“Klassik balerina
olsam da...”
“Kinoya çəkilmək
barədə dəvət alsam, özümü bu sahədə
də sınayardım”
Hərdən adama elə gəlir ki, XXI əsrdə hansısa sahədə birincilik qazanmaq, ilk olmaq mümkün deyil. Sənə qədər bütün yeniliklərin təməli qoyulub, birinci olmaq şanslarının hamısı qazanılıb. Amma yox, bəzən tale adamın qarşısında elə bir perspektiv açır ki, çalışdığın sahədə bir yeniliyə imza atırsan. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, balerina Cəmilə Kərimova da heç düşünməzdi ki, nə vaxtsa onun adının qarşısında yazılacaq: Qəmər Almaszadə adına Beynəlxalq Klassik və Milli Rəqs müsabiqəsinin ilk Qran-pri mükafatçısı... Cəmilə müsabiqədə qələbəsi ilə bağlı təbriklərini qəbul edib bitirməmiş premyerada - Əşrəf Abbasovun «Qaraca qız» baletində əsas partiyanı oynamaq sevincini yaşadı.
Hələliksə, Cəmilə ilə tanış olaq. Bakı Xoreoqrafiya Məktəbinin (indiki Bakı Xoreoqrafiya Akademiyası) Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunu. Adı Azərbaycanın istedadlı gənclərinin «Qızıl kitabı»na salınmış, hələlik zamanca qısa yaradıcılıq bioqrafiyasına neçə əsas balet partiyasının adı yazılmış və Azərbaycanın beynəlxalq müsabiqədə qalib gəlmiş ilk balerinası. Səhnədə kəpənək kimi qanad çalıb uçan zərif qızın daşıyacağı bu yük ağır deyilmi? Qoy özü desin...
- Əslində, müsabiqədəki qələbəm mənim məsuliyyətimi artırdı. Düzdür, özümə inamım da çoxalıb. Amma hər halda indən belə həm peşəkar balet artistləri, həm də tamaşaçılar məndən daha mükəmməl ifa gözləyəcəklər.
- Müsabiqə necə keçdi?
- Rəqabət güclü idi. Düzdür, ilk dəfə keçirildiyi üçün ölkəmizdən iştirakçı daha çox idi. Amma əsas məsələ budur ki, belə bir beynəlxalq müsabiqənin, həm də klassik və milli rəqs sənətlərini eyni yarışda birləşdirən müsabiqənin əsası qoyuldu.
- Müsabiqədə hansı proqram ilə çıxış etmişdiniz?
- Birinci tur üçün Çaykovskinin «Sonalar gölü» baletindən Odettanın, bir də Minkusun «Don Kixot» baletindən Kitranın partiyasını hazırlamışdım. Mən qəsdən belə fərqli partiyaları seçdim ki, hər xarakterli obrazın öhdəsindən gələ bildiyimi sübut edim, bütün texniki və artistlik qabiliyyətini göstərə bilim.
Mən klassik balerinayam, amma istəyirdim ki, fərqli rəqsləri də ifa etmək bacarığımı göstərə bilim. Universiteti xoreoqraf ixtisası üzrə bitirmişəm. Fikirləşdim ki, özüm quruluş verdiyim rəqslə çıxış edim Düzü, çox həyəcanlanırdım. Çünki belə bir sərbəst seçimin necə qarşılanacağını bilmirdim. Meksika rəqslərinin motivləri üzərində 4 dəqiqəlik bir rəqs nömrəsi qurmuşdum. Münsiflər isə bu çıxışımı daha çox bəyəndilər, tamaşaçılar da alqışladılar.
- Bildiyim qədər, siz həm də Moskvada bir müddət staj keçmisiniz.
- Əvvəlcə ondan başlayım ki, Bakıda müəllim sarıdan bəxtim gətirib. Xoreoqrafiya məktəbində ilk müəllimim Roza Hacıyeva olub. Azərbaycanın bir çox balet artisti Roza müəllimənin yetirməsidir. O, ibtidai siniflərdə dərs deyir, baletin əlifbasını öyrədir, gələcək artistlərdə balet xarakterini formalaşdırırdı. Təəssüf ki, bizim sinif onun son buraxılışı oldu, Roza müəllimə dünyasını dəyişdi. Sonrakı sənət müəllimim isə SSRİ Xalq artisti, Dövlət mükafatı laureatı Tamilla Şirəliyeva olub. Bəxtə bax ki, yenə də mən böyük balerinamızın son yetirmələrindənəm. Tamilla xanım bizim buraxılışdan sonra pensiyaya çıxıb. Amma mən yenə də onunla məsləhətləşirəm, müsabiqəyə də elə onunla birlikdə hazırlaşmışdım. Teatrda «Min bir gecə» baletində Şəhrizadın partiyasını mənə tapşırılanda yenə Tamilla xanımın məsləhətləri köməyimə gəldi.
- Doğrudan da, bəxtiniz gətirib ki, belə bir müəlliminiz var. Tamilla Şirəliyeva Şəhrizadın ilk ifaçısı olub...
- Bəli, Tamilla xanımın pedaqoqluğu
Allah vergisidir. O, hər
bir xırda detalı, başını
necə çevirməkdən
tutmuş ən kiçik əl hərəkətinə, baxışlara
qədər hər bir nüansı zərgər dəqiqliyi ilə məşq edir. Mənim uğurlarımda onun əməyi böyükdür. Xoreoqrafiya məktəbini
bitirəndən sonra teatra gələn kimi tamaşalarda əsas partiyaları oynamağım bir tərəfdən teatr rəhbərliyinin mənə
inamıdırsa, digər
tərəfdən ondan
aldığım dərslərin
nəticəsidir. Teatrın rəhbərliyi,
Mədəniyyət və
Turizm Nazirliyi mənə etimad göstərib Böyük
Teatrın nəzdindəki
Moskva Dövlət Xoreoqrafiya Akademiyasında birillik təcrübə keçməyə yolladılar.
Bu kurs da mənə çox şey verdi.
Orada öz balet məktəbimizə,
öz ifa tərzimə bir növ kənardan baxdım. Digər ölkələrdən, hətta İtaliyadan, Yaponiyadan staj keçənlər var idi, qarşılıqlı
mübadilə, başqa
balet məktəblərinin
təmsilçiləri ilə
ünsiyyət insanı
zənginləşdirir. Mən teatrımızın direktoru
Akif Məlikova mənə göstərdiyi
etimada, səhnədə
öz qabiliyyətimi göstərmək üçün
yaradılmış imkanlara
görə çox minnətdaram.
- Gənc, böyük ümidlər bəslədiyimiz
balerina Cəmilə Kərimova daha nə ilə maraqlanır?
- Bəzən kənardan elə görünür ki, klassik balerinanı
öz sənətindən
başqa heç nə maraqlandırmır.
Bizim ailənin bir qaydası var: seçdiyin sahəyə tam yiyələnməli,
uğur qazanmağa çalışmalısan. Anam Töhfə
Babayeva Dövlət Simfonik Orkestrinin solisti, Əməkdar
artist, Bakı Musiqi Akademiyasının professorudur.
Qardaşım Ənvər Moskva
Dövlət Konservatoriyasında
təhsil alır.
Musiqini çox sevən atam da öz
sahəsində yaxşı
mühəndis kimi tanınır. Balet sənəti
kənardan asan görünsə də, çox əziyyətli, xeyli vaxt, enerji
tələb edən sahədir. Amma bununla belə, mən öz sahəmə qapanan adam deyiləm.
Kinoya da marağım çoxdur. Hərdən fikirləşirəm ki, kinoya çəkilmək
barədə dəvət
alsam, özümü
bu sahədə mütləq sınayardım.
Foto sənəti də mənim üçün çox maraqlıdır.
İndiyədək bir neçə
jurnalın foto-sessiyasında
iştirak etmişəm.
Odetta-Odilliya, Xanım qız, Şəhrizad, Paxita, Vivetta, Düyməcik, Qaraca qız... Bu obrazlar Cəmilə Kərimovanın səhnədə ifa etdiyi obrazların tam siyahısı deyil. Biz hələ onun çox uğurlarına, neçə-neçə premyeralarına sevinəcəyik.
Gülcahan Mirməmməd
Mədəniyyət.- 2016.- 8 iyun.-
S.11.