Müşfiqin ürəyi yarpaqdan incə”

 

 

Ölməz şairin xatirəsi yad edilib

 

Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəzin, Yasamal Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə ölməz şair Mikayıl Müşfiqin anadan olmasının 108 illiyinə həsr olunmuşMüşfiqin ürəyi yarpaqdan incə” adlı poeziya tədbiri keçirilib.

Mərkəzdən bildirilib ki, əvvəlcə tədbir iştirakçıları şairin Xızıdakı ata yurduna gedərək abidəsini ziyarət edib, rayon ictimaiyyəti, müşfiqsevərlərlə görüşüblər.

Sonra Bakıda şairin abidəsi önündə keçirilən mərasimdə xatirəsi yad edilib, ölməz poeziya nümunələri səsləndirilib.

Yasamal Rayon İcra Hakimiyyəti başçısının humanitar məsələlər üzrə müavini Təravət Muradova, Elmi-Metodik Mərkəzin şöbə müdiri Sənan Talıbov, professor Rafiq Sadıqov, şair Oqtay Rza və başqaları çıxış edərək Azərbaycan poeziyasının ən parlaq səhifələrində imzası olan Mikayıl Müşfiqin qısa ömür yolu və zəngin yaradıcılığından söz açıblar.

Bildirilib ki, M.Müşfiq Azərbaycan gəncliyinə bütün zamanlarda örnək olaraq qalmaqdadır. Mikayıl Müşfiq şəxsiyyəti milli şüur və vətənpərvərliyin timsalı, yaradıcılığı isə gənc nəslin milli mənliyinin, şüurunun inkişaf etdirilməsi və gənclərimizdə vətənpərvərlik hisslərinin tərbiyəsində əvəzsiz xəzinədir. Hər bir gənc istənilən mövzuda M.Müşfiqin şeirlərindən istifadə edə bilər. Şairin milli-musiqi alətimiz olan tara həsr etdiyiOxu tarşeiri musiqimizə həssas münasibət, tarixi keçmişimizə məhəbbət, vətənpərvərlik, Vətənə sonsuz sevgi baxımından Mikayıl Müşfiq yaradıcılığının zirvəsi adlandırılıb.

 

Mədəniyyət.- 2016.- 8 iyun.- S.15.