Turizm haqqında yeni qanun layihəsi müzakirə olunub

 

 

İyunun 10-da Milli Məclisin Əmək və sosial siyasət komitəsində “Turizm haqqında” yeni qanun layihəsinin ABŞ-Azərbaycan Ticarət Palatasının nümayəndələri ilə birgə müzakirəsi və bu sahədə dünya təcrübəsinə dair dinləmələr keçirilib.

Xatırladaq ki, qanun layihəsi ilkin müzakirədən sonra üzərində lazımi dəyişikliklər aparılaraq əlaqədar qurumlara göndərilib.

Komitə sədri Hadı Rəcəbli deyib ki, layihə dünya təcrübəsinə uyğun hazırlanıb. O, turizmin inkişafının ölkəmizdə prioritet məsələlərdən biri olduğunu vurğulayaraq bu istiqamətdə son zamanlar mühüm addımların atıldığını bildirib.

ABŞ-Azərbaycan Ticarət Palatasının təmsilçiləri, ayrı-ayrı şirkətlərin nümayəndələri ölkəmizdə turizmin inkişafı üçün hökumətlə aparılan dialoqu yüksək qiymətləndiriblər. Qeyd olunub ki, son illər Azərbaycanda infrastruktur daha da yaxşılaşdırılıb, yeni inşa olunan hotellərin sayı artıb. Vizaların sadələşdirilməsi ilə bağlı atılan addımlardan sonra ölkəyə gələn turistlərin sayı ötən illərlə müqayisədə xeyli çoxalıb. Vizaların elektron qaydada verilməsi, “ASAN Vizasisteminin tətbiqi Azərbaycanda böyük potensialı olan turizmin inkişafını daha da sürətləndirəcək. Vurğulanıb ki, Azərbaycana turistlərin səfər etməsi üçün xidmətin səviyyəsi yüksəldilməklə yanaşı, onların təhlükəsizliyi məsələsi də diqqətdə saxlanılır.

Çıxış edənlər qanun layihəsi ilə bağlı verilən təklif və tövsiyələrin sənədin daha da təkmilləşdirilməsi işinə yardımçı olacağını bildiriblər.

 

Mədəniyyət.- 2016.- 15 iyun.- S.9.