Azərbaycanda turizm: strateji
baxış
İctimai müzakirələrdə
turizm sənayesinin inkişaf etdirilməsi ilə bağlı görülən və görüləcək işlərdən
söz açılıb
İyunun
9-da Azərbaycan Dövlət
İqtisad Universitetində
"Azərbaycanda turizm:
strateji baxış"
mövzusunda ictimai müzakirə keçirilib.
Tədbir Azərbaycan Respublikası
Prezidentinin İqtisadi
islahatlar üzrə köməkçisinin xidməti,
Mədəniyyət və
Turizm Nazirliyi və İqtisadi İslahatların Təhlili
və Kommunikasiya Mərkəzinin birgə təşkilatçılığı ilə gerçəkləşib. Turizm və
iqtisadiyyatın digər
sahələri üzrə
ekspertlərin iştirak
etdiyi müzakirə Azərbaycanda turizmin daha da inkişaf
etdirilməsi yollarının
araşdırılması məqsədilə
təşkil olunub.
Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov tədbiri açaraq ölkə iqtisadiyyatının inkişafı,
o cümlədən qeyri-neft
sektorunda görülən
işlərdən danışıb. Bildirib ki,
dünya bazarında neftin qiymətinin aşağı düşməsi
Azərbaycanda qeyri-neft
sektorunun daha da inkişaf etdirilməsini sürətləndirib.
Tədbirdə çıxış edən
mədəniyyət və
turizm naziri Əbülfəs Qarayev turizmin Azərbaycan iqtisadiyyatının qeyri-neft
sektorunda prioritet sahələrdən biri olduğunu bildirib, son illər bu sahədə
görülən işlər
haqqında məlumat verib.
Qeyd olunub ki, son bir neçə ildə həyata keçirilən tədbirlər
nəticəsində Azərbaycanın
turizm sənayesi özünün inkişaf
dövrünü yaşayır:
"Bu gün turizm dünya iqtisadiyyatının
üç əsas istiqamətindən biri kimi sürətlə inkişaf etməkdədir.
Ölkəmiz müstəqillik əldə etdikdən sonra turizm sənayesinin
inkişafı üçün
böyük layihələr
icra olunub. Dünya miqyasında tanınan brend hotellər istifadəyə verilib.
İndi ölkəmizdə
ümumi daxili məhsulun 4,5 faizini turizmdən gələn gəlirlər
təşkil edir. Təsadüfi deyil ki, Dünya İqtisadi Forumunun 2015-ci il üçün “Səyahət və Turizm Rəqabətliliyi Hesabatı”nda Azərbaycan
141 ölkə arasında
insan resursları və əmək bazarı göstəricisinə
görə 36-cı yerdədir.
Hazırda Azərbaycanda 250-dən çox turizm şirkəti və 570-dən
çox yerləşdirmə
obyekti fəaliyyət
göstərir. Son 10 il ərzində ölkəmizə gələn
turistlərin sayı
5 dəfədən çox
artıb”.
Əbülfəs Qarayev turizmin iqtisadi amil kimi
rolundan, bu sahənin inkişafının
yeni iş yerlərinin açılmasına
müsbət təsirlərindən
bəhs edib. Həmçinin vurğulayıb ki,
mədəniyyət və
turizmin qarşılıqlı
inkişafı istiqamətində
ölkəmizdə həyata
keçirilən tədbirlər
daha da sürətləndiriləcək.
Tədbirdə daha sonra İqtisadi İslahatların
Təhlili və Kommunikasiya Mərkəzinin
direktoru Vüsal Qasımlı, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə, Prezident Administrasiyasının
sektor müdiri Elxan Mikayılov çıxış ediblər.
Bildirilib ki, neft gəlirlərindən
istifadə edilərək
ölkəmizdə böyük
infrastruktur layihələri
həyata keçirilib
və bu sahədə işlər uğurla davam etdirilir. Çıxışlarda ölkə iqtisadiyyatının
əsas istiqamətlərindən
biri olan turizmin daha da
inkişaf etdirilməsinin
vacibliyi vurğulanıb.
Tədbir Azərbaycan Turizm və Menecment Universitetinin rektoru, professor Cəfər Cəfərovun moderatorluğu ilə ictimai müzakirələrlə davam edib. Müzakirələrdə ölkəmizdə milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin 11 istiqamətindən biri olan turizm sənayesinin inkişaf etdirilməsindən söz açılıb. Tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Fariz
Mədəniyyət.- 2016.- 10 iyun.-
S.3.