Doğma yurdun ölməz tərənnümçüsü

 

Rəşid Behbudovun anım günündə məzarı ziyarət olundu

 

İyunun 9-da dünya şöhrətli müğənni, SSRİ Xalq artisti, Dövlət mükafatı laureatı, Sosialist Əməyi Qəhrəmanı Rəşid Behbudovun vəfatının 27-ci ildönümündə Fəxri xiyabanda xatirəsi yad olundu, məzarı üzərinə tər çiçəklər düzüldü.

Anım mərasimində görkəmli sənətkarın yaratdığı və adını daşıyan Azərbaycan Dövlət Mahnı Teatrının kollektivi, müğənninin ailə üzvləri, mədəniyyət və incəsənət xadimləri iştirak edirdi.

Sənətkarın ruhuna dualar oxunduqdan sonra həyat yoldaşı Ceyran Behbudova Rəşid Behbudovun xatirəsini əziz tutub xiyabana gələn hər kəsə təşəkkürünü bildirdi. Qeyd etdi ki, onun özündən sonra iz qoyduğu Mahnı Teatrı hər il anım günündə sənətkarı yad edir, Rəşid sənətini sevənlər onun məzarı önünə toplaşırlar. C.Behbudova məşhur ifaçının xidmətlərindən danışdı. Bildirdi ki, doğma vətənini hədsiz dərəcədə çox sevən müğənni 1966-cı ildə musiqiestrada sənətinin balet, pantomima kimi müxtəlif janrlarını özündə birləşdirən Mahnı Teatrını təşkil edib, bu teatrın solisti və bədii rəhbəri olub. Səhnədə olduğu 55 il ərzində Rəşid Behbudov dünyanın 100-dən çox ölkəsinə səfər edib. O həm də milli kinomuzda bənzərsiz obrazlar yaradıb.

Ceyran xanım Rəşid Behbudovun xatirəsinə göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə təşəkkürünü bildirdi və Mahnı Teatrının yaradılmasında ulu öndər Heydər Əliyevin rolundan söz açdı.

Qeyd edək ki, məlahətli səsi ilə könülləri fəth edən böyük müğənni 1915-ci ildə Tiflisdə, xanəndə Məcid Behbudovun ailəsində dünyaya göz açıb. İfaçılığa 1930-cu ildə Tiflisdə başlayıb, Azərbaycan Dövlət Filarmoniyasının, OperaBalet Teatrının solisti, dövlət konsert ansamblının təşkilatçısı və rəhbəri olub. Unudulmaz ifaçı 1989-cu il iyunun 9-da Moskvada vəfat edib.

Anım mərasimi həmin gün axşam Azərbaycan Dövlət Mahnı Teatrının estrada-simfonik orkestrinin sənətkarın xatirəsinə həsr edilən konsert proqramı ilə davam etdirilib.

 

Lalə Azəri

Mədəniyyət.- 2016.- 10 iyun.- S.13.