Kukla Teatrı Yunanıstanda tamaşalar göstərib
Mədəniyyət və Turizm, Gənclər və İdman nazirliklərinin, ölkəmizin
Afinadakı səfirliyinin
dəstəyi ilə
28 may - 6 iyun tarixlərində
Yunanıstanda Azərbaycan
mədəniyyəti həftəsi
keçirilib. Qədim
mədəniyyət beşiyi,
teatr, sənət ocağı olan Yunanıstanın bir neçə şəhərinin
sakinləri Azərbaycan
mədəniyyəti və
incəsənəti, musiqi
və teatrı ilə yaxından tanış olmaq imkanı qazanıblar.
Tədbirlərdə Mədəniyyət
və Turizm Nazirliyinin İncəsənət
şöbəsinin baş
məsləhətçisi Vəfa Novruzova, Azərbaycan Dövlət Kukla Teatrının heyəti - direktor Rəşad Əhmədzadə,
baş rejissor Qurban Məsimov, baş rəssam İqbal Əliyev, aktyorlar Cavid İbrahimov, Rəhim Rəhimov və Lina Məmmədova iştirak edib. Səfər müddətində
teatrın repertuarında
xüsusi yer tutan və bir
neçə beynəlxalq
festivalda uğurla nümayiş olunan Kamran Şahmərdanın
“Ağ və Qara”, Qurban Məsimovun
“Çanta trio və
...”, eləcə də
yeni səhnə işlərindən olan “Zəng” monotamaşası
göstərilib. Kollektiv
Afina, Haniya, Retimnon, İraklion, Sitian şəhərlərinin
qədim teatr səhnələrində ümumilikdə
on tamaşa göstərib.
Səfər müddətində Afinadakı Uşaq Onkoloji Mərkəzində
də çıxış edən kollektiv
UNESCO-nun xoşməramlı səfiri
xanım Marianna Vardinoya
tərəfindən mükafatlandırılıb. Teatra "ELPİDA” Uşaq
və Dostlar Assosiasiyasının təşəkkür
məktubu, nümayəndə heyətinin hər bir üzvünə isə dostluq
medalları təqdim olunub.
Mədəniyyət.- 2016.- 8 iyun.-
S.3.