Müasir innovasiyalar zamanın tələbidir

 

 

Milli Kitabxanada elektron xidmətlərin tətbiqi ilə bağlı treninqlər başlanıb

 

İyunun 6-da Milli Kitabxanada elektron xidmətlərin tətbiqi ilə bağlı treninqlərin açılışı və Milli Kitabxana ilə Respublika Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzi arasında əməkdaşlıq müqaviləsinin imzalanma mərasimi keçirildi.

 

Kitabxananın direktoru Kərim Tahirov çıxış edərək Mədəniyyət və Turizm Nazirliyi, Milli KitabxanaRespublika Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzinin birgə layihəsi əsasında təşkil olunan treninqlər barədə məlumat verdi. Bildirdi ki, ilboyu nəzərdə tutulan treninqlərdə respublikanın şəhər və rayonlarından kitabxana əməkdaşları qatılacaq. Onlara Milli Kitabxananın əməkdaşları tərəfindən “İnnovasiya texnologiyalarının kitabxanaların işinə tətbiqi”, “ALİSA proqramının tətbiqi və elektron xidmətlərdən istifadə imkanları”, “Milli Kitabxananın innovativ onlayn xidmətləri” mövzularında dərslər keçiləcək.

Direktor qeyd etdi ki, informasiya texnologiyaları dövründə gənclik yeniliyə can atır. Artıq hər gün yeni informasiya almaq dövrün tələbinə çevrilib: “Milli Kitabxananı gün ərzində 700-800 nəfər ziyarət edir. Bu da kitabxanalara olan ehtiyacın azalmadığını göstərir”.

K.Tahirov həmçinin kitabxana işi sahəsində nəzəriyyənin təcrübə ilə vəhdət təşkil etməsinin labüdlüyündən danışdı, kitabxanaçılıq elminin təcrübi elm olduğunu söylədi. Qeyd edildi ki, birgə əməkdaşlıq üzrə treninqlər regionlarda da davam etdiriləcək.

Respublika Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzinin direktoru Ramazan Şabanov mərkəzin fəaliyyəti haqqında məlumat verdi. Bildirdi ki, mərkəzdə hazırda 35 kateqoriya üzrə treninqlər keçirilir: “Müasir bilikləri əldə etmək üçün ilk növbədə insanlarda istək olmalıdır. Zaman tələb edir ki, hətta ucqar rayonlarda belə müasir innovasiyalar tətbiq edilsin. Mərkəzimiz tərəfindən regionlar üzrə səyyar tədris həyata keçirilir. Bölgələrdə də elektron kitabxanaların yaradılmasına ehtiyac var. İnanırıq ki, birgə layihəmiz müsbət nəticələr verəcək. Çünki düzgün təlim və tədris insanlara yüksək xidmətin meyarıdır”.

Sonda Milli Kitabxana ilə Respublika Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzi arasında əməkdaşlığa dair müqavilə imzalandı və treninqlərə start verildi.

 

L.Azəri

Mədəniyyət.- 2016.- 8 iyun.- S.5.