BugününVaqifi Şəkidən gəldi

 

 

Bu gün hər hansı teatrın milli dramaturgiyanın klassik nümunələrinə müraciət etməsi xəbəri yayılanda sənətsevərlərin ağlına «Bəxtiyar» filmindən dillər əzbəri olmuş bu sual gəlir: «Niyə baxacaqlar yox, nəyə baxacaqlar». Doğrudan da, teatrı sevənlər, Axundzadənin, Məmmədquluzadənin, Cabbarlının, Vurğunun məşhur əsərlərini xırdalıqlarına qədər bilənlər həmin əsərlərin növbəti səhnə həllində təzə heç nə görməyəcəklərsə, həmin tamaşaya baxmağa dəyərmi?

Əminəm ki, iyunun 7-8-də Musiqili Teatrın səhnəsində Şəki teatrının S.Vurğunun «Vaqif» dramı əsasında hazırladığı tamaşanı seyr edənlər bu suala müsbət cavab verəcəklər: DƏYƏR!

«Əyalət teatrı» çərçivəsinə heç vaxt sığmamış S.Rəhman adına Şəki Dövlət Dram Teatrı bu mövsümün ən maraqlı tamaşalarından biri ilə iki gün Bakıda qastrolda oldu. İş elə gətirib ki, ötən əsrin otuzuncu illərinin sonlarında Adil İsgəndərov ilə Səməd Vurğunun yaradıcılıq tandeminin məhsulu olan «Vaqif» tamaşası az qala səksən ildir ki, Azərbaycan teatr rejissorlarını öz cazibəsində saxlayır. Ələsgər Ələkbərov, Sidqi Ruhulla, Fatma Qədri və digər sənətkarlar öz oyunları ilə səhnə əsəri müəlliflərinin monumental teatr konsepsiyasının təsirini elə bir səviyyəyə qaldırıblar ki, o zamandan bəri səhnələşdirilən bütün «Vaqif»lər «Vaqif»in ilk quruluşu ilə müqayisə edilib.

Mərdan Feyzullayevin səhnələşdirdiyi tamaşa nə ilə seçildi? İlk növbədə rejissorun bu tamaşa ilə cəmiyyətə nə demək istədiyini aydın təsəvvür etməsi, əsərə cəsarətli münasibəti və müdaxiləsi, demək istədiklərini auditoriyaya dəqiq çatdıra bilməsi ilə. Doğrudan da, əgər bu gün başımızın üstündə sovet ideoloji basqısı yoxsa, yenə də İbrahim xan əyyaş və qorxaq, türk əsilli Ağa Məhəmməd şah Qacar qaniçən fars şovinisti, Vaqif isə romantik sevgi şairiarada bir siyasətlə məşğul olan ruspərəst vəzir kimi niyə göstərilməlidir? Şükürlər olsun ki, Şəkidən gələn «Vaqif»də bütün bunlar yoxdur. Tamaşada bütün yanaşı xətlər (Vaqif-Xuraman, Vaqif-Şeyx Alı və s.) ləğv olunaraq, Qarabağ xanlığının timsalında tarixi Azərbaycan torpaqlarının taleyinin iki güclü qonşu - İranRusiya arasında həlli məsələsi qabardılıb. Bu xətti tamamlamaq üçün əsərə daha bir gerçək qəhrəman - İbrahim xanın qardaşı oğlu Məhəmməd bəy Cavanşir obrazı əlavə edilib.

Tamaşanın mətninə əlavə edilən nəsr hissələrini Mərdan Feyzullayev, nəzm parçalarını isə Vaqif Aslan yazıb. Maraqlıdır ki, Vaqif Aslanın nəzmi təkrarsız Səməd Vurğunun poeziyasını məna və kontekst baxımından tamamladığı üçün əsərə yamaq kimi görünmür. Üstəlik, tamaşanın finalına Molla Pənah Vaqifin «Mən cahan mülkündə mütləq, doğru halət görmədim, Hər nə gördüm əyri gördüm, özgə babət görmədim» müxəmməsinin əlavə edilməsi həm saray şairinin acınacaqlı sonunu, həm də birləşə bilmədiyindən böyük dövlətlərə yem olan Azərbaycan xanlıqlarının faciəsini göstərir.

«Vaqif» tamaşası çox yığcam və çoxmənalı səhnə tərtibatı ilə diqqəti çəkir. Quruluşçu rejissor ilə rəssam Qüdrət Məmmədov bütün hadisələri fırlanan, bir neçə səkiyə ayrılmış 15 pilləli podiumun üstündə qala bürcünü, qapını xatırladan çərçivələr quraşdırılıb. Mizanlardan asılı olaraq, bu konstruksiya fırlanır, amma onun ən yuxarı pilləsinə yalnız iki nəfər ikicə dəfə qalxır. Lap əvvəldə Vaqif burada namaz qılıb, ardınca da «Xudaya! İnsanın halı yamandır, nələr çəkdiyimiz sənə əyandır» monoloqunu söyləyir, bir də Məhəmməd bəy ittiham dolu yurd və hakimiyyət yanğılı çağırış monoloqunu həmin hündürlükdə deyir. Fikrimcə, bu, düşünülmüş bir seçimdir. Yalnız ulu Tanrıya müraciət etmək, birtorpaq, birlik yanğısı ilə hündürlüyə qalxmaq lazımdır.

Aktyorların ifasına gəlincə, bunu da qeyd etməliyik ki, gərgin zəhmət bahasına ərsəyə gələn, həmçinin hər bir aktyorun səhnəyə nəyə görə çıxdığını dəqiq bildiyi tamaşalarda kimin öz rolunun öhdəsindən zəif gəldiyini, kimisə daha yaxşı oynadığını demək çətindir. Şəki teatrının «Vaqif» tamaşasında da zəif çıxışçı yox idi. Lakin bununla belə, iki aktyorun - VaqifQacar rollarının ifaçıları - Azərbaycanın əməkdar artistləri Əbülfət Salahov ilə Xanlar Həşimzadənin ifa məharətini qeyd etməyə bilmərik.

Əbülfət Salahovun Vaqifi indiyə kimi alışdığımız monumental Vaqiflərdən, Xanlar Həşimzadənin Qacarı amansız və sərt hökmdarlardan deyil. Onları da, elə İbrahim xanı da (Akif Yusifov) bir-birindən ayıran Qarabağ xanlığının gələcəyi barədə düşündükləridir. Əsərə əlavə edilmiş gerçək tarixi fiqur - Məhəmməd bəy Cavanşir rolunun ifaçısı Rəhim Qocayevöz ifası ilə tamaşanın məramını çatdırır. Qacarın hökmü ilə cavan Məhəmməd bəyin Şuşanı tərk etmiş İbrahim xanın əvəzinə Qarabağ xanı təyin edərkən aktyor heçİran şahının ailə daxilinə nifaq səpmək üçün açdığı xəyanətdən sarsılmasını və onu sərkərdə kimi tərifləməsini səthi qəbul etdiyini hiss etdirir. Dəliqanlı Məhəmməd bəy İbrahim xanın Şuşanı strateji addım olaraq tərk etməsini anlamadığı üçün Qacarın iltifatını qəbul edir. İran sərkərdələri ilə birləşib Qacarın qətlinə imkan verdiyi səhnədə də aktyor tamaşaçını bu hərəkətin düzgünlüyünə inandırmağı bacardı.

Əməkdar artist İqrar Salamovun oynadığı Təlxək də bizim alışdığımız təlxək deyil. Təlxək qiyafəli bu saray əhli əslində sözünü deyə bilməyənlərin, aman istəyənlərin carçısıdır.

 

Şəki teatrının Bakıda, Musiqili Dram Teatrının səhnəsində təqdim etdiyi tamaşa 1 saat 40 dəqiqə fasiləsiz oynanılır. Bir məqamı da vurğulamaq lazımdır ki, bu əsər təkcə baxmaq üçün deyil, həm də diqqətlə qulaq asmaq üçündür. Tamaşaya uğurlu əlavələr Səməd Vurğunun «Vaqif» dramında, o qədər də açıq duyulmayan, məharətlə gizlədilmiş mətləbləri bugünün prizmasından daha aydın qavramağa kömək edir.

 

Fikirlərimizi yekunlaşdıraraq deyə bilərik ki, Şəki Dövlət Dram Teatrı repertuarına daxil etdiyi «Vaqif» tamaşası ilə əsas sualın cavabını verdi. Tamaşaçı həm nəyə baxdığını bildi, həm də niyə baxdığını.

 

Gülcahan Mirməmməd

Mədəniyyət.- 2016.- 10 iyun.- S.6.