“Müasir İpək Yolu” mədəni turizm marşrutu layihəsi reallaşır
Dörd ölkədən 11 turizm şirkətinin tərəfdaş olduğu layihə üzrə memorandum
imzalanıb
İyunun 7-də Qırğızıstanın Çolpan-Ata şəhərində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) turizm nazirlərinin 3-cü toplantısı keçirilib. İclasda nazir müavini Nazim Səmədovun rəhbərliyi ilə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin nümayəndə heyəti iştirak edib.
Toplantıya Birləşmiş Millətlər Dünya Turizm Təşkilatının baş katibi Taleb Rifai, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Ramil Həsənov, eləcə də Qırğızıstanın mədəniyyət, informasiya və turizm naziri Altınbek Maksutov, Türkiyə mədəniyyət və turizm nazirinin müavini Hüseyn Yayman, Qazaxıstanın investisiya və inkişaf nazirinin müavini Zamir Saginov qatılıb.
Görüşdə “Müasir İpək Yolu” mədəni turizm marşrutu layihəsini həyata keçirəcək 4 ölkənin (Azərbaycan, Qırğızıstan, Qazaxıstan, Türkiyə) 11 turizm şirkəti müəyyən olunub və memorandum imzalanıb. Layihədə tərəfdaş qismində Azərbaycandan “Millenium Turizm”, “Atlas Travel” və “A la Carte Travel” şirkətləri iştirak edəcək.
Xatırladaq ki, “Müasir İpək Yolu” mədəni turizm marşrutu layihəsi 2014-cü ilin aprelində Türk Şurası turizm nazirlərinin 1-ci toplantısında gündəmə gəlmiş, bununla bağlı işçi qrupu yaradılmışdı. Həmin ilin iyununda Türk Şurasının Türkiyənin Bodrum şəhərində keçirilən zirvə toplantısında prezidentlər səviyyəsində layihəyə dəstək verilmişdi. Türkdilli dövlətlərin turizm nazirlərinin ötən il Azərbaycanda keçirilən 2-ci iclasında bununla bağlı müzakirələr aparılmışdı.
İşçi qrupunun bu ilin
mayında Bakıda keçirilən iclasında marşrutun proqramı, saytının
yaradılması, eləcə də tur
paketlərin və beynəlxalq uçuşların uyğun tariflərinin formalaşması
üzrə fikir mübadiləsi
aparılıb. Marşrut çərçivəsində
hər bir ölkə üzrə mədəni,
tarixi dəyərləri, adət-ənənələri
və digər turizm potensialını əhatə
edən turlar təklif olunacaq.
Mədəniyyət.- 2016.- 10 iyun.-
S.9.