Görkəmli rejissorun xatirəsi yad olundu
İyunun 14-də Dövlət Film Fondunda görkəmli kinorejissor, Əməkdar incəsənət
xadimi Həbib İsmayılovun anadan olmasının 110 illiyinə
həsr edilmiş xatirə gecəsi keçirildi.
Mədəniyyət və Turizm Nazirliyi, Dövlət Film Fondu və Azərbaycan
Respublikası Kinematoqrafçılar
İttifaqının dəstəyi
ilə reallaşan tədbiri Əməkdar incəsənət xadimi Ayaz Salayev açaraq
rejissorun Azərbaycan kinosunda xidmətlərindən
danışdı.
Bildirdi ki, Həbib İsmayılovun
1958-ci ildə lentə
aldığı “Ögey
ana” filmi ilə Stalin rejimindən sonra Azərbaycan kinosunda yeni bir mərhələnin təməli qoyuldu. Bu təməl ideoloji xüsusiyyətlərdən uzaq
olan melodram janrı idi. “Ögey ana”
filmi ailə mövzusunun ideologiyadan üstün olduğu mesajını ötürürdü.
Xatirə gecəsində çıxış
edən Əməkdar
incəsənət xadimi,
kino tədqiqatçısı
Aydın Kazımzadə
rejissorun həyat və yaradıcılığı,
filmlərinin səciyyəvi
xüsusiyyətləri haqqında
söz açdı, xatirələrini bölüşdü. Bildirdi ki,
rejissorun sənət yolu kino mütəxəssisləri
tərəfindən araşdırılmalı,
gələcək nəsillərə
ötürülməlidir.
Sonra rejissorun
lentə aldığı
“Böyük dayaq”, “Ögey ana” bədii filmlərindən,
sənədli ekran əsərlərindən fraqmentlər
göstərildi.
Həbib
Ələkbər oğlu
İsmayılov 1906-cı il fevralın 21-də
Naxçıvanda dünyaya
gəlib. Orta təhsilini Tiflisdə
alıb. Ailəsi Bakıya
köçdükdən sonra
fəhlə məktəbində
oxuyub, dram dərnəyində
məşğul olub.
1927-ci ildə Xalq Maarif Komissarlığının
göndərişi ilə
Moskvaya Mərkəzi Teatr Sənəti Texnikumuna oxumağa gedir. Orada məşhur rejissor və pedaqoq Stanislavski ilə tanış
olur, ondan öyrəndiklərini hər
gün özü üçün qeyd edir.
Rejissor Bakıya
qayıtdıqdan sonra
bir müddət Türk İşçi Teatrında bədii rəhbər işləyir,
1938-ci ildə Musiqili Komediya Teatrına baş rejissor təyin edilir. 1943-cü ildən “Bakı” kinostudiyasında kinoxronika
şöbəsinin rəisi
kimi fəaliyyətə
başlayan rejissor çoxlu sayda sənədli filmlər lentə alır. Həbib İsmayılov 1958-ci ildə
kinoda ilk böyük işi olan “Ögey ana” bədii filmini ekranlaşdırır. 1962-ci
ildə isə Mirzə İbrahimovun eyniadlı romanının
motivləri əsasında
“Böyük dayaq” filmini çəkir.
Görkəmli rejissor 1966-cı il dekabrın 31-də
dünyasını dəyişib.
Lalə
Mədəniyyət.- 2016.- 15 iyun.-
S.2.