“Əsərlərimə incə notları
Azərbaycanın zəngin ruhu verir”
“İnsan vətənindən
uzaqda yaşayanda öz dilinə, adətlərinə, mədəniyyətinə
daha dərindən dəyər verir”
Tanınmış heykəltəraş, soydaşımız Katib Məmmədov Azərbaycandan uzaqda yaşasa da, doğma yurda çox bağlıdır. Bu bağlılıq onun yaradıcılığında özünü qabarıq göstərir. Heykəltəraşın klassik, modern, stilizə, avanqard əsərlərində ölkəmizin bənzərsiz, heyranedici əlvanlığına rast gəlinir. Hələ tələbəykən Azərbaycana həsr etdiyi «Odlar yurdu» əsəri ona böyük uğur gətirməklə yanaşı, yaradıcılığının simvoluna çevrilib.
Bu gün o, Ukraynanın Əməkdar rəssamı, beynəlxalq Repin mükafatı laureatı, Rusiya Rəssamlıq Akademiyasının akademiki, Ukrayna Rəssamlar İttifaqı və Moskva Professional Rəssamlar Yaradıcılıq Birliyinin üzvüdür.
- Katib müəllim, adətən bizim rəssam və heykəltəraşlar orta ixtisas təhsillərini Bakıda alandan sonra keçmiş SSRİ-nin ali məktəblərində oxumağa gedirdilər. Siz isə birbaşa respublikadan kənarda ali məktəbə imtahan vermisiniz.
- Mən 1963-cü ildə Gəncə və Göygöl şəhərlərinin arasında yerləşən çox mənzərəli Üçtəpə kəndində anadan olmuşam. Uşaqlıq illərim təbiətlə sıx bağlı keçib. Atam bütün övladlarını zəhmətkeş böyüdüb. Buna görə də heç vaxt həyatda çətinliklərdən qorxmamışam. Hələ orta məktəbdə oxuyarkən Sankt-Peterburqdakı Rəssamlıq Akademiyasında təhsil almaq arzusunda idim. Hərbi xidmətdən qayıtdıqdan sonra bu arzumu həyata keçirməyə çalışdım, amma ailəmizin maddi çətinliklərini görüb Rusiyaya işləməyə getdim. Moskva Pedaqoji İnstitutunun qrafika və rəngkarlıq şöbəsinə qiyabi qəbul oldum, eləcə də tikintidə işləyib ailəmizə kömək etdim.
1987-ci ildə Xarkov şəhərində oldum, deyəsən, axtardığımı tapmışdım. Orada qalıb oxumaq qərarına gəldim. Ali təhsili başa vurduqdan sonra mənə institutda müəllim işləməyi təklif etdilər. O vaxtdan Xarkov Dövlət Dizayn və İncəsənət Akademiyasında çalışıram, hazırda tədris ocağının dosentiyəm.
Uşaqlıqda Gəncə şəhərində peşə məktəbini suvaqçı-rəngsaz ixtisası üzrə bitirmişdim. Heykəltəraşlıq fakültəsinə daxil olmaq çox çətin idi. Bir il həmin fakültədə usta kimi çalışandan sonra daxil oldum.
- İndi isə Ukraynanın Əməkdar rəssamısınız...
- Fəxri ad və titullardan danışmağı
sevmirəm. Məncə, əsl yaradıcı
insan bu haqda düşünməməlidir.
Mən çox xoşbəxt sənətkaram ki, əsərlərim sevilir,
onlara tələbat
var. Bu mənə imkan
verir ki, yalnız yaradıcılıqla
məşğul olum,
dəyərli əsərlər
yaradım. Mənim ən
böyük mükafatım
budur.
- Əsərlərinizi dəqiq və incə işləməyə
çalışırsınız. Bu nəylə bağlıdır?
- Hər bir rəssam,
ya heykəltəraş
yaratdığına ürəyinin
bir parçasını
qoyur. Əsər müəllifin daxili
aləmindən soraq verir. Sözsüz ki, insanın iç dünyası dəyişdikcə, əsərlər
də müxtəlif olur. Mənim əsərlərimə dəqiq və incə notları Azərbaycanın zəngin,
bənzərsiz ruhu verir. Heykəltəraş - həyatın gözəl
anlarını yadda saxlayıb formalaşdıran
və gələcək
nəsillər üçün
qorumağa çalışan
bir insandır. Mənim missiyam insanların qəlbini isidən əsərlər yaratmaqdır.
Bu sevinc və
istiliyi həmişə
paylaşmaq istəyirəm.
Əgər insanların qəlbinə
əsərlərimlə yol
tapmışamsa, demək,
mən nahaq yerə çalışmıram.
- İndiyə kimi
nə qədər heykəl yaratmısınız?
- Heykəllərimin dəqiq
sayını bilmirəm.
Onlar yaddaşımda saylarıyla
yox, mövzu və mahiyyətləriylə
qalıblar. Təxminən 200-dən çox yaradıcı əsərim, Ukraynanın
bir neçə şəhərində və
Rusiyanın da bölgələrində abidə,
heykəl, lövhələrim
var.
- Azərbaycandakı həmkarlarınızla
əlaqələriniz varmı?
- Var, əlbəttə. Onlarla Moskvada vaxtaşırı
sərgilərdə görüşürəm.
Azərbaycan incəsənəti dedikdə, mənim üçün ən öndə fəxrimiz Tahir Salahovun adı gəlir. Ona uzun ömür,
cansağlığı diləyirəm!
Azərbaycanın çox istedadlı
heykəltəraşları olub, var və
yenə də olacaq. Ömər Eldarov, Tokay Məmmədov
və başqa görkəmli sənətkarlarımız
var. Rahib Həsənovun
yaratdığı “Əlağa
Vahid” heykəli çox təqdirəlayiqdir.
- Muzey-emalatxananız barədə
nə deyə bilərsiniz. Sağlığında
hər yaradıcı
insanın muzeyi olmur...
- Müəllif işlərimin
sayı artdıqca Xarkovda muzey-emalatxana yaratmaq qərarına gəldim. Demək olar, bütün
işlərim buradadır.
Həm də azərbaycanlı rəssamların əsərlərini
yerləşdirirəm. Ukraynanın görkəmli şəxsləri
bu muzeydə dəfələrlə olub
və əsərlərimə
yüksək qiymət
veriblər. Muzey Ukraynada
Azərbaycanı bu sahədə təmsil edən yeganə mədəniyyət ocağıdır.
Muzeydə daima mədəniyyət
gecələri, təqdimat
mərasimləri və
elmi-mədəni proqramlar
keçirilir.
- Azərbaycanda sərgi keçirmək fikriniz varmı?
- Hər il
Azərbaycanda oluram. Övladlarımı da ildə bir aylığa Vətənə aparıram
ki, onlar milli köklərdən ayrılmasınlar. Məncə, insan vətənindən uzaqda yaşayanda öz dilinə, adətlərinə, mədəniyyətinə
daha dərindən dəyər verir. Sərgiyə gəldikdə isə,
rəssamlar üçün
sərgilərdə iştirak
etmək bir qədər asandır.
Mənim
üçünsə bu,
çox çətindir.
Heykəlləri harasa aparmaq
çox çətindir.
İstərdim ki, milli mövzuda olan əsərlərim Azərbaycanda
da sərgilənsin.
Bu, gələcək nəsillər üçün
dəyərli, maarifləndirici
bir sərgi olardı. Təklif olarsa, mən
hər zaman hazıram.
- Maraqlı odur ki, üç oğlunuzdan birinə öz adınızı qoymusunuz.
- Hər bir insan
istər ki, onun övladları yolunu davam etdirsinlər.
Böyük oğlum Səfərin
marağı kimya, biologiya fənlərinədir.
Orta məktəbi qızıl
medalla bitirdi. Cərrah olmaq istəyir. Oğlum Emil
10-cu sinifdə oxuyur, iki ildir Xarkov
şəhər administrasiyasının
təqaüdünü alır,
“İlin şagirdi -
2016” mükafatına layiq
görülüb. Yaxşı şəkil
çəkir, heykəl
düzəldir. Hələ həyatda
hansı yolu seçəcəyinə qərar
verməyib. Balaca
Katibin isə səkkiz yaşı var, özü belə deyir: “Mən artıq heykəltəraşam!”
S.Qaliboğlu
Mədəniyyət.- 2016.- 8 iyun.-
S.12.