Şabranda Xaqaniyə həsr olunmuş poeziya gecəsi
İyunun 11-də Şabran şəhərində klassik ədəbiyyatımızın görkəmli nümayəndəsi Xaqani Şirvaninin yaradıcılığına həsr olunmuş ənənəvi poeziya gecəsi keçirilib.
Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin, daha sonra şairin abidəsini ziyarət ediblər.
Azərbaycan Yazıçılar Birliyinin (AYB) və rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Şabrandakı Xaqani Şirvani adına poeziya evində keçirilən tədbirdə şairin yaradıcılığından danışılıb, şeir və qəzəlləri səsləndirilib.
AYB-nin sədri, Xalq yazıçısı Anar, Milli Məclisin deputatları - filologiya elmləri doktoru Nizami Cəfərov, yazıçı-publisist Aqil Abbas, şair Qəşəm Nəcəfzadə və başqaları çıxışlarında Azərbaycanın dünyada filosofların, alimlərin, şairlərin vətəni kimi tanındığını qeyd ediblər.
Bildirilib ki, Xaqani Şirvani klassik Şərq poeziyasının bir çox janrlarında yüksək sənətkarlıq nümunələri yaradıb. Əsərləri tezliklə Yaxın və Orta Şərq ölkələrinə yayılaraq müasirlərinin diqqətini cəlb edib. Bədxah saray şairlərinin hücumlarına məruz qalan şair Şirvanı tərk etməyə məcbur olub. Sonra həbs olunaraq Şabran qalasına salınıb və 7 ay burada saxlanılıb. “Şabran şəhəri” Tarixi Qoruğunda aparılan qazıntılar zamanı Xaqani Şirvaninin saxlanıldığı həbsxananın qalıqları da aşkara çıxarılıb.
Rayon İcra
Hakimiyyətinin başçısı Novruz
Novruzov bildirib ki, xalqımız Xaqani Şirvani kimi ədibləri
ilə fəxr edir və bu
irsi daim qoruyub saxlayır. Rayonda Xaqani Şirvani adına Poeziya evinin
yaradılmasının gənc nəslin ədəbiyyata
marağının artırılması baxımından böyük əhəmiyyət
daşıdığı qeyd olunub.
Mədəniyyət.- 2016.- 15 iyun.-
S.5.