Bakıda Koreya milli
mətbəxi festivalı
keçirilib
İyunun 8-də Koreya Respublikasının Azərbaycandakı səfirliyinin
təşəbbüsü ilə Bakıda Koreya milli mətbəxi
festivalı keçirilib. 5 saylı
“ASAN xidmət” mərkəzində
gerçəkləşən tədbir Mədəniyyət
və Turizm Nazirliyinin, Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara
Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə dəstəyi ilə təşkil olunub.
Tədbirdə çıxış edən
mədəniyyət və
turizm naziri Əbülfəs Qarayev dövlət başçısının
sərəncamı ilə
2016-cı ilin Azərbaycanda
“Multikulturalizm ili” elan olduğunu və bununla bağlı müxtəlif
tədbirlərin keçirildiyini
diqqətə çatdırıb. Qeyd olunub
ki, Bakıda təşkil edilən Koreya milli mətbəxi
festivalı da bu baxımdan əlamətdar hadisədir.
Kulinariyanın hər bir ölkənin
mədəniyyət sahəsinin
mühüm tərkib
hissəsi olduğunu vurğulayan nazir son zamanlar ölkəmizdə
bu istiqamətdə reallaşan festivalları yüksək qiymətləndirib. Azərbaycanla
Koreya Respublikası arasında mədəniyyət
sahəsində əməkdaşlıqdan
söz açan nazir deyib: “Milli
mətbəxsiz xalqların
mədəniyyətini təsəvvür
etmək mümkün
deyil. Bu həm
də adət-ənənə
deməkdir. Azərbaycanla
Koreya Respublikası arasında münasibətlərin
inkişaf etməsində
belə tədbirlərin
xüsusi əhəmiyyəti
var. Bu festivalın “Multikulturalizm
ili” çərçivəsində
keçirilməsi sevindirici
haldır”.
Koreya Respublikasının
Azərbaycandakı səfiri
Kim Çanq-Gyu çıxış
edərək tədbirin
təşkilində əməyi
keçən hər kəsə təşəkkürünü
bildirib. Bildirib ki, belə tədbirlər,
xalqların bir-birinin milli mətbəx ənənələri ilə
tanış olması ilə yanaşı, ölkələrarası
mədəni əlaqələrinə
də müsbət təsir edir.
Azərbaycan Respublikasının Prezidenti
yanında Vətəndaşlara
Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin baş direktoru İnam Kərimov festivalın
“ASAN xidmət” mərkəzində
təşkil olunmasını
yüksək qiymətləndirib,
bu qəbildən tədbirlərin gələcəkdə
də davamlı olmasını arzulayıb.
Qeyd olunub ki, Azərbaycan
multikultural ənənələrin
bərqərar olduğu
ölkə kimi hər zaman öz mədəniyyəti
ilə yanaşı, başqa xalqların mədəniyyətinə də
hörmətlə yanaşır.
Azərbaycan Kulinariya Assosiasiyasının
prezidenti Tahir Əmiraslanov çıxış
edərək ölkəmizdə
Koreya mətbəxinin
təqdim olunmasının
artıq ənənəvi
hal aldığını
bildirib. Vurğulayıb ki, belə tədbirlər qarşılıqlı
olaraq mətbəx mədəniyyətimizin inkişafına
yardım edir. Festivalın keçirilməsində məqsəd
həm də adət-ənənələrin qarşılıqlı təbliği
və mədəniyyətlərarası
dialoqun inkişaf etdirilməsidir.
Tahir Əmiraslanov
festivalda iştirak edən koreyalı aşpazlara Azərbaycan Kulinariya Assosiasiyasının
diplom və hədiyyələrini, eləcə
də Azərbaycan kulinariyası haqqında kitablar təqdim edib.
Festivalda Koreyanın milli mətbəx nümunələrini əks
etdirən yeməklər nümayiş olunub.
Mədəniyyət.- 2016.- 10 iyun.-
S.8.