Qaxda sənətkarların satış-sərgisi

 

 

Yay turizm mövsümünə hazırlıqla bağlı Mədəniyyət və Turizm Nazirliyinin tədbirlər planına uyğun olaraq iyunun 4-də Qax Dövlət Rəsm Qalereyasının qarşısında həvəskar rəssamların və tətbiqi sənət ustalarının əl işlərindən ibarət ilk satış-sərgi təşkil edilib. Sərgiyə yerli sənətkarların iki yüzə yaxın rəsm əsəri və əl işləri çıxarılıb.

Sərginin açılışında iştirak edən Azərbaycan Dövlət Rəsm Qalereyasının direktoru Elnur Hüseynov bildirib ki, belə tədbirlərin açıq havada keçirilməsində əsas məqsəd daha çox insan, turist cəlb etməkdir.

Bildirilib ki, mədəni proqramlar yalnız sərgilərlə məhdudlaşmayacaq. Qonaqlar bölgənin musiqisi, folkloru, mətbəxi ilə də yaxından tanış ola biləcəklər.

Sonra sərgiyə baxış keçirilib. Ağac üzərində oyma sənəti ilə məşğul olan Tural Manafovun əl işləri, həvəskar rəssam Rövşən Şirinovun rəngkarlıq əsərləri, İlahə İsgəndərovanın dekorativ-tətbiqi sənət nümunələri, eləcə də xalçalar sərgi iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb. Sənətə yenicə qədəm qoyan balaca rəssamlar da sərgidə öz bacarıqlarını nümayiş etdiriblər.

Sənətkarlar əl işlərinin bir neçəsini satmağa da müvəffəq olub.

 

Mədəniyyət.- 2016.- 8 iyun.- S.9.