Uşaq kitab
karvanı şimal bölgəsindən keçdi
Xəbər verdiyimiz kimi, iyunun 9-da Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, F.Köçərli adına Respublika Uşaq Kitabxanasının təşkilatçılığı ilə növbəti “Uşaq kitab karvanı” layihəsinə start verilib. “Multikulturalizm ili” çərçivəsində həyata keçirilən builki layihə çərçivəsində təşkil olunan səyyar kitab sərgiləri respublikanın şimal bölgəsini - Xızı, Siyəzən, Şabran, Xaçmaz, Quba və Qusar rayonlarını əhatə edib.
Uşaq kitab karvanını ilk qarşılayan Xızı rayon Mərkəzi kitabxanası olub. Heydər Əliyev muzeyi qarşısında təşkil edilən tədbirdə Mədəniyyət və Turizm şöbəsinin müdiri Möhsün Bağırov, İcra Hakimiyyəti başçısının müavini Jalə Süleymanova, mədəniyyət və təhsil işçiləri, məktəblilər iştirak edib.
Uşaqlar sevimli yazıçıları - Zahid Xəlil, Sevinc Nuruqızı, Reyhan Yusifqızı, Gülzar İbrahimova ilə görüşüblər, şeirlər söyləyib, mahnılar ifa ediblər. Uşaqların iştirakı ilə “Nağıl bilicisi” müsabiqəsi keçirilib, fərqlənənlər mükafatlandırılıb.
Yüksək əhval-ruhiyyə ilə keçən tədbirin sonunda Respublika Uşaq Kitabxanası tərəfindən 1000 nüsxədən çox kitab bağlamaları, o cümlədən azsaylı xalqların mədəniyyətini özündə əks etdirən uşaq ədəbiyyatı nümunələri rayon MKS-yə hədiyyə edilib.
* * *
Kitab karvanının növbəti dayanacağı Şabran olub. Rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi və Uşaq Yaradıcılıq Mərkəzində balacaların sevimli yazıçıları ilə görüşü təşkil olunub. Şeir və mahnılar səslənib.
Uşaqlar arasında “İntellektual səviyyəmizi yüksəldək” adlı müsabiqə təşkil olunub. Qalib Respublika Uşaq Kitabxanasının təsis etdiyi “Göy qurşağı” uşaq jurnalına illik abunə ilə mükafatlandırılıb, digər fərqlənənlərə hədiyyələr təqdim olunub.
Sonda rayon MKS-yə 1000 nüsxə kitab bağlamaları hədiyyə edilib.
* * *
İyunun 11-də layihə üzrə növbəti görüş Siyəzəndə gerçəkləşib. İcra Hakimiyyəti, Mədəniyyət və Turizm şöbəsi və digər təşkilat nümayəndələrinin, məktəblilərin iştirak etdiyi tədbirdə uşaq yazarları Sevinc Nuruqızı, Reyhan Yusifqızı, Zahid Xəlil, Gülzar İbrahimova ilə görüş keçirilib. “Ən yaxşı nağıl bilicisi” müsabiqəsinin qalib və fərqlənənləri mükafatlandırılıb. Tədbir kitab sərgilərinin nümayişi ilə başa çatıb. Rayon MKS-yə kitab bağlamaları verilib.
* * *
İyunun 12-də “Uşaq kitab karvanı” Xaçmazda dayanıb. Yazıçılarla görüşdən, uşaqların ifasında şeir və mahnılar səslənəndən sonra burada da “Ən yaxşı nağıl bilicisi” müsabiqəsi keçirilib. Uşaqlar yazıçılara müxtəlif suallar ünvanlayıblar. Sonda Respublika Uşaq Kitabxanası tərəfindən 1000 nüsxədən çox hədiyyə kitab bağlamaları MKS-yə təqdim edilib. Tədbirdə iştirak edən Türkiyə Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) ölkəmizdəki nümayəndəliyinin rəhbəri Mustafa Haşim Polat türk uşaq ədəbiyyatına aid 200 nüsxədən çox kitabı uşaqlara hədiyyə edib.
* * *
İyunun 13-də karvanı Quba rayon Mərkəzi kitabxanası qarşılayıb. Tədbir iştirakçıları səyyar kitab sərgiləri ilə tanış olublar, “Nağıl saatı”na tamaşa ediblər, yaradıcı uşaqların əl işlərinə baxıblar. Məktəbəqədər uşaqların rəqsləri tədbirə xüsusi bir rəng qatıb. “Ən yaxşı nağıl bilicisi” müsabiqəsi keçirilib. Respublika Uşaq Kitabxanası və TİKA-nın Azərbaycandakı nümayəndəliyi tərəfindən MKS-yə kitablar hədiyyə olunub.
Respublikamızın şimal
bölgəsi üzrə “Uşaq kitab karvanı” layihəsinə iyunun 14-də Qusar rayonunda yekun vurulub.
Mədəniyyət.- 2016.- 15 iyun.-
S.6.