Şəkidə turistlər üçün mədəni proqramlar təşkil olunur

 

 

Füsunkar təbiəti, tarixi-memarlıq abidələri, zəngin milli mətbəxi ilə məşhur olan Şəki ilin bütün fəsillərində yerlixarici turistləri özünə cəlb edir. Yay mövsümündə turistlərin istirahətini daha mənalı etmək üçün turizm mərkəzlərində, “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisində, eləcə də şəhərin parklarında müxtəlif əyləncələr təşkil edilir.

Mədəniyyət və Turizm şöbəsinin müdiri Mirvari Zeynalova bildirib ki, Mədəniyyət və Turizm Nazirliyinin tədbirlər planı əsasında həyata keçirilən pilot-layihəyə uyğun olaraq, yay aylarında turistlər üçün gündəlik mədəni proqramların təşkili nəzərdə tutulub. “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisində hər gün turistlər üçün müxtəlif əyləncəli proqramlar, sərgilər, konsertlər təşkil edilir.

Turistlərə xidmət göstərmək üçün Şəki xanları sarayının yaxınlığında, qədim qala divarları ilə əhatələnən geniş yaşıllıq ərazidə asudə vaxt və istirahət guşəsi də yaradılıb. Turistlər qədim dövrləri xatırladan fotoatelyedə milli geyimlərlə şəkil çəkdirə, həmçinin xüsusi çadırlarda dincələ, Şəki şirniyyatları ilə samovar çayına qonaq ola bilərlər. Uşaqlar da yaddan çıxmayıb. Ərazidə onlar üçün də müxtəlif attraksionlar quraşdırılıb. Qoruğun direktoru Təranə Abdullayevanın sözlərinə görə, iyunun 15-dən başlayaraq həftə ərzində üç gün burada muğam üçlüyü, zurnaçılar dəstəsi və kamera orkestrinin konsertləri təşkil ediləcək.

Yay mövsümü ilə əlaqədar şəhərdəki bütün muzeylər, həmçinin Şəki xanlarının sarayı, Kiş kəndindəki alban məbədi və digər turizm məkanları fasiləsiz rejimində fəaliyyət göstərəcək. “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisindəki sənətkarlıq emalatxanaları daim yerlixarici turistlərin xidmətində olacaq. Sənətkarlar isə turistlərin daha çox maraq göstərdiyi kiçikölçülü milli suvenirlərin, hədiyyələrin hazırlanmasına üstünlük verirlər.

 

Mədəniyyət.- 2016.- 10 iyun.- S.8.