusu bir çox
ölkələrdə olduğu
kimi Azərbaycanda da Keramika Muzeyinin
yaradılmasıdır. Onun təklifi
əsasında iki ölkədə belə muzey yaradılıb.
Onu tez-tez dünyada keramika ilə bağlı keçirilən
beynəlxalq festivallara
jüri və iştirakçı kimi çağırırlar.
S.Qaliboğlu
Mədəniyyət.- 2016.- 3 iyun.-
S.11.