Nigar Nərimanbəyova Fransada “İlin ən
yaxşı rəssamı” adını qazanıb
Fransa Milli Mədəniyyət Federasiyası “TOİLE D'OR” ali mükafatını tanınmış azərbaycanlı rəssam Nigar Nərimanbəyovaya təqdim edib.
Atası, tanınmış Azərbaycan rəssamı Vidadi Nərimanbəyovun sənət yolunu davam etdirən N.Nərimanbəyova “Adajio” diptixinə görə bu nüfuzlu mükafata layiq görülüb. Bununla da o, “2016-cı ilin Fransada və Avropada ən yaxşı rəssamı” adını qazanıb.
N.Nərimanbəyova artıq bir neçə ildir Azərbaycanı böyük və irimiqyaslı “ART EN CAPITAL” layihəsində təmsil edir. Bu layihə Parisin əsas sərgi salonunda - Qrand Paledə Fransa Prezidentinin himayəsi ilə həyata keçirilir.
“ART EN CAPITAL”ın əsas və yeganə mükafatı olan “TOİLE D'OR” 1973-cü ildə Fransa Milli Mədəniyyət Federasiyası tərəfindən təsis edilib. İlk dəfədir ki, azərbaycanlı rəssama təqdim edilən bu mükafata bu günə qədər müxtəlif ölkələrdən cəmi 36 rəssam layiq görülüb.
Müstəqil rəssamların Qrand Paledəki salonunda hər il 5 minə qədər rəsmlə 2 mindən artıq tanınmış rəssam iştirak edir. Zamanında bu salon Pol Sezan, Pol Qogen, Anri de Tuluz-Lotrek, Kamil Pissarro, Şaqal, Dali, Van Qoq, Modilyani, Brak, Miro, Düşan, Utrillo, Brauer kimi böyük rəssamlara şöhrət qazandırıb.
Bu gün dünya miqyaslı rəssamların siyahısına azərbaycanlı Nigar Nərimanbəyovanın da adı yazılıb. Rəssamın bu nailiyyəti müasir Azərbaycanın təsviri sənətinə böyük töhfədir.
Nigar Nərimanbəyova deyib: “Bu xəbərdən
inanılmaz həyəcan keçirirəm! Sevincimin
həddi-hüdudu yoxdur. Xoşbəxtəm
ki, Azərbaycanı Avropanın dünya miqyaslı sənət
meydançalarında ləyaqətlə təmsil edirəm,
ölkəm barədə ən yaxşı tənqidçilər
və sənətşünaslar söz
açır. Əlbəttə, bu, həm
də yaradıcılığımın çoxsaylı pərəstişkarlarının
xidmətidir. Onların sevgi və səmimiyyəti
mənə həmişə ilham verir və məni xoşbəxt edir”.
Mədəniyyət.- 2016.- 10 iyun.-
S.16.