Bir ayda üç
festival, bir qastrol
May ayı Azərbaycan
Dövlət Gənc Tamaşaçılar Teatrının
kollektivi üçün
çox yaddaqalan oldu. Kollektiv yaxın-uzaq xaricə
ard-arda dörd səfər edərək milli teatrımızı layiqincə təmsil etdi. Səfərlərdən
sonra doğma divarlar arasına yığışan və
mövsümün daha
iki premyerasına hazırlaşan kollektivin uğurları barədə
söhbət etmək
üçün teatrın
direktoru, Əməkdar
artist Mübariz Həmidovla
görüşdük.
- Mübariz müəllim, bir ay ərzində bir teatrın dörd səfərə çıxması az rast gəlinən
və çox arzulanan hadisədir. Üstəlik, səhv etmirəmsə,
indiyədək bizim heç bir tamaşamız Londonda oynanılmayıb.
- Bəli, ilk dəfə idi ki, Azərbaycan
teatrı Londonda tamaşa göstərirdi.
Bizi bu səfərə Böyük Britaniyada fəaliyyət göstərən
«UMUD» şirkəti dəvət
etmişdi. Şirkətin
rəhbəri, soydaşımız
Şahlar Əlicanlı
on beş ildir Londonda yaşayır. Vaxtilə Bakı Kamera
Teatrında çalışıb,
teatrı çox sevən bir adamdır. Səfərlə bağlı xərclərimizi
Mədəniyyət və
Turizm Nazirliyi ödəyirdi, Londonda müvafiq təşkilati işlər isə Şahlar Əlicanlının
üzərinə düşdü.
O, hansı tamaşanı
aparmaq seçimini də bizim ixtiyarımıza
vermişdi. Ona görə də
düşündük ki,
biz ilk dəfə Londonda
mütləq Mirzə
Fətəli Axundzadənin
əsərini oynamalıyıq.
Üstəlik, bizdə
«Hekayəti-xırs-quldurbasan» tamaşasının iki variantı var: stasionar variantını teatrda oynayırıq, yalnız əsas personajların iştirak etdiyi daha kompakt
quruluşu isə qastrol zamanı göstəririk.
Londonda mayın
29-da təxminən 800 nəfər
tamaşaçı tutan
“Logan Holl” salonunda çıxış etdik. Tamaşaya xeyli
soydaşımız da
gəlmişdi. Nümayişdən
əvvəl çıxış
edərək onları
28 May - Respublika Günü
münasibətilə təbrik
etdim, Azərbaycan mədəniyyətinin dünyada
təbliği ilə bağlı dövlətimiz
tərəfindən görülən
işlərdən danışdım,
Axundzadənin yaradıcılığı
barədə qısa məlumat verib aktyorları təqdim etdim.
- Səfər sizdə hansı təəssüratı
oyatdı?
- Londonda xeyli azərbaycanlı yaşayır.
Onlar özlərinə
güzəran düzəldiblər,
ailə qurublar, övladları var. Amma mən hiss etdim ki, onların Vətən ilə mədəni ünsiyyətə
ehtiyacı var. Onlarla söhbət edəndə
dedilər ki, sizin tamaşaya baxanda elə bildik ki, Bakıda,
Gənc Tamaşaçılar
Teatrındayıq. Biz isə çalışdıq
ki, bir həftə
ərzində Londonun görməli yerlərini,
muzeyləri gəzək.
Londonda teatrlara biletlər bir-iki ay əvvəl satıldığından tamaşalara
baxa bilmədik. Orada bir qayda
var: tamaşa olmadıqda da qədim teatr binalarına muzey kimi ekskursiya etmək mümkündür.
Muzeylərə, Kral teatrına,
«Qlobus» teatrına gəzintilər bizim üçün çox maraqlı oldu.
- Siz Londonda olarkən
başqa bir qrup Rusiyaya yola
düşdü...
- Mayın 27-də Rusiya Federasiyasının Orenburq
vilayətində VIII beynəlxalq
«Qostinıy dvor» teatr festivalında bizim teatr Əməkdar
incəsənət xadimi
Bəhram Osmanovun quruluş verdiyi L.Nurenin «Mən gəldim, qızlar» («Müharibə») tamaşası
ilə çıxış
etdi. Tamaşadan sonra teatrşünas
və teatr tənqidçilərindən ibarət
münsiflər heyəti
bizim tamaşanı təhlil edərək, xoş fikirlər söyləyiblər. Təbii ki,
xarici ölkə teatrşünaslarının Azərbaycan
teatrı barədə
bu yüksək fikri bizim üçün
qürurvericidir.
- Mayın üçüncü
ongünlüyündə başqa
bir festivalda da çıxış etmisiniz...
- Mayın 21-dən 26-dək Moskva
vilayətinin Lobnya şəhərində keçirilən
«Rus klassikası» teatr festivalında Əməkdar artist Şövqi
Hüseynov N.Qoqolun «Dəlinin qeydləri» monotamaşası ilə Azərbaycan teatrını
təmsil etdi. O, «Hekayəti-xırs-quldurbasan»da Tarverdini
oynadığı üçün
festivalın başa çatmasını gözləməyib,
geri qayıtmışdı.
Biz Londonda olanda xəbər tutduq ki, bizim tamaşa
Lobnya festivalında «Ən yaxşı monotamaşa» və «Azərbaycan teatr mədəniyyətinin rus
klassikası ilə parlaq əlaqələri» nominasiyaları üzrə
diplom və mükafata layiq görülüb.
- May ayındakı ilk festival uğurunuz
isə «Qoca kloun»la başlamışdı...
- Mayın ilk günlərində
Türkiyənin Trabzon şəhərində
XVII Qara dəniz ölkələri teatr festivalında bizim teatr Əməkdar artist Nicat Kazımovun quruluşunda rumın dramaturqu M.Vişnekin «Qoca kloun» tamaşasını
təqdim etdi. Gənc Tamaşaçılar Teatrı
ilk dəfə idi ki, bu festivala
qatılırdı, hərçənd
bizdən əvvəl
Azərbaycan teatrları
bu teatr festivalında uğurla çıxış edib.
Trabzon festivalının açılış törəninin
açıq havada keçirilməsi mənim
çox xoşuma gəldi. Ümumiyyətlə, Türkiyədə teatr festivalı təşkil etmək ənənəsi inkişaf
edib, bu işdə onlardan öyrənmək lazımdır.
- Mübariz müəllim, bu səfərlər artıq tarixi fakta çevrildi. Qarşıda hansı səfərlər
gözlənilir?
- Oktyabr ayının 1-dən
7-dək Rusiyanın Perm şəhərində
keçiriləcək Martin MakDonax adına
2-ci beynəlxalq festivala
dəvət almışıq.
Birinci festivalda «Yalqız qəlb» tamaşası ilə iştirak etmişdik. Bu dəfə M.MakDonaxın repertuarımızdakı «Gözəllik
kraliçası» və
«Konnemarada bir kəllə» əsərləri
dəvətlidir. Sağlıq olsun.
Hələliksə, teatrda tamaşalarımız oynanılır, iyun ayında mövsümün son iki premyerasını təhvil verəcəyik. Buyurun, gəlin, bütün teatrsevərləri Gənc Tamaşaçılar Teatrında görməyə şadıq.
Gülcahan Mirməmməd
Mədəniyyət.- 2016.- 8 iyun.-
S.7.